Qarabağa necə getmək mümkündür? - ŞƏRTLƏR
18 yanvar 2022 11:52 (UTC +04:00)

Qarabağa necə getmək mümkündür? - ŞƏRTLƏR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm sərnişin marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb.

Lent.az-in məlumatına görə, 24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.

Qeyd edək ki, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.

# 21276
avatar

Oxşar yazılar