Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünkü mövzusu səfərbərliyə qeydiyyatla bağlıdır.
Artıq iki gündür ki, respublikanın müxtəlif rayonlarında insanlar könüllü səfərbərliyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə üz tuturlar. Bəs görək, hansı yaş həddində olanlar könüllü döyüşmək üçün müraciət edə bilərlər? Hərbi xidmətdə olmayanlar, məhkumlar könüllü səfərbərlik üçün müraciət edə bilərmi?
Rubrikamızın suallarına “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov aydınlıq gətirib. Onun sözlərinə görə, hazırkı durumda səfərbərlik elan olunmadığı üçün kimliyindən asılı olmayaraq, hər kəs könüllü döyüşmək Dövlət Xidmətinin yerli şöbələrinə üçün üz tuta yaxud elektron qaydada qeydiyyatdan keçə bilər:
“Ordumuzun hazırkı durumu düşmənə müqavimət göstərməyə və döyüşməyə tam kifayət edir. Səfərbərlik elan olmadığı təqdirdə istənilən şəxs gedib qeydiyyatdan keçə bilər. Konstitusiyaya görə, vətənin müdafiəsində iştirak etmək hər kəsin vəzifəsidir. Məhz buna görə də, heç kəsin səfərbərlik üçün müraciət etməsinə məhdudiyyət yoxdur. Onların komplektləşdirilməsi və döyüş bölgəsinə göndərilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aiddir. Hələ ki, səfərbərlik elan olunmadığı üçün qeydə alınan müraciətlər xalqın müharibəyə münasibətini əks etdirir. Səfərbərlik elan olunsa, bu yaş qruplarına və hərbi mükəlləfiyyətin növlərinə görə təyin edilir. Yaş həddi ilkin çağırış üçün maksimum 35 yaşa qədərdir. Sonrakı vəziyyətdən asılı olaraq səfərbərliyə çağırılanların yuxarı yaş həddi arta bilir. Müharibə dövründə arxa cəbhədə də canlı qüvvəyə ehtiyac olduğu üçün hərbi qulluqda olmayanlar da könüllü müraciət edə bilər.
Məhkumların buraxılması prezidentin səlahiyyətinə aiddir. Belə ki, dövlət başçısı onları əfv etməmiş geridə qalan cəzalarını döyüş bölgəsində iştirak etmə ilə əvəzləyə bilər. Məhkumlar həmçinin özləri də könüllü döyüşmək üçün müraciət edə bilər. Buna da aidiyyatı dövlət orqanları baxılaraq qərar verilir. Birinci Qarabağ müharibəsində də məhkumlar cəbhə bölgəsinə göndərilmişdi. Dünyanın bütün ölkələrində bu təcrübə var. Hazırkı durumda bu məsələ aktual deyil”.