13 yaşlı qız ana olub. Sığınacağa zəng vurub, yardım istəyib, deyib ki, təcavüz qurbanıdır. Bu ağrılı xəbərin şokunu adlamamış, ikinci bir dəhşətli xəbər yayılır. 13 yaşda ana olan uşağın (hə, məhz uşağın) anası öz qızından imtina edib. Dayaq durmalıykən, arxasına düşüb cinayətkarın cəzasını tələb etməliykən 13 yaşında həyatdan ən ağır zərbəni almış qıza bir zərbəni də doğma anası vurur, övladından imtina edir.
Bu qız 9 ay hamiləykən görən, bilən yox idi? Bəs evdə 13 yaşlı uşağın doğmasına kömək edən mamaça niyə susmalıydı? Yox, sağ olsun, yenə kömək edib. Ailə məlum məsələdir ki, qızı xəstəxanaya aparmaq istəməyib, evdə gizlincə iş görüb. Mamaça da gəlməsəydi ölə bilərdi. Elin, aləmin dedi-qodusundan çəkinib ailə. Yenə “bu el-aləm nə deyər?” fikri bir ömrə qənim kəsildi, bir ana öz namusunu təmizləmək üçün balasından imtina elədi. Nə ilkdir, nə də son olacaq. Biz düşüncələrimizdə inqilab eləməyənə qədər.
Bizim problemimiz, bilirsinizmi nədədir? Uşaqlarımızla cinsi tərbiyə mövzusunda danışmağımıza utanmağımızda. Bu söhbətə böyük bir ayıb kimi baxmağımızda. Ana balasına dost olmağı bacarmalıdır. Bacarmalıdır ki, uşaq ən gizli sirlərini onunla paylaşmağa qorxmasın, ən böyük xətasını belə anasına etiraf edə bilsin. Bu inamı valideyn yaratmalıdır. Və ailə ən böyük xətalarda belə, xəta törədəni asıb-kəsməklə yox, problemi çözməklə məşğul olmalıdır. İnsan yanlışları ilə öyrənir həyatı. Yaxşı gündə bir olmağa nə var, vacib olan yaman gündə sağlam düşünməkdir.
Cəmiyyət olaraq bu məsələdə çox yarımçıq, geri düşüncəliyik. Gəlib çatmışıq 2022-ci ilə, amma hələ beynimiz orta əsrlərdəki kimi çalışır, məhz bu namus mövzusunda.
Qıza təcavüz edilir, ”amandır ayıbdır, kimsə bilməsin, adımız bədnam olar” deyirik, halbuki təcavüzkarı asıb-kəsmək, qınamaq, adını qaralamaq lazımdır ki, kimsə ona baxıb, bir də eyni qələti törətməsin. Cəza almayan qudurğan əlbəttə başqalarını bədbəxt edə-edə gedəcək.
Bir həftə öncəydi, Bərdədə 14 yaşlı qıza təcavüz edən 4 nəfər elədiklərini utanmadan çəkib sosial şəbəkələrdə də paylaşmışdılar. Çünki arxayın idilər ki, cəmiyyət təcavüz edən kişini yox, təcavüz olunan qızı qınayacaq. Rayon yerlərində belə qızlara qəddarcasına “üzüqara” deyirlər. ”Üzüqara” bir nəslin adını “batırır” deyə uzaqlaşdırılır, rədd edilir.
Biz cəmiyyət olaraq təcavüzçülərə qarşı lal, kar, kor olduqca uşaq anaların da sayı artacaq, zorlanmaya qurban olan qızlarımız bir də öz ailələri tərəfindən qurban veriləcəklər. Nəyə? Kimlərinsə adlarının təmizə çıxarılmasına.
Təsəvvür edin ki, o qız sığınacağa üz tutmur, belə bir qurumun varlığından bixəbərdir (ki əksəriyyət qadınların xəbəri yoxdur) ailəsi qovduqdan sonra tək-tənha qalıb nə etməlidir? Ya insan alveri ilə məşğul olanların cənginə düşəcək, ya da narkotik alverçilərinin, ya oğurluq etməyə məcbur qalacaq, ya da ...
Pis ehtimallar çoxdur, sürüdən ayrı düşən quzunu qurd-quş parçalayar. Heç kim həyatın ona gətirəcəyi çətin, pis sürprizlərdən sığortalanmayıb. Birini qınayanda, hansısa fikir yürüdəndə gərək ağzını açmadan öncə düşünəsən, ”Bu mənim başıma gəlsəydi nə edərdim?”
P.S. Heyvan sürüsü bir sürüdəki körpə heyvanı vəhşilər parçalamağa çalışanda, onun müdafiəsinə qalxır, dairəyə alır, körpəni qoruyur. Bəs insan? “İnsan sürüsü” yanlışa yol vermiş həmcinsinə qarşı dərhal vəhşiləşir, üz çevirir, tək buraxır, məhv edir.