"Maddə asılılığı insan bədəninin bir və ya bir neçə funksiyasına eyni zamanda mənfi təsir edən maddələrin zərərinə baxmayaraq qəbulunu dayandıra bilməməsidir".
Lent.az məlumat verir ki, bu sözləri Respublika Narkoloji Mərkəzin baş direktor müavini narkoloq İlham Məmmədov deyib. O bildirib ki, narkotik aludəçisi hər vəziyyətdə narkotik maddəni almaq üçün nəzarətsiz bir istək hiss edir:
"Zamanla maddə istifadəsini və dozasını artırır. Vaxtının çox hissəsini qəbul etdiyi narkotik maddənin axtarışına sərf edir. Zaman keçdikcə dərmanlar beynin neyronlarında yeni bir nizam yaradır və insanların həyatdan daha az zövq almasına səbəb olur. Bu vəziyyət beynin qərar qəbul etmə, öyrənmə, yaddaş, yuxu, duyğu və davranış üzərində nəzarəti ilə əlaqəli bölgələrinə mənfi təsir göstərir. Asılılıq verən maddələr insanın koordinasiyasına mənfi təsir göstərir, qeyri-müəyyənliyə səbəb olur, idmana və sürücülük qabiliyyətinə xələl gətirir. Ölüm riski ilə üzləşən bu insanların özlərini harada və necə tapacaqları bəlli deyil. Asılılıq yaradan maddələrin istifadəsi zamanla narahatlıq, qorxu, düşmənçilik və paranoyaya səbəb olur. Asılılıq yaradan maddələrdən istifadə etdikdən sonra, adam dediyi sözləri və ya etdiyi davranışı xatırlamaqda çətinlik çəkir".
İ.Məmmədov son olaraq qeyd edib ki, maddə asılılığından qaçmağın ən yaxşı yolu ona heç vaxt başlamamaqdır.