Nə çətindir sənə vida etmək. Bu qədər yaxşılıqdan, xeyirxahlıqdan sonra bu pisliyi bizə necə etdin? Belə bir böyük ağrı-acı ilə dostlarını baş-başa buraxdın. Bu heç sənə oxşamadı, bacı...
Biz onunla mediaya eyni zamanda gələn nəslin nümayəndələrindənik. Bəzi həmkarlarım inciməsin 90-ların sonunda jurnalistikaya gələn gənclik tamam fərqli idi. O çətin zamanlarda, gözü qan ağlayan Azərbaycanım sanki bu mediaya xüsusilə hamilə qalmışdı. Fələyin ələyindən keçib jurnalistikada qalanların isə bircə amalı, bircə eşqi var idi – Vətən! Bu aşiqlərin başında gedənlərdən biri də Qənirə Paşayeva idi.
Əsl türk sevdalısı, bir qarış torpaq üçün gözüyumulu özünü oda atan, haqqı tapdanan sadə vətəndaşın yanına hamıdan əvvəl qaçan, yeri gələndə məmurlarla belə döyüşə çıxmağı bacaran biri idi bizim bacımız. Özü elə şirin bacı deyirdi ki... Elə təkcə bu sözü üçün, burnumuzun ucu göynəyəcək.
O sonra Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı oldu, amma heç vaxt özünü kənara çəkmədi, jurnalistlərin harayına ən birinci o çatdı.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. Düzünü deyin, heç indiyə kimi bu cür təvazökar sədr görmüşdünüz?
Nəinki dostlarından, deyərdim ki, bütün Azərbaycanda hər evdən getdi Qənirə Paşayeva. Bizlər dostumuzun hansı qeyrətdə olduğunu yaxşı bilirdik, onu ilk dəfə görən gənc həmkarlarımız isə təəccüblənirdi. Onlardan Məhəmməd Türkmən sosial şəbəkədə belə yazır:
“Mən Qənirə xanımı Tovuz döyüşlərində tanıdım. Ondan başqa heç kim gəlməmişdi. Mərmi düşdü yaxınlığa, büdrəyib yıxıldı, qolunu əzdi. Yenə camaatın yanında oldu. Kənddə idik, evi vurdular. Dedi gedək ora. "Ora yenə vurula bilər" dedik, dedi gedirəm, birdən kömək lazım olar. Mərd və qorxmaz qadındı. O, "Qənirə gəlsin" çağışırındakı ümiddir...”
Qənirə heç vaxtdan canından qorxub geri durmadı. Hamının harayına qaçdı bircə öz canının yox. Özünü ən sonuncu yerə qoydu. Nəinki bizi, bütün türk dünyasının kədərə bürüyüb getdin, bu vəfasızlığını necə bağışlayaq?
Ən işgüzar jurnalistlər belə onun fəaliyyət trafikini izləməyə çətinlik çəkirdi. Səhər tezdən Tovuzdan xəbər göndərən deputatı, bir az sonra Türkiyədə qatıldığı bir tədbirdə görürdük, axşam isə hansısa Avropadakı səfirliklərimizin birində insanlarla müzakirəyə qatılırdı. Oradan başı alovlu gəlib ölkəmin ən ucqar kəndində kiminsə harayına özünü çatdıra bilirdi. Sonra da Milli Məclisin binasına bütün zərafəti və gözəlliyi ilə daxil olub iclasdakı ən gərgin müzakirələrə cəsur döyüşçü kimi qatılardı.
Bu qədər ağır iş qrafikinin içində o bir dost-tanışını unutmaz ad günlərində, el şənliklərində iştirak edər, xəstələri ziyarət edərdi. Onun haqqında yazılacaq, danışılacaq o qədər hadisə, xatirə, faktlar var ki... Kitab belə yazmaq olar.
Bir çox şey kimi tez öləcəyini də bilirdi sanki:
“Hamımız bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra... Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb geri dönəcək. Onlar da bizi tərk edəcək. Bizdə nə qalacaq? Bir şey - bir il, iki il, üç il sonra kimsə xatırlayanda, deyəcək, adam kimi adam idi. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Bəlkə 50 yaşa çatmadım. Sufilərin o düşüncəsini qəbul etmiş insanam. Mənim üçün bu gün və bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Çünki bilmədiyim şey mənim deyil”.
Ölümünə elə hazırlaşırdı ki... 2013-cü ildən vəsiyyətini belə etmişdi:
“Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Bəli, əziz oxucum, mən artıq orqanlarımı bağışladım! Ölümümdən sonra bəzi orqanlarımın başqa bir insanın yaşaması üçün istifadə edilməsinin savab bir iş olduğunu düşünürəm. Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın, ağır durumda olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Onların üzünün yenidən gülməsinə, xoşbəxt olmalarına yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?! Bəli, bununla bağlı vəsiyyətnaməmi artıq yazdım. Çünki həyat elə qəribədir ki, indi varsan, cəmi 5 dəqiqə sonra artıq həyatda olmaya bilərsən… Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki…”.
Ən son dəqiqəsinə kimi faydalı olmağa çalışan bir qəhrəman idi bizim Qənirəmiz! Ona görə deyirik ki, hər evdən 50 yaşı belə tamam olmayan bir Qənirə getdi, xeyirxah, zərif, gözəl, mərd və cəsur. Əlvida gözəl bacı!