Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə
Azərbaycançılıq ideyası dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına xidmət etməlidir. Bəs görəsən müxtəlif ölkələrdə yaşayan soydaşlarımız nə dərəcədə“ azərbaycanlı”, nə dərəcədə azərbaycançıdırlar?
Suallarıma cavabı rəsmi qurumlardan yox, dünya ölkələrində yaşayan soydaşlarımızdan almaq istədim. Sosial şəbəkə bu mənada ən yaxşı bələdçidir. Belçikada yaşayan bir qrup soydaşımız var. Xədicə Xocalı, Hüseyn Qədirli artıq 20 ildir Brüsseldə fəaliyyət göstərən “Azərbaycan” icmasının fəal üzvləridir. Amma təəssüf ki, onlarla tanışlıq mənə acı bir həqiqəti öyrətdi. Bu qrupdakı soydaşlarımızın əksəriyyəti dindar olduqları üçün bizi sevməyən qüvvələrin ideoloji təsir dairələrinə düşüblər. Azərbaycanı hər nə qədər sevsələr də, həqiqəti bizdən yox, bizi sevməyənlərin dilindən eşidirlər.
Fransada yaşayan Elçin Cavadxanlı rəssamdır. Doğulub böyüdüyü Bakının mənzərələrini böyük məmnuniyyətlə çəkir. Onun əsərlərində Azərbaycan ornamentləri, yaşam tərzi, naxışlarımız, bir sözlə Azərbaycanı andıran hər şeyi tapmaq olar. Deyir əsərlərimi almaq istəyən xaricilərə Azərbaycan barədə danışmağı sevirəm, istəyirəm hər kəs onu mənim qədər sevsin. Əlimdən gələn budur, əlimdən gələn qədər ölkəmə xidmət etməyə çalışıram.
Həkim Leylan Vaqif Bakıdan Hamburqa işləməyə gedib. Yaşadığı binada Pakistandan, Hindistandan, Rusiyadan, Estoniyadan, Finlandiyadan gələn qonşuları var. Deyir ki, hərdən görüşüb söhbətlər edirik. “Söhbət düşəndə ölkəmizi o qədər sevərək anlatmışam ki, hamısı gedib Azərbaycanı gəzmək, görmək istəyir”.
Xalq artisti Mənsum İbrahimov Lent.az-a verdiyi açıqlamada bildirib ki, bu günə qədər dünyanın 50-dən çox ölkəsinə səfər edib. İllər boyu Azərbaycanın problemlərini dünyaya səsləndirmək üçün yaratdığı muğam üçlüyünün adını “Qarabağ” qoyub. Çox yerlərdə bu ada görə konsertlərdə onlara problem yaratmaq istəsələr də, fikirlərindən dönməyiblər, həm ölkəmizin adını ucaldıblar, həm də “Qarabağ” şikəstəsini hayqırblar.
Xalq artisti Nurəddin Mehdixanlı da hesab edir ki, bu torpaqlarda böyüyüb, boy atmış hər kəsin əsas vəzifəsi azərbaycançılıq ideologiyasına xidmət etmək olmalıdır: ”Bu gün dünyaya qalib ordusu olan dövlət kimi ün salmışıq. Yaranmış fürsətdən istifadə edib bu zəfəri mədəniyyətimizə, teatrımıza, kinomuza daşımalı, dünyaya özümüzü yetərincə təqdim etməliyik. Uğrunda minlərlə oğulu şəhid verdiyimiz işğaldan azad edilmiş torpaqlar bizim Məkkəmiz, Mədinəmizdir. Kərbəlamiz Şuşadır, ən böyük şəhid də vətən yolunda döyüşən, bilərək ölümə gedən oğullardır. Onların bizlərə əmanət qoyub getdiyi vətəni sevmək, milli birliyini qoruyub saxlamaq, güclənməsinə xidmət eləmək borcumuzdur”.
Azərbaycançılıq ideologiyasının əsasını Ümummilli Liderimiz Heydər Əliyev qoyub. Hələ Sovet dönəmində onun xeyir-duası ilə yaradılmış “Vətən” Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin müxtəlif ölkələrlə mədəni əlaqələrin qurulmasına xidmət edir, xaricdə yaşayan soydaşlarımızla körpü rolunu oynayırdı.31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də bu ideologiyaya xidmət edirdi.Ulu öndər beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətinin, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərinin fərqindəydi , buna görə o azərbaycançılıq ideologiyasını gücləndirir, bu ideologiyanın həm respublika daxilində, həm də bütün dünyada məskunlaşan azərbaycanlıları öz ətrafında birləşdirməsinə səy göstərirdi. Bu ideologiya Heydər Əliyevin siyasi bəsirətinin məhsulu idi. O zamanlar ərazilərinin 20 faizi işğal altında olan, müxtəlif dövlətlərin siyasi maraqları ilə parçalanma təhdidi ilə üz-üzə qalan Azərbaycanı yalnız belə bir ideologiya bütöv saxlaya bilərdi.
Yəqin ki, hər bir azərbaycanlı Heydər Əliyevin çıxışından bu məşhur sitatı əzbər bilir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Həmin çıxışı zamanı mərhum liderimiz bəyan etmişdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.
Lent.az-a danışan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, vahid milli ideologiya ölkə vətəndaşlarına etnik və dini mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin tamhüquqlü üzvü kimi hiss etmək imkanı verir, bununla yanaşı, onlara məsuliyyət və vətəndaşlıq borcunu da aşılayır.
“Azərbaycançılıq ideyası, multikultural dəyərləri olan bir ölkə üçün vacib idi. Bu ölkə vətəndaşlarını həmrəy etdi, birləşdirib bir yumruğa çevirdi və biz buna görə 44 günlük zəfərimizin qəhrəmanları arasında müxtəlif millətlərin nümayəndələrini görə bilirik. Onların hamısı Azərbaycan üçün can verməyə səfərbər oldular. Cəmiyyətin ideologiyasızlaşdırılması onun milli-mənəvi dəyərlərinin, o cümlədən dilinin, tarixinin, ədəbiyyatının, mədəniyyətinin itirilməsinə, assimilyasiya olunmasına aparıb çıxarır.
Ürəkaçan mənzərədir ki, 44 günlük müharibədən sonra milli ideologiyaya, türkçülüyə maraq artıb. İndi artıq təbliğat olmadan da Azərbaycan gəncliyi böyük türk dünyası barədə deyilənlərə nağıl kimi deyil, bu gün-sabah reallaşacaq plan kimi baxır. Bu böyük gələcəkdə Azərbaycan ulduz kimi parlayacaq. Azərbaycanlılar böyük Turanın aparıcı qüvvəsi olacaq. İndi Azərbaycan gəncliyi azərbaycançılıq ideologiyasının sərhədlərini böyütmək, arzuları ilə yaşayır. Bu zəfərin bizə bəxş etdiyi inamdır, gücdür, özünəqayıdışdır”,- deyə professor qeyd edib.
Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb