Qafan aeroportu ilə üzbəüz: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ  - FOTOLENT
07 yanvar 2021 17:45 (UTC +04:00)

Qafan aeroportu ilə üzbəüz: Xudayarla birlikdə yazılan dastan - REPORTAJ - FOTOLENT

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən Zəngilan rayonundan növbəti reportajı təqdim edirik:

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara kim gedirsə, onsuz da elə uça-uça gedir, qəlbində 44 günə düşmən işğalından azad edilmiş torpaqların sevinci, sinəsində Zəfər qazanmış ordunun vüqarı. 27 illik intizar Qarabağa səfər edənləri yuvasına can atan qaranquş kimi özünə çəkir.

Bu dəfə isə həqiqətən Qarabağa uça-uça gedirik. Helikopterimiz işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarının üzərindən keçib getdikcə işğal altında qalmış torpaqlar bizə tamam ayrı rakursdan - Allahın gördüyü məqamdan əyan olur.

Dağılmış evlər, külü göyə sovrulmuş yurd yerləri, cəngəlliyə çevrilmiş şəhərlər, qəsəbələr... Uzandıqca uzanan xarabalıqlar... Hər biri yüzlərlə, minlərlə insanın nisgilindən xəbər verən ocağı sönmüş evlər.

Yurd-yuvalarından didərgin düşmüş, illərlə çadır şəhərciklərində, ağır şəraitdə yaşamağa məcbur qalmış, min cür məhrumiyyətlərlə üzləşmiş insan taleləri...

27 il sonra bu torpaqların, bu yurd-yuvaların qayıtmasına şükür edirsən. İlahi ədalətin bərpasına sevinirsən. Və gözlərin yerdə bu mənzərələrin üzərindən bir ağı kimi keçib gedərkən üzünü özündən yuxarı tutub demək keçir könlündən: Bu dərdə 27 gün belə dözmək olmazdı, sən necə 27 il dözdün, İlahi?!

Amma demirsən, yerə baxma, adam göydə belə küfr şeylər fikirləşməz...

***

Nəhayət, iki saata yaxın uçuşdan sonra helikopterimiz Zəngilanda tozlu-torpaqlı bir eniş edir. Bu yerdə sizi hidrometeoroloji məlumatlarla yormadan bircə onu deyə bilərəm ki, hava qaralmamış özümüzü Bartaz kəndi istiqamətinə yetirməliyik. Bir qədər sonra “Bartaz” sərhəd zastavasının açılışı olacaq, bizi gözləyirlər.

Zastavaya çatar-çatmaz mərasim başlayır. Azərbaycanın dövlət himni səsləndirilir və himnimizin sədaları altında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin “Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımızın qaldırılır.

Zastava Azərbaycan-İran dövlət sərhədində, Araz çayının sahilində yerləşir. Zastavanın digər tərəfi isə Bartaz kəndidir - düşmənin viran qoyduğu kənd.

44 günlük Vətən müharibəsi zamanı DSX-nın hərbi qulluqçuları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunması ilə yanaşı, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin düşməndən təmizlənməsi əməliyyatlarında da iştirak ediblər. Oktyabrın 22-də baş tutan döyüşdə isə Zəngilanın bir neçə kəndi ilə yanaşı, Bartaz yüksəkliyi də düşməndən azad olunub, özü də bir gecəyə! Və sərhədçilərimiz Bartaz dağının zirvəsinə Azərbaycan bayrağını sancıblar. Sabah Bartaz dağına bayrağımızı sancan həmin igidlərdən biri ilə çox cəhd edəcəyik ki, danışaq. Lakin o öz utancaqlığını bir anlıq kənara qoyub bizə göstərdiyi şücaətdən bəhs edəcəkmi? Qoy cavabı hələlik sirr olaraq qalsın.

Bartazdan qayıdarkən yolüstü Sobu, Qaradərə, Qarqulu, Yuxarı Muşlan və başqa kəndlərin yanında dayanırıq. Bu kəndlər də hazırkı vəziyyəti ilə Cəbrayılda, Füzulidə, Ağdamda gördüyümüz kəndlərdən fərqlənmir; yalnız quruca divarları qalmış, çoxu çaydaşından tikilmə evlər və məhzun görkəmləri...

***

Hazırda isə Zəngilanın Məlikli kəndindəyik. Hava qaralır. Bilmirəm, bizim gəlişimizə görədir, yoxsa hərgünkü adətləridir, amma bir azdan əsgərlərimiz yekə bir tonqal qalayacaqlar. Və hamı tonqalın ətrafına yığışıb sərhədçilərimizin 44 günlük Vətən Müharibəsi ərzində göstərdiyi igidlikləri, hər birinə ayrıca dastan bağlanası qəhrəmanlıqları barədə söhbətləri dinləyəcək, bir də 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla irəliləyib düşmənə sarsıdıcı zərbələr endirdiklərini öyrənəcəyik. Onu da öyrənəcəyik ki, məşhur “İtiqovan” ifadəsi məhz bu ildırımsürətli hücumdan sonra yaranıb. Düşmən isə bu sarsıdıcı zərbədən sonra ikinci müdafiə xəttini qurmağa macal belə tapmayıb.

Bu qəhrəmanlıqları sərhədçi igidlərin öz dillərindən də eşidəcəksiniz.

Tonqalın istisi ilə yanaşı, bu söhbətlər də əsgər fincanlarından içdiyimiz çaylara qarışıb canımıza hərarət, ürəyimizə təpər gətirəcək.

Və əlbəttə ki, bu məqamda, ətrafı saran zülmət qaranlığın ortasında dilimləri göylərə yüksələn ocağın işığında şəhid sərhədçi, qəhrəman Xudayarı da yad edəcəyik. Onun pak çöhrəsi gözlərimizdə, müqəddəs ifası qulaqlarımızda bir daha canlanacaq.

Xudayarın adını eşitdikdə alov dilimlərinin göylərə sovqat kimi göndərdiyi qığılcımların dalıyca gözlərimi tuşlayacam və başımın üstündəki parlaq göy qübbəsinə baxıb-baxıb dostum Sərdar Aminin Vətən Müharibəsi şəhidlərinə həsr etdiyi şeiri xatırlayacam:

Keçsə aylar, illər, keçsə nə qədər

Bu gündən dünyanın sonuna qədər

Gecənin bağrında dan döyünəndə

Üfüqlər sürməyi don geyinəndə

Ulduz tək görünüb gözdən itəcək

İki min yeddi yüz səksən üç ürək...

***

Səfərimizin ikinci günü. Yolumuz Ermənistanın Qafan şəhəri ilə həmsərhəd olan Ağkənd və Qazançı kəndlərinədir, hazırda həmin ərazilərdə yerləşən döyüş məntəqələrini görəcək, sərhədçilərimizin xidmət şəraiti ilə tanış olacağıq.

Hələlik isə Oxçuçayın sahili ilə, bəzən keçmiş Zəngilan-Qafan dəmir yolunun üzəri ilə keçib gedir, hərdən də dağların döşünə burulub sərt, sürüşkən, keçilməz “yol”lara üz tuturuq...

Ağkənd döyüş məntəqəsi kəndin girişində yerləşir. Sərhədçilərimiz 24 saat ərzində Ermənistanla sərhəd xəttinin mühafizəsini həyata keçirirlər.

Azərbaycanla Ermənistanın sərhədi boyu Oxçuçayın buzlu suları axır. Çayın o biri üzü Ermənistanın Sünik vilayəti və Qafan şəhəridir. Qafan şəhərinin aeroportu əsgərlərimizin dayandığı mənzildən ovuc içi kimi görünür. Amma əsgərlərimiz, elə biz də Ermənistan ərazisi kimi deyil, doğma torpaqlarımızın bir parçası, qədim Zəngəzur mahalının Qafan şəhəri kimi baxırıq oralara. Sərhədin o üzünü böyük maraq və intizarla seyr edirik. Hətta aramızda ürəyindən keçənləri dilə gətirənlər də olur: “Vaxt gələcək o torpaqlarda da bayraqlarımız dalğalanacaq”. Hətta Prezidentin Zəfər paradındakı çıxışından bir fraqmenti xatırlayanlar da tapılır.

***

Polkovnik Babək Ələkbərov. “Özü də Babək kimi qəhrəmandır”, - hərbçi yoldaşları onu təqdim edəndə deyirlər.

Xudafərin körpüsünə və Zəngilan şəhərinə bayraq sancan və Cənab Prezidentə bu barədə məruzə edən şəxs məhz polkovnik Babək Ələkbərovdur. Müharibədə yaralansa da, döyüş meydanını tərk etməyib, 15 gün ərzində o vəziyyətdə vuruşub.

“Sərhədçilərimiz bir çox ərazilərimizin işğaldan azad edilməsində iştirak edib. Bundan əlavə, Xudafərin istiqamətində 11,5 km sızma əməliyyatı keçirərək düşmənin içərisinə daxil olduq. Həmin ərazilərin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirdik, Arazboyu əməliyyatlarımız zamanı ermənilərin sərhəd zastavaları bizim nəzarətimizə keçdi. Mən Xudafərin istiqamətində və bir sıra başqa əməliyyata rəhbərlik edirdim”, - deyir polkovnik B. Ələkbərov.

- Xudafərinə bayraq sancılmasını Prezidentə Siz məruzə etmişdiniz?

- Bəli, Xudafərinə bayraq sancmaq, Xudafərin körpüsü və ətraf ərazilərin işğaldan azad edilməsini Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət oldu. Ondan bir neçə gün sonra isə Zəngilan şəhərinin düşməndən azad edilməsi tapşırığı verildi. Həmin tapşırıq isə demək olar ki, ikinci Qarabağa müharibəsinin ən sürətli döyüş tapşırığı kimi yadda qaldı ki, 24 saat ərzində 25 km məsafəni döyüş əməliyyatı taktikası ilə irəlilədik və şəhər nəzarətimizə götürüldü. Orda vaxtından əvvəl Zəngilanın müdafiə planının hazırlanması və qruplarımızın yerləşdirilməsi bizim üçün uğurlu gedişlərdən sayıldı. Nəticədə, biz işğaldan azad etdikdən sonra düşmənin Zəngilanı əks-hücumla almaq cəhdi onlara baha başa gəldi.

- Harda yaralandınız?

- Zəngilan uğrunda döyüşlərdə sağ əlimdən yaralandım. Bundan başqa, çənəmdən və sol əlimdən də qəlpə yarası aldım.

Güllə sağ əlinin barmaqları arasından keçib.

- Sümüklər dağılıb, indi əlimin bir hissəsi dəmirdir, - gülümsünür.

Əlinin şəklini çəkmək üçün icazə istəyirəm, əvvəl razılaşmır:

- Ehtiyac yoxdu, biz bunları vətən uğrunda etmişik.

- Yaralanandan sonra da döyüşləri dayandırmadınız...

- Həmin ərazidə müəyyən istiqamətdə qruplara rəhbərliyi mən edirdim. Ona görə də dayana bilməzdim, döyüş davam etməli idi, çox şükürlər olsun ki, biz torpaqlarımızı azad elədik.

- Müharibə zamanı hərbçilərimizin mənəvi hazırlığı hansı səviyyədə idi, bir zabit kimi onlarda hansı hissləri müşahidə elədiniz?

- Demirəm, hamı şəhid olmaq barədə düşünürdü, yəni məqsədimiz dirigözlü ölümə getmək deyildi, sadəcə olaraq, onu dəqiq deyə bilərəm ki, heç kəs sağ qalmaq haqqında fikirləşmirdi. Əməliyyatların icrası zamanı yeganə amalımız qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və düşməni məhv edib torpaqlarımızdan çıxarmaq idi. Bax, hamı bunu fikirləşirdi. Daha ölüm, yaralanmaq haqqında düşünmürdük. Hər kəs şücaətlə döyüşürdü. Necə ki, mən, eləcə də digər zabit-gizirlərimiz yaralansalar da, döyüşür, yaralansalar da, geri çəkilmirdilər. Əksinə belə hallar onları daha da coşdurur, hiddətləndirirdi.

- Siz həm də Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldünüz.

- Bəli, mən Cənab Prezident tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüm, eləcə də bir çox döyüşçü yoldaşlarım fəxri ad, orden-medallarla təltif olundu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza isə şəfa diləyirik. Bütün bunlar qürurlandırıcıdır. Şəxsən mənim Vətən Müharibəsi Qəhrəmanı adını almağım, həm Xudafərin, həm də Zəngilanın işğaldan azad edilməsini Cənab Ali Baş Komandana məruzə etməyim, xüsusilə qürurvericidir. Mən qürur duyuram ki, qalib Prezidentin, qalib ordunun, qalıb xalqın zabitiyəm.

***

Növbəti dayanacağımız Ağkəndlə Qazançı məntəqələri arasındakı postdur. Buradakı yüksək zirvədə, Qafan aeroportunun qarşı tərəfində Azərbaycan bayrağı dalğalanır. Ermənistanın Sünik vilayətindən bu bayraq aydın şəkildə görünür və yeri gələndə buradan düşmənə meydan oxuyur, barmaq silkələyir.

Soyuğa, şaxtaya, qara baxmayaraq, hərbçilərimiz bayrağımızın yanında mühafizə təşkil ediblər.

Yeri gəlmişkən, qeyd edək ki, Zəngilanın Ağkənd və Qazançı istiqamətləri 10 noyabr müqaviləsindən sonra döyüşsüz geri qaytarılıb.

Sərhədin bu üzü dağılmış evlər, sıradan çıxmış yollar, yer üzündən silinmiş kəndlərdirsə, o üzü zavodlar, su bəndləri, aeroport, binalar və sair infrastrukturdur. İstər-istəməz belə bir sual yaranır: Ermənilər Ağdamın, Füzulinin, Cəbrayılın, eləcə də başqa rayonların gec-tez qayıdacağını bildikləri üçün 27 il ərzində o ərazilər köklü məskən salmadılar, heç nə qurub yaratmadılar. Bəs nə əcəb Qafan şəhərinin yanında yerləşən Qafan-Gorus magistral xəttinin bir addımlığından keçdiyi Qazançıda (eləcə də Ağkənddə) heç olmasa balaca bir daxma da tikməyiblər? Görünür, ermənilər onlara aid olmayan hər qarış torpağın belə gec-tez əllərindən çıxacağından əmin olublar.

***

Bu da Bartaz yüksəkliyinə bayraq sancan heyətdə döyüşmüş hərbçilərimizdən biri kiçik gizir İsi İsmayılov. Hazırda bizi bu dağlara gətirən maşınlardan birini o idarə edir. Sizə asan gəlməsin, bu keçilməz yollarda maşın idarə etmək döyüşmək kimi məharət və şücaət tələb edir.

Nə qədər cəhd etsək də, danışmaqdan imtina edir. Deyir ki, onunla çiyin-çiyinə vuruşanların hər biri qəhrəmandır. Ona görə də xüsusi nəsə deməyə ehtiyac duymur.

Yaxşı ki, onun əvəzinə başqa bir gizirimiz, Məcid Seyidov danışmağa razılaşır.

Ona hərbçi dostları öz aralarında Seyid deyə müraciət edirlər.

Gizir M. Seyidov da polkovnik B. Ələkbərovun rəhbərlik etdiyi heyətdə döyüşən hərbçilərdəndir: “Bu döyüşlər bizim üçün çətin olmadı. Çünki Cənab Ali Baş Komandan və Xidmət Rəisimizə 27 illik həsrətə son qoyacağımıza söz vermişdik. Komandirimiz polkovnik Ələkbərov əlindən qan axa-axa, yaralı-yaralı 15 gün müddətində dayanmadan döyüşlərə rəhbərlik elədi. Bizi dəfələrlə pusquya saldılar, bizə qarşı təxribat da törətdilər, buna baxmayaraq, inamla irəli getdik və istəyimizə nail olduq. Şükür Allaha ki, bu gün başımız dikdir. Cənab ali Baş Komandanın qarşımıza qoyduğu tapşırığı layiqincə yerinə yetirdik. Ən əsası da Vətənimizin ərazi bütövlüyünü təmin elədik”.

“Döyüş zamanı minomyot qəlpəsindən, güllədən yaralananlar da olurdu. Lakin hər birimiz o yolu tutmuşduq ki, irəli getməliyik. Təki Vətən sağ olsun! Əlbəttə artıq halı özündən olmayan, hərəkət qabiliyyətini itirən yaralılarımız təxliyə edilirdi. Lakin biz elə gəlirdi ki, şəhidlərimiz və geridə qoyub gəldiyimiz ağır yaralılarımızla çiyin-çiyinə vuruşmağa davam edirik. Ona görə də qətiyyətlə qələbə çaldıq!” - Seyid deyir.

***

Qazançı döyüş məntəqəsi Azərbaycanla Ermənistan sərhədində yerləşən Qafan-Gorus magistral yolunun yüz metrliyindədir. Sərhədçilərimiz həmin yola birbaşa nəzarət edir. Məntəqənin yuxarısında isə Azərbaycan bayrağı yüksəlir. Hər dəfə o yoldan hərəkət edən erməni avtomobilləri bayrağımızın altından keçib gedirlər.

Bir maşın saxlayır. Bizi süzür. Sonra sürüb gedir.

Çox yox, cəmi dördcə ay əvvəl Qafan-Gorus yolundan keçib gedən ermənilər dağlara, meşələrə tamaşa edirdilərsə, indi hər dəfə üçrəngli bayrağımızı, igid sərhədçilərimizi görüb həyəcanlanır, çox yəqin ki, qorxuya düşürlər. 

***

Bu dağların qoynunda hazırda xidmət göstərən zabit və gizirlərin hər biri Vətən Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi uyğurunda döyüşlərdə iştirak edib, hazırda isə bir sərhədçi kimi öz xidmətlərini davam etdirirlər. Onlardan biri də Qazançı döyüş məntəqəsinin məntəqə rəisi, baş leytenant Ömər Məmmədzadədir. O, müharibə başlayan ilk gündən Cəbrayıl və Zəngilan istiqamətində vuruşub: “Həmin müddətdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı bölmələrinin tərkibində iştirak elədik və Azərbaycanın Zəfər bayrağını işğaldan azad olunmuş ərazilərə sancdıq. Hazırda isə Ermənistanla sərhədlərimizi mühafizə edirik. Bu vəzifələrin icrası bizdə şərəf doğurur”.

Sərhədçilərimizi bu vüqarlı dağlara tapşırıb geri qayıdırıq. Yolda ermənilərin Zəngilanı tərk edən zaman müdafiə təşkil etmək məqsədi ilə qazdıqları istehkamlar qabağımıza çıxır. Bu istehkamlar tankların irəliləməsinin qarşısını almaq məqsədi ilə qazıldığı üçün xəndək formasında, dərindir. Lakin onların bu cəhdləri də əhəmiyyətsiz olub. Geri çəkildikcə yollarda gördüyümüz dağılmış körpülər, tank əleyhinə qazılmış onlarla istehkam, istehkamların kənarına düzülmüş nəhəng avtomobil təkərlərindən təşkil olunma sədlər də düşmənin müdafiəni qorumağına imkan verməyib.

Səfərimiz yekunlaşır. Yenidən helikopterlərimzə minib havalanırıq.

Səmadan Ermənistan Silahlı Qüvvələrinin yaratdıqları istehkamlara, səngərlərə, müdafiə sədlərinə baxıram. Dağların döşündə, düzün ortasında qazılmış bu istehkamlar, səngərlər, müdafiə sədləri ilan-qurbağa yazılarına, müəmmalı geoqliflərə, sirli Naska xətlərinə bənzəyir. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən, özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirən Perudakı qəribə Naska xətlərinin yaranma səbəbi elm üçün hələ də müəmmalı olsa da, bizim üçün daha bu “ilan-qurbağa geoqliflər”in bir əhəmiyyəti qalmayıb. Azərbaycan Ordusu 27 illik həsrətdən, intizardan sonra cəmi 44 gün ərzində ermənilərin sözdə keçilməz, sirri çözülməz istehkamlarının, sədlərinin sirrini açdı, sehrini pozdu.

Bundan sonra varsın gəlsin, dünya bu şücaətimizə tamaşaya dursun...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8208
avatar

Oxşar yazılar