Şamil Paşayev
23 aprel 2022 13:28 (UTC +04:00)

Şamil Paşayev

Cərimələr avtomatik silinirmi? - HÜQUQİ ŞƏRH

Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Ümumiyyətlə, nəzərə alınmasında fayda var ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən (möhlət vermə bitdikdən) otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs cəriməni ödəməlidir. Məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs cəriməni ödəməlidir. Yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulması nəzərə alınmalıdır.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli qərarına əsasən, 1 may 2022-ci il tarixdən ölkə ərazisində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müddəalar öz qüvvəsini itirib. Bu isə 1 may 2022-ci il tarixədək vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Yəni 1 may 2022-ci il tarixədək qapalı məkanlarda maska taxmamaq məsuliyyətə səbəb ola bilər.

Daha öncə yazılmış cərimələrin ləğv edilməsi və ya silinməsi ilə bağlı hər hansı inzibati göstəriş mövcud deyil, eyni zamanda Nazirlər Kabinetinin bu qərarı maska taxmamaqla bağlı yazılan qərarların avtomatik olaraq silinməsini təmin etmir.

Həmin cərimələrin ləğv edilməsi üçün müəyyən edilmiş prosedur.

Əgər şəxsə qərar rəsmi qaydada təqdim edilməyibsə və ya cərimə olunmasından xəbərsiz olubsa, qərar ona rəsmi təqdim ediləndən sonra 10 gün müddətində şikayət edə bilər.

İnzibati xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiqetmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

Ancaq nəzərə alınmalıdır ki, vətəndaş qanunvericiliyin geriyə qüvvəsinin verdiyi üstünlükdən yararlanmaq istəyirsə, burada da vətəndaş şikayət etmək üçün gərək şikayətvermə müddətini bərpa etməlidir, çünki qərar rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yalnız müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Odur ki, hazırki durumda şikayət etmək üçün müddəti bərpa etmək də real görünmür.

Bundan başqa vətəndaşlar nəzərə almalıdırlar ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir müddəası var, bu da icraatda olan qərarın qanuni qüvvəyə minmədiyi inzibati xəta hallına aid edilir.

Bir il cərimə ödənməzsə, inzibati tənbehin avtomatik silinməsi ilə bağlı düşüncə də kökündən yanlışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 146-1.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Şamil Paşayev, Norma Hüquq Mərkəzinin direktoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3717
avatar

Şamil Paşayev

Oxşar yazılar