Cəmiyyətdə sağlam inkişafın və davamlı tərəqqinin əsas şərtlərindən biri fikir, söz və məlumat azadlığının təmin olunması, eləcə də müxtəlif baxışların sərbəst şəkildə ifadə olunduğu plüral mühitin formalaşmasıdır. Çünki fərqli düşüncələrin səslənmədiyi, alternativ fikirlərin müzakirə predmetinə çevrilmədiyi bir məkanda nə yenilik yaranır, nə də ictimai problemlərə real çıxış yolları tapmaq mümkün olur. Məhz buna görə də plüralizm təkcə media üçün deyil, bütövlükdə cəmiyyətin intellektual səviyyəsi, demokratik mədəniyyəti və sosial dinamizmi üçün vacib göstərici hesab edilir.
Son illər informasiya mühitinin sürətlə dəyişməsi, internet mediasının genişlənməsi və sosial şəbəkələrin təsir gücünün artması söz və fikir azadlığı məsələsini daha da aktuallaşdırıb. Bir tərəfdən, insanlar daha rahat danışır, mövqelərini ifadə edir, digər tərəfdən isə informasiya təhlükəsizliyi, manipulyasiya və dezinformasiya kimi çağırışlar gündəmə gəlir. Bu isə cəmiyyət qarşısında yeni suallar yaradır: söz azadlığının sərhədləri haradadır, milli təhlükəsizliklə azad fikir arasında “qızıl orta” necə tapılmalıdır və media bu balansı necə qoruya bilər?
Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, cəmiyyətin inkişafı birbaşa söz və fikir plüralizminin olması ilə əlaqəlidir:

“Hər bir cəmiyyətin inkişafı orada söz azadlığı və fikir plüralizminin olması ilə əlaqədardır. Söz azadlığı olmasa, insanlar fərqli fikir səsləndirə bilməz, fikir plüralizmi yaranmaz, bu isə öz növbəsində sözün kasatlığı ilə nəticələnər. Cəmiyyəti fərqli fikirlərlə zənginləşdirən sosial təbəqə var. Fikir istehsal etmək ən çətin işlərdən biridir, çünki yenilik, fərqlilik yaratmağın özü istehsalat prosesidir. Ona görə də, savadlı cəmiyyətdə qarşılıqlı münasibətlər bir-birini tamamlayır, yəni söz və mətbuat azadlığı fikir plüralizmini, fikir plüralizmi isə söz və mətbuat azadlığını təyin edir. Azərbaycanda bu iki komponentin hər ikisinin real sosial-siyasi proseslərdə hüquqi əsasları var, Konstitusiyada da bu məsələlər öz əksini tapıb. Bu zaman isə ortaya başqa sual çıxır: informasiya təhlükəsizliyi məsələsi bu qarşılıqlı münasibətlərdə haradadır? Burada “qızıl orta”nı tapmaq necə mümkündür? Bu çox çətin və aktual məsələdir, çünki bu gün məhz söz və mətbuat azadlığını təmin edən media subyektləri tərəfindən bəzən təhlükəsizliyi təmin etmiş ölkənin təhlükəsizliyi təhdid olunur. Ona görə də milli təhlükəsizlik məsələləri ilə söz və fikir azadlığı arasında elə bil “qızıl orta” tapmalıyıq ki, bunun biri digərinə zərər verməsin. Bu da cəmiyyətin intellektual səviyyəsi ilə bağlıdır. Hər bir ölkənin milli informasiya məkanı qlobal informasiya məkanından ixrac olunan məlumatların təzyiqi altında sıxılır. Milli cəmiyyətlər tərəfindən idxal edilən informasiyalar isə manipulyativ, subliminaldır. İnformasiya hazır silah kimi təqdim olunur. Onları istehlak edən zaman düzgün qavraya bilməsək, içərisindəki hansı komponentlərin bizi haraya yönlədirdiyinin fərqinə vara bilməsək, özümüz cəmiyyət üçün təhdidə çevirilirik. Manipulyasiya deyilən ifadənin etimoloji izahı insan şüurunun gizli şəkildə idarə olunması deməkdir. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti savadlıdır, lakin texnologiyalar, internet resursları, informasiyadan silah və alət kimi istifadə edən mərkəzlər daim bu prosesi təkmilləşdirdiyi üçün cəmiyyətdə də savadlanma surəti o həddə çatmalıdır ki, onların fərqində olsun. Buna görə də Medianın İnkişafı Agentliyi davamlı olaraq media savadlılığı məsələsini gündəmə gətirir. Mənə elə gəlir ki, bu çox haqlı məsələdir. Yalnız savadlı vətəndaşlar yetişdirən dövlətlər informasiya müharibəsi və mübadiləsi prosesində öz milli maraqlarını və təhlükəsizliklərini qoruya bilərlər”.
BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Lent.az-a açıqlamasında qeyd edib ki, plüralizmə daha çox internet mediasında rast gəlmək olur:

“Çağdaş azad medianın əsas göstəricilərindən biri orada müxtəlif fikirlərin (plüralizm) əks olunmasıdır. Media öz səhifələrində, ekranlarda, efirlərdə fərqli fikirləri verməklə, cəmiyyətdə fikir palitrasını yaradır. Diskusiyalarda, məsələlərə münasibətdə plüralizm əsas göstəricilərdən biridir. Bu yoxdursa, demək, cəmiyyətdə həm fikir yoxsulluğu, həm də mətbuat azadlığı ilə bağlı problemlər var. Azərbaycan mediasında, saytlarda müəyyən fikir plüralizminə rast gəlmək olur, ancaq təəssüf ki, yazılı mediada bunu kifayət qədər görmürük. Bu da o deməkdir ki, həmin mediada müxtəlif fikirlər yer almır, diskusiyalarda əsas fikrə alternativ olan fikir özünü göstərmir. Bunların hər biri plüralizmin yazılı mediada axsadığını göstərir, lakin internet mediasında müəyyən qədər çalarlar özünü göstərir”, -deyə, professor fikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa Lent.az-a açıqlamasında qeyd edib ki, jurnalistlər qanunvericiliyin tələblərinə uyğun olaraq fikirlərini açıq deməyi bacarmalıdırlar:

“Plüralizm yalnız islahatlarla gerçəkləşmir, bu, bütövlükdə cəmiyyətin problemidir. Ona görə də media o vaxt bu məsələni özünün əsas prinsipinə çevirə bilir ki, cəmiyyətdə danışmaq istəyən, problemləri dilə gətirən, fərqli fikirləri ifadə edən qüvvələr çox olur. Bu proses də medianın öz işini asanlaşdırır. Amma qanunvericilik səviyyəsində hər bir iş görülüb. Bundan sonrası artıq jurnalistlərin cəsarətinə, məsələyə yanaşma üslubuna qalıb. Jurnalist bir az daha açıq şəkildə və peşəkar formada qanunvericiliyin tələblərinə uyğun şəkildə cəmiyyəti bilgiləndirməli və fərqli fikirləri gündəmə gətirməyi bacarmalıdır. Təbii ki, qanunvericiliklə bağlı olan hansısa məqamlara baxmaq olar, bütövlükdə isə daha çox praktikada bunun necə mövcudluğu məsələsi önəmlidir. İslahatlar jurnalistlərin özləri üçün də aydın istiqamət müəyyən edəcək və onlar bundan sonra daha peşəkar formada məsələlərə baxışlarını ifadə edəcəklər”.
Yazı Medianın İnkişafı Agentliyinin “fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
