Mətbuat Şurası:  “Real TV”nin əməkdaşlarının fiziki təzyiqlə üzləşməsi yolverilməzdir
29 oktyabr 2026 13:29 (UTC +04:00)

Mətbuat Şurası: “Real TV”nin əməkdaşlarının fiziki təzyiqlə üzləşməsi yolverilməzdir

0

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

Lent.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının açıqlamasında deyilir.

Bildirilib ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.

Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir.

Şura bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir: “Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir”.

Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.

“Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək”, - açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar