Başla quyruğu səhv salan Amili
20 sentyabr 2021 18:13 (UTC +04:00)

Başla quyruğu səhv salan Amili

İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib. 

Əslində, neçənci dəfədir ki, Amilinin xütbələri Azərbaycana qarşı təhdidlə doludur. Hədə tonuyla danışan İran üləmalarının işlətdikləri hər bir söz cəmiyyətdə hiddətlə qarşılanır. Çünki İran dövləti islam bayrağı altında rəsmən fəaliyyət göstərsə də, Azərbaycanın işğalı altındakı torpaqlarını tapdayan terrorçu Ermənistan dövləti ilə qardaşlıq münasibətlərini inkişaf etdirir və bu tendensiya fakt olaraq ölkəmizi təhdid etməyə səy göstərən ayətullahlara tutarlı cavabdır. 

Amili ilk dəfə deyil ki, Azərbaycan xalqına düşmən gözü ilə baxan birisidir. O, Cəlil Məmmədquluzadənin yaradıcılığında qırmızı xətlə keçən nadan, cahil mollaların ümumiləşmiş obrazıdır. Bundan o yana deyil. 

Əslində, Amili Azərbaycan xalqını, 30 milyonluq İran azərbaycanlılarını, öz ərdəbillilərini təhqir edir. Cənubdakı soydaşlarımız buna dözməməli və onlara cavab verməlidir. Tehranın rəsmi dairələri Azərbaycanla xoş niyyətlərini bəyan etsələr də, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili təhdid edir və deyir ki, Azərbaycan İranın quyruğu ilə oynamasın. Ayətullah olsa da, İranın yaxın tarixini bilmir. Millət vəkili Sabir Rüstəmxanlı maraqlı bir məqama toxunur.

Sitat: “Vaxtı ilə İran şahı 1945-1946-cı ildə ayrılmaq söhbəti gündəmə gələndə demişdi ki, İran yatmış şirdir, başı Azərbaycandır. Yəni baş kəsilsə, şir ölər. Tarix boyu iqtisadi-siyasi imkanlarına görə Azərbaycan İranın başı sayılıb. Amma Amili başla quyruğu səhv salıb, görünür, başı quyruq üzərində işləyir”.

Amili Azərbaycanı İsraildən pul almaqda ittiham edir. Amma unudur ki, Azərbaycan özü kimə lazımdısa, pul verən ölkədir. Yeri gəlmişkən, hələ o vaxt Azərbaycan raketlərlə bağlı İrana da müraciət etmişdi. Amma rəsmi Tehran Azərbaycana “Şahab” raketlərini satmamışdı. Amma dost İsrail isə Azərbaycana “Lora” raketlərini satdı. Və sonda, həm də ən əsası; görəsən bizim ruhanilər Amili kimi şarlatanların tərbiyəsizliyinə, ləyaqətsizliyinə niyə cavab vermirlər? Şeyx nə vaxt ayağa qalxıb İrandan gələn bu tərbiyəsizliyə dirəniş göstərməyə başlayacaq? Bu suallara kim cavab verəcək?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5822

Oxşar yazılar