"Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır".
Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır:
- Həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Sinoptiklərin məlumatına əsasən iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacağını, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olduğunu xatırladırıq. Onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik.