Füzulidə fil sümükləri tapmışdıq - Azıxdan qayıdan arxeoloq Lent.az-a YENİ FAKTLAR AÇIQLADI
05 fevral 2021 15:08 (UTC +04:00)

Füzulidə fil sümükləri tapmışdıq - Azıxdan qayıdan arxeoloq Lent.az-a YENİ FAKTLAR AÇIQLADI

“Dünyada Azıx mağarası kimi ikinci bir abidə yoxdur. Bundan qədimi var. Amma bir mağarada üç mərhələni özündə birləşdirəni yoxdur”.

AMEA-nın arxeologiya və etnoqrafiya institutunun aparıcı elmi işçisi, arxeoloq Azad Zeynalov bu sözləri Lent.az-a deyir. Ömrünün 40-a yaxın ilini bu peşəyə həsr edən Azad müəllim torpaqlarımız işğaldan azad olunduqdan sonra Xocavənd rayonunun Azıx kəndinə üz tutub. O deyir ki, Azıx kəndinin işğaldan azad olunması həm də həmin yaşayış məntəqəsində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə - ilk insan məskənlərindən biri olan Azıx mağarasının azadlığı deməkdir.

- Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparıb və bu işə bəzi Avropa alimlərini də cəlb edib. Azıxda qeyri-qanuni işlər, qazıntılar aparılıb. Amma qazıntıları ermənilər aparmayıb. Onlar sadəcə təşkilatçı olublar. Çünki ermənilərdə bu sahə üzrə mütəxəssis yoxdur. Onlar təşkil ediblər və Avropanın, İspaniyanın, İngiltərənin bəzi qurumları tərəfindən mailiyə dəstəyi olub. İspaniyanın dövlət muzeyi, İngiltərənin iki universiteti bu tədqiqatları dəstəkləyiblər. Ermənilərdən bu tədqiqatlarda yalnız bir qız iştirak edib. Özü bu sahə üzrə mütəxəssis deyil.  O, İspaniya da təcrübə keçib. Onlar orada uzun illər tədqiqat aparıblar. Biz Azıx mağarasında 20 ildən artıq qazıntılar nəticəsində minlərlə daş, əmək alətləri aşkarlamışıq. Amma onların aşkar etdiyi alətlərin sayı 400-ə çatmayıb. Bu bizim tədqiqatların heç 10 faizi də etmir.

Vaxtı ilə həmin mütəxəssislər gəlib bizimlə birlikdə də işləyiblər. Onların arasında arxeoloq yox idi. Əsasən paleontoloqlar idilər. Maraqlısı da odur ki, tədqiqatçılardan biri hətta gəlib bizim fondda işləmişdi. Sonra gedib satqınlıq edib. Əslində bu elmi etik cəhətdən də düzgün deyil. Rusiyadan mənim həmkarlarım da dəvət olunub, amma onlar imtina ediblər. Bəlkə də ona görə ki, hər il mən onlarla görüşürəm, konfransda üz-üzə gəlirik. Onlar da başa düşürlər ki, olmaz. Azıx mağarası çox yaxşı təhlil olunmuşdu. Gec də olsa 2010-cu ildə Azıxla bağlı kitab da çıxmışdı. Məmmədəli Hüseynovun doktorluq işinin əsasında kitab buraxılmışdı. Orda bütün 20 ildəki tədqiqatların nəticəsi əks olunmuşdu. Ermənilər ora çox cüzi əlavə edə bilərdilər. O nəticələr artıq dünyaya məlum idi.

Azad müəllim deyir ki, Azıx mağarası təkcə Azərbaycan üçün yox, bütün dünya üçün əhəmiyyətli, eyni zamanda əvəzsiz bir abidədir:

- Azərbaycan paleolitşünaslığında ən mühüm hadisə 1960-cı ildə baş verdi. Onda Məmmədəli Hüseynov Qarabağda, indiki Xocavənd rayonunda Azıx mağarasını aşkarladı. Azıx mağarasında tədqiqatlar 1960-80 illərdə davam edirdi. Və çox mühüm bir nəticələrə gəlindi. 300 min il bundan əvvəl yaşayan insanın qalığı - çənə sümüyü tapıldı. 1971-ci ildə Tiflisdə beynəlxalq konfrans keçirildi və orda bir fransız alimi çıxış edərkən qeyd elədi ki, Azıx mağarası dünyada artıq dördüncü tapıntıdır. Azıx mağarasının dünya üçün əhəmiyyəti ondan ibarətdir ki,  insan təkamülünün bir milyon il ərzində ayrı-ayrı mərhələlərinin həm fiziki, həm də maddi mədəniyyətini izləyə bilirik. Ən mühüm də odur ki, dünyada ikinci belə bir abidə, mağara yoxdur. Bundan qədimi var. Amma bir mağarada üç mərhələni özündə birləşdirəni yoxdur. Digər maraqlı bir şey 1979-cu ildə alt təbəqələrdə bir neçə dənə Məmmədli Hüseynovun tapdığı alətlər bütün digər alətlərdən bir qədər fərqlənirdi. Nəinki Azıx mağarasının özündə olan alətlərdən fərqlənirdi, ümumiyyətlə dünyada belə bir analoqu olmayan alətlər yox idi.

 Həmsöhbətimiz tez-tez ekspertizalarda olub. Xarici ölkələrdən gələn arxeoloqlarla birlikdə iştirak etdiyi tədqiqatlar zamanı təkcə tapıntılar deyil, həmkarlarının ölkəmizə olan marağı da onu təəccübləndirirdi. Bəs ölkəmizə olan bu marağın səbəbi nə idi?

 -  2012-ci ildə, Gürcüstanda, Dmanisidə də qədim insanın qalıqları, əmək alətləri tapıldı, mütləq yaşı da müəyyən edildi – 1 milyon 800 min il... Avrasiya üçün çox qədim, nadir bir yaşdır. Təəssüf ki, bizdə Azıx üçün belə bir mütləq yaş məlum deyildi.  Biz nisbi yaş - bir milyon iki yüz min deyə bilirdik.

Bundan sonra Dağıstanda bir neçə abidə kəşf edildi. Biz onlarla birlikdə Cənubi Qafqaza, Mingəçevir ətrafına getdik. Yeni izləri, abidələri axtarırdıq. Amma tapa bilmədik. Düzdür, müəyyən bir-iki daş tapdıq, onlar da naməlum daşlardır. İşlər demək olar ki, yarımçıq qaldı. Mən o vaxt başa düşdüm ki, axtarışlarda müəyyən səhvlər vardı. Biz kor-koranə axtarmışıq. Başqa bir üsula əl atmaq qərarına gəldim.  Mənim yadıma düşdü ki, Azərbaycanda çoxlu paleontoloqlar işləyiblər. Onlar ötən əsrin 50-60-cı illərində bu nöqtələrdə qeydlər aparıb, qədim heyvan sümüklərini təhlil ediblər.  Mən bütün nöqtələri qeydə aldım, ədəbiyyatı yığıb topladım və öyrəndim ki, onlar hansı məntəqələrdə olublar. Məkanları müəyyənləşdirdikdən sonra Sankt-Peterburqdan və Dağıstandan geoloq və arxeoloq dostlarımı dəvət etdim. Biz başladıq o yerləri gəzməyə. Nəticədə Mingəçevir şəhərində su anbarının yanında Qaraca deyilən abidəni kəşf etdik. Gördüyünüz bu daşlar hamısı Qaracadan çıxandı.

 Həmin Qaraca ki, Quruçay mədəniyyətinin sübut olunmasında böyük rolu olub. Məhz bu daşlar da Quruçay mədəniyyətinin bir parçasıdır...

Məmmədəli Hüseynov Azıxdakı tədqiqatlardan sonra demişdi ki, yeni bir mədəniyyət yaradaq adını da  Quruçay mədəniyyəti qoyaq. Ona görə ki, Azıx mağarası önündən Quruçay axırdı. Nəhəng alətlərdi , çəkisi 4-5 kiloya çatan. Cəmisi üç dənə belə alət tapılmışdı. Amma dünya elmi bunu qəbul etmirdi. Çünki üç dənə alətin əsasında yeni mədəniyyət yaranırdı. Uzun illər bunu qəbul etmədilər, şübhə ilə yanaşırdılar, inanmırdılar. İlk dəfə olaraq Azıxdan kənarda, Mingəçevir yanında Qaraca abidəsində mən belə bir daşları aşkarladım. Azıxda tapılanlar nəhəng, bunlar isə daha kiçik idilər. Mən sübut etdim ki, Quruçay mədəniyyəti mövcuddur. Məqaləmdə də bu barədə qeyd etmişdim. “Quruçay mədəniyyəti və onun yayılma arealı” adlı həmin məqaləm Türkiyədə də dərc olunub.

64 yaşı var Azad müəllimin. Bu peşəni məqsədli seçdiyini deyir:

- Arxeologiyanın ən qədim dövrü - daş dövrü ilə məşğulam. Azərbaycanda bu elm sahəsinin tədqiqinə 1953-cü ildə başlanılıb. Baxmayaq ki, bizim qonşu ölkələrdə yəni Gürcüstanda, Türkiyədə bu elmlə bizdən əvvəl məşğul idilər. Ölkəmizdə isə hələ bu sahədə böyük bir boşluq vardı. Azərbaycanda bu sahə üzrə mütəxəssislər az idi. Ona görə də, Rusiyadan tanınmış alim dəvət etmişdilər. Bir məqamı da deyim ki, hələ 1880-ci ildə  rus alimləri, arxeoloqları məqsəd qoymuşdular ki, Cənubi Qafqazda, sırf Azərbaycanda qədim daş dövrünə aid abidələr tapsınlar. Bu tədqiqatları əsasən Naxçıvanda keçirilirdi. O dövrdə tədqiqat üsulları da fərqli idi. Mağarada tədqiqat aparılırdı. Maraqlısı odur ki, yüz il keçdikdən sonra Azərbaycanda Naxçıvanın Şərur rayonunda Tənənəm kəndində Qazma mağarasını aşkar etdik. Bu Orta Paleolit dövrünə aid mağara idi. Uzun illər orda tədqiqatlar aparıldı. Məmmədli Hüseynov başladı, sonra mən davam etdim. Bu barədə mənim kitabım da çıxıb – “Neandertalın son məskəni”. Neandertallar ayrı-ayrı fərziyyələrə görə, hətta 20 min il bundan əvvəl də olublar. Son düşərgələrinin İspaniyada aşkar edilib. Qazma mağarasının mütləq yaşı İspaniyada tədqiq olundu. Karbon üsuluyla burda qalan sümüklərin yaşını müəyyən ediblər. Və məlum oldu ki, onun yaşı təxminən otuz min ildir. Ona görə də kitabın adını “Neandertalın son düşərgəsi” qoydum.


Azad müəllimin bu il üçün artıq yeni planları da var. O deyir ki, pandemiya müddətində heç nə edə bilməsə də, artıq iş başına keçməyin əsil vaxtıdır:


- O vaxt insanlar mağarada yox, onun ətrafında məskunlaşıblar. Daha sonra yavaş-yavaş mağarada yaşamağa başlayıblar. Bu da onu göstərir ki, biz mağaranın ətrafında da qazıntılar aparsaq, daha qədim dövrlərə aid tapıntılar əldə edə bilərik. Bu il üçün düşünürəm ki, qədim Quruçay dərəsində insan izlərini axtarım. Və ümid edirəm ki tapacam. 2019-cu ildə mən həmin əraziyə getmişdim. Ən maraqlısı Əhmədbəyli kəndi yaxınlığında idi. Çünki orda Horadizdəki muzeyin direktoru fil sümüyü tapmışdı. Filin sümüklərini mən Qaracada da tapmışam. Bu mənim diqqətimi cəlb etdi, orda getdim axtarışlar apardım. Əhmədbəyli kəndi yanında bir neçə əmək aləti də aşkarladıq. Ehtimal var ki, biz orda daha qədim dövrə aid insan düşərgələrini aşkarlayacağıq. Müasir üsulla orda fərqli tədqiqat aparmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6150
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar