APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Prezident İlham Əliyevə təşəkkür edib.
Lent.az xəbər verir ki, təşəkkür məktubu "Prezident.az" saytında təqdim edilib.
Məktubda bildirilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan mətbuatının yaranmasının 145 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığınız sərəncamlara, media adamlarına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. APA Media Qrupun əməkdaşları olaraq biz həmişə bu diqqəti hiss etmişik. Sizin sərəncamınızla gənc yaşda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş azsaylı jurnalistlərdən biri olmağım, indi isə “Tərəqqi” medalı ilə təltif edilməyim tərcümeyi-halımın qürur duyduğum səhifələridir. Mən Sizə həm də baxışından, münasibətindən asılı olmayaraq bütün media sektoruna göstərdiyiniz diqqət, tolerantlıq, dostluq üçün təşəkkür edirəm. Bu günlərdə ölkəmiz üçün strateji əhəmiyyətli qərarlarınız, bütün sahələri əhatə edən islahatlarınız davam edir. Özünüzün ifadə etdiyiniz kimi, Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq. Əminəm ki, biz Sizin qoruduğunuz və ən yaxşı təbliğatçısı olduğunuz bu dövlətdə hələ uzun illər proqressiv, kommunikasiyanın daha yaxşı qurulduğu mühitdə əməkdaşlıq edəcəyik.
Cənab Prezident, bu günlərdə təkcə Silahlı Qüvvələrimiz deyil, Azərbaycan xalqının hər bir nümayəndəsi Sizə həm də Ali Baş Komandan olaraq müraciət edir. Sizə Ali Baş Komandanımız olaraq davamlı qələbələr, özümə isə Sizdən qələbə xəbərinin açıqlandığı müsahibəni almağı arzu edirəm”.