Ölümlə rəqs edənlər, bunları “ağzı açıq” izlədik - REPORTAJ
14 aprel 2023 18:28 (UTC +04:00)

Ölümlə rəqs edənlər, bunları “ağzı açıq” izlədik - REPORTAJ

Bu gün uşaqlar üçün sehirli-sirli olan bir dünyadan danışacağıq. Əslində uzaqda baxanda bu sadəcə bir binadır.

Böyük və əzəmətli bir bina…

Hansı ki, bu bina özündə elə bil həmişə qəribə bir karnaval əhvalı gizləyir. 

Söhbət 56 yaşlı Bakı Dövlət Sirkindən gedir. 

Maraqlı arxitekturaya malik binanın özü bu gün də “kökdən düşməyib”. Onu xatırladaq ki, bu binanın memarları Ənvər İsmayılov və Faina Leontyevna olub.

Bəs, Azərbaycanda sirkin əsası necə qoyulub?

1904-cü ildə rusiyalı Nikitin qardaşları keçmiş "Tarqovı" və "Bolşaya Morskaya" küçələrinin tinində sirk-teatr inşa etdirdilər.

Bu, Şərqdə ilk sirk-teatr idi.

Bu sirkdə mütəmadi olaraq Nikitinlərin rəhbərlik etdiyi qrup çıxış edirdi. Taxtadan tikilmiş bu bina 1906-cı ildə yanıb. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa ediblər. 

1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində, başqa bir sirk binası tikiblər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv edib və çox keçmədi ki, Kudryavtsev burada öz sirkini qurdu. 

1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradılıb. Kollektivin "Azərbaycan toyu" adlı ilk proqramın musiqisi isə bəstəkar Üzeyir Hacıbəyova həvalə edilib.

Bu tamaşa zamanı səhnədə Azərbaycan toyu, qədim adət və ənənələr canlandırılır, xalq çalğı alətlərinin müşayiəti ilə milli rəqslər və sirk nömrələri ifa edilirdi. 

Bu gün Bakı Dövlət Sirki fərqli və maraqlı tamaşaları ilə öz fəaliyyətini davam etdirir. 

Bakı Dövlət Sirki bu ilin yaz mövsümündə “DZİVA” sirk şousunu nümayiş etdirməyə başlayıb.

Elə bu məqsədlə də Lent.az-ın əməkdaşları sirkin binasında və səhnədə baş verənlərdən xəbərdar olmaq üçün Bakı Dövlət Sirkinə üz tutub.

Sirk binasının sanki özünəməxsus qoxusu olur. Uşaq yaşlarından bu qoxunun burada saxlanılan heyvanlarla bağlı olduğunu deyirdilər. Elə binanın içərisinə girən kimi həmin qoxu ilə yenə qarşılaşdıq.

Dəhlizdən sirkin işıqlı arenasına keçirik. 

Burada uşaqların sevincini, şən əhval-ruhiyyəsini hiss etməmək qeyri-mümkündür. Sanki qapıdan içəri girdikdə bu sehrli dünya insanı öz ağuşuna alır.

Tamaşa başlayarkən arenada artistlərin maraqlı çıxışlarına başımız necə qarışdısa, orkestrin solistlərinin toplaşdığını hiss etmədik. Səhnənin işıqları, musiqi, rəngarəng nömrələrin bir-birini əvəz etməsi insanın gözlərini qamaşdırır.

Öz ustalıqları və gimnastik hərəkətləri ilə tamaşaçıların diqqətini cəlb etməyi bacaran gimnastlar yerdən 23 metr yüksəklikdə müxtəlif akrobatik hərəkətlər edirlər.

İdman və incəsənəti birləşdirən bu tamaşa səhnədə fərqli ab-hava yaradır.

Arenada illüziya, akrobatika, hava və parter gimnastikası, jonqlyorluq, bir sözlə, janrın bütün növləri nümayiş etdirilir.  

Sadə göründüyü qədər mürəkkəb olan bu tamaşaya hər kəs gözlərini ayırmadan böyük həvəs və bir o qədər qorxu filmi kimi izləyir. 

Aerialistlərin torda və trapesiyada cəsur çıxışları, necə deyərlər, insanın ürəyini ağzına gətirir. Bu qorxu isə onların bir qar dənəcəyi kimi havada uçuşmasından irəli gəlir. 

Sirkin orkestrinin repertuarı isə Azərbaycanın estrada, xalq mahnıları, xarici və yerli kinofilmlərdən musiqilər əsasında qurulub. Tamaşalarda caz kompozisiyalarına da geniş yer verilib. 

Burada hər bir tamaşa cəsarət nümunəsidir. Böyük auditoriya qarşısında ölümlə rəqs edənlərindir bu səhnə…

Orada ən təhlükəli işlərdən biri ilə də pələnglərin baş təlimçisi Rostislav Qavrılovdur. Onun çıxışlarını hər kəs böyük maraqla gözləyir. 

Bəli, budur… Rostislav Qavrılov şir və pələglərlə arenaya daxil olur.

Rostislav arenada bu böyük və qorxunc pişiklərlə sanki uşaq kimi əylənir. Bir-birindən fərqli pələnglər Rostivlavın göstərişi ilə müxtəlif akrobatik hərəkətlər edir. Təlimçi onlarla elə səmimi rəftar edir ki, sanki pələnglər də onu öz doğması kimi tanıyır. 

İndi isə keçək, jonqlyor Pavel Rujiloya. Onu da heyrətsiz izləmək mümkün deyil. Kloun sənətinin tanınmış simaları – Oleq fon Suvorov və Andrey Jiqalov dueti, həmçinin proqramın süjetinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları tamaşaçıların xüsusilə də uşaqların rəğbətini qazanmağı bacardılar. 

Əlbəttə ki, sirkin səhnə arxasında baş verənlər isə hər kəs üçün həmişə sirr olaraq qalıb.

Elə məhz sonrakı yazımız da bu barədədir.

Lent.az-da qalın…

FOTO: Orxan KƏRİMOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5046
avatar

Arzu Qurbanlı

Oxşar yazılar