Onu “tapmaq” üçün valideynləri Allaha qurbanlar demişdilər, bütün ziyarətgaları, pirləri bir-bir gəzmişdilər…
Bir oğlu olacağını eşidəndə atası əhd etmişdi: “Körpəm sağ salamat dünyaya gəlsin, adını Ziyarət qoyacam”.
Allah onlara elə bir oğul verdi ki, düşmən çəpəri oldu, sinəsini dost yolunda, vətən yolunda sipər etdi.
Ziyarətdən sonra Allah bu evə daha bir oğul payı verdi. Bir bacı, iki qardaş idilər. Uşaqlıqdan cəsur, qorxmaz idi. Həbi xidmətdən sonra qalıb gizir kimi xidmət edəcəyini bildirmiş, valideynləri etiraz etməmişdilər. Sakit, mülayim insanlardır ata-anası. Əllərinin qabarıyla, torpaqla, əkin-biçinlə çalışa-çalışa, alın təri ilə övlad böyüdüblər.
Günlərin birində Ziyarəti öz xalası qızı ilə evləndirib, toyuna sevinmişdilər. Bir oğlu olmuşdu. Amma nə doyunca qoxusunu almışdı, nə öpüb oxşaya bilmişdi. Əlinur balasını. Günü dağda-daşda keçirdi. Bir hərbiçinin ailəsi olmaq alovdan köynək geyinmək, nigaran günlər, yuxusuz gecələr keçirmək deməkdir.
Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin kiçik giziri Hüseynov Ziyarət Mayıl oğlu Aprel döyüşlərinin də, 44 günlük müharibənin də iştirakçısı olmuşdu. 44 günlük müharibədə yaralanmış, qazi adından imtina edərək yenidən xidmətə qayıtmışdı.
Ziyarət barəsində Lent.az-a danışan yaxın qohumu İradə İsayeva onunla bağlı elə məqamlara toxundu ki, eşitdikcə təsirlənməyə bilmirsən:
“Hamıya can yandıran uşaq idi, ailəsini çox sevirdi. Dindar, namaz qılan oğlan idi, az yaşı olmasına baxmayaraq, tayfamızda hörməti var idi. Bu gün bacısı bilirsinizmi, mənə nə dedi? Qapılarından çoxlu bayraqlar asılıb. Bayraqları mənə göstərib dedi ki, ay İradə, Ziyarət bu bayrağı bilirsən, nə qədər sevirdi. Həmişə hərbi formasının cibində, ürəyinin üstündə bükülmüş bayraq gəzdirərdi. Agladım, dedim, gör bu uşağın qəlbində vətənə, torpağa, bayraga nə qədər sevgi var imiş ki, şəhid oldu”.
Sentyabrın 12-si, gecə saatları… Qızğın döyüşlər gedir… Bu döyüş Ziyarətin son döyüşü oldu...
Yaralı komandirini xilas edir. Digər yaralanan yoldaşlarını da xilas etməyə gedir.
Dostları ona güvənir, yanlarında olanda arxayınlaşardılar. Bilirdilər ki, ölər, amma dosu darda qoymaz.
Məhz elə dost, silahdaşlarının həyatını xilas edərkən şəhid oldu Ziyarət. Yaralı yoldaşlarını ərazidən çıxararkən düşmən snayperindən açılan gülləyə tuş gəlir… O gecə Ziyarət şəhidlik zirvəsinə yüksəldi.
Şəhidimiz bu gün böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!