“Oboylar hamısı qopub tökülür...”  – Bakı yağışından deyinənlər
16 aprel 2025 15:29 (UTC +04:00)

“Oboylar hamısı qopub tökülür...” – Bakı yağışından deyinənlər

Yəqin, ən romantik cütlüklər belə bu yağan yağışlardan poeziya çıxara bilməzlər. Çünki heç kim küçədəki böyük gölməçələrdən tullana-tullana keçib yaş corablarla Hüseyn Arifin "Yağış yağır, sevgilim" şeirini deməz.

İşə gedirəm. İslanmamaq üçün gölməçələrin ortasına atılan daş parçalarına basa-basa yolu keçirəm. Çox vaxt bu daş parçaları asimmetrik və bir-birinə aralı olur deyə, gölməçənin içinə yıxılıb "yağışdan qaçarkən yağmura tutulanları" gözlərimlə görmüşəm.

Bir sürücü maşını yol kənarındakı dükanın qarşısında saxlayıb tanışı olan satıcını çağırır:

- Sabir... Ay Sabir... "Prius"u satıram. Gör, qarşına yaxşı qayıq çıxsa, xəbər elə, bundan sonra "taksavatlığı" qayıqla edəcəm. 

Küçənin başından sürətlə gələn maşın yolda axan suyu insanların üstünə sıçradır. Kənara çəkilirəm. İslanan insanlar sürücünün arxasınca danışır, söyür, qarğış edirlər.

Nəhayət, dayanacağa çatıram. Heç nə verməməyimə rəğmən hər dəfə dayanacaqda pul istəyən dilənçi xala da "işə çıxmayıbsa", demək, vəziyyət, doğrudan, ciddidir. Amma dayanacaqda  xeyli adam var. Hamı avtobus gözləyir. İki nəfərin əlində qırıq çətir var. Dayanacağın örtüyü balaca olduğuna görə, hamı altına sığışmır, ancaq uşaqlar və qadınlar orada dayanıb. Kişilər isə yağışın altında avtobusun gec gəlməsindən şikayətlənir:

- Bircə qırıq yağış yağdısa, vəssalam. İşimiz Allaha qalır...
- Hələ bunun axşam qayıtmağı var. Oğulsan, axşam avtobus tap!
- Dünən bundan zəif yağırdı, gecə 11-də gedib çıxmışam evə. Bu gün, Allah bilir...

Avtobus gəldi. Hamı bir-birini itələyə-itələyə, sürücüyə deyinə-deyinə avtobusa doluşur. Sürücü özünü müdafiə edir:

- Ay qardaş, mənlik bir şey yoxdur. 1 saatdır "probkadayam". Bizim camaatı bilmirsən? Yağış yağan kimi hamı yavaş sürür. Yollar da bağlıdır.

Sürücüyə heç kim qulaq asmır. Su hamının burnundan, qulaqlarından, saçlarından süzülüb avtobusa tökülür.... 

Mərkəzi Bankın qarşısında avtobusdan düşürəm. Daha doğrusu, düşməyə çalışıram. Külək imkan vermir. Qarşıdan gələn xanımın da əlində qırıq bir çətir var. Güclü yağışa rəğmən, ümumiyyətlə, 2-3 nəfər istisna olmaqla əlində çətir olan adam görmədim. Çünki hamı Bakının "xasiyyətinə" bələddir. Bakının çətirlərdən zəhləsi gedir. Bu şəhərin küləyinə çətir dözmür: Ya əlindən alıb aparacaq, ya çətiri tərs çevirəcək, ya da qırıb atacaq. 

Bina evlərinin əksər camaatı binanın qarşısında dayanıb çarə axtarırlar: Zirzəmiyə dolan yağış suyunu necə çəkib çıxaraq? Harasa zəng edən (böyük ehtimal, hansısa aidiyyəti qurum) kişi problemindən danışır:

- Mən bu binanın birinci mərtəbəsində yaşayıram. Bütün binanı, zirzəmini su basıb. Evimdə rütubətdən nəfəs almaq olmur. Oboylar hamısı qopub tökülür...

Metroya gedirəm. Yolun kənarındakı kanalizasiya quyularının bir çoxu dolub və ətrafında gölməçə yaranıb.

İnsanlar gölməçədən tullana-tullana keçib gedirlər. Ən maraqlısı isə budur ki, bayaqdan bəri bir nəfər belə olsa, aidiyyəti qurumlara aid texnika, işçi görmədim...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6284

Oxşar yazılar