Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə
44 günlük müqəddəs müharibəmizdən sonra Azərbaycan dünyada bir başqa cür boy göstərir. Buna qədər özümüzü sürətlə inkişaf edən, iqtisadi sahədə nailiyyətlərə imza atmış, etibarlı tərəfdaş kimi tanıtmışdıq. Bütün bu nailiyyətlər 30 illik müstəqillik dövrümüzdə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsində aparılan gərgin əmək nəticəsində əldə edilib. Bundan sonrakı işimiz qazanılan uğurları sabahlara çatdırmaq, onları damla–damla artırmaqdır.
Milli Məclisin deputatı İlham Məmmədov Lent.az-a bildirib ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət xalq olaraq bizi dünyaya fərqli rakursdan təqdim edir, nüfuz qazandırır:
“Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın mədəni irsinin qorunmasında, Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasında əvəzsiz xidmətləri olmuş şəxsdir. Məhz onun hakimiyyəti dövründə mədəniyyət və incəsənət xadimlərimizə böyük dəstək verilib, artıq Azərbaycanı təmsil edən mədəniyyət xadimləri sərhədləri aşaraq dünya arenalarına çıxır, hər sətirlərində Azərbaycan, vətən sevgilərini dilə gətirirdilər. Hələ Sovet İttifaqının dəmir divarlarının mövcud olduğu dövrlərdə Heydər Əliyevin himayəsi altında Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova və digər mədəniyyət xadimlərimiz çox-çox uzaqlarda öz ana dilimizdə mahnılar ifa edir, Azərbaycanı tərənnüm edirdilər. Bu uzaqgörən siyasətçinin yumşaq güc vasitəsilə öz ölkəsini, xalqını təqdim etməsiydi”.
Deputat qeyd edir ki, sonrakı illərdə bu yolu cənab prezident İlham Əliyev uğurla davam etdirdi:
“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Azərbaycanın milli adət-ənənələrinin və mədəniyyətinin təbliğində rolunu xüsusilə qeyd etmək istərdim. UNESCO-da Azərbaycana həsr olunmuş tədbirlər, İçərişəhər tarix-memarlıq qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Qobustanın qayaüstü təsvirləri, Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına, Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, at oyunu Çovqan, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına məhz Mehriban xanımın təşəbbüsü ilə daxil edilib. Bütün bunlar vətənə sevginin və xidmətin göstəriciləridir”.
İlham Məmmədov əlavə edib ki, Azərbaycan mədəni irsinin dünyaya tanıdılması sadalanan faktlarla məhdudlaşmır:
“1999-cu ildə "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illiyi qeyd edildi. Böyük Füzulinin 500 illiyini qeyd etdik, həm də dünya səviyyəsində. Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə Füzulinin yubileyləri təşkil edildi, sonrakı illərdə Azərbaycanda çox yüksək səviyyədə müxtəlif beynəlxalq tədbirlər keçirildi. Keçirilən, ev sahibliyi etdiyimiz bütün beynəlxalq tədbirlərdə Azərbaycanın tarixi, zəngin irsi, mədəniyyəti, incəsənəti yüksək səviyyədə təqdim olundu. “Eurovision”, “İslam Həmrəylik Oyunları”, “Avropa oyunları”, “Formula” yarışları, beynəlxalq səviyyəli muğam festivalları, elm festivalları bir sözlə keçirilən hər bir tədbirin ana xəttini Azərbaycanın təbliği təşkil edir. Bakıda Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzey fəaliyyət göstərir. Bu böyük irsə olan hörmətin təzahürüdür. Hər il paytaxtda qeyd edilən Novruz şənliklərinə minlərlə xarici turist qonaq gəlir. Bayramımıza, sevincimizə ortaq olmaqla yanaşı Azərbaycan sevgisi də könüllərinə ilmə-ilmə işlənir. Çünki bu ölkə barışın, birgəyaşayışın təbliğini etməklə yanaşı, həm də onu nümayiş etdirir”.
AMEA-nın əməkdaşı, filologiya üzrə elmlər doktoru Səbinə Həsənli mövzu ilə bağlı Lent.az-a bildirib ki, Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycan və paytaxt Bakı zəngin qeyri-maddi xəzinənin daşıyıcısıdır:
“Azərbaycan yeni dünyanın dan ulduzuna çevrilib. Həm diplomatik, həm hərb, həm elm, həm mədəni-humanitar sahələrdəki uğurları ilə dünyaya özünü təqdim edir. Böyük İpək Yolunun üzərində yerləşən ölkəmiz öz üzərinə türk dünyasını birləşdirmək, əlaqələrini gücləndirmək missiyasını alıb və uğurla müvəffəq olur.
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, çoxlu sayda insanların Azərbaycana səfəri həm ölkəmizin tanıtımı, həm təbliği baxımından önəmli rola malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə 4 dəfə Elm Festivalı keçirilib. Düzdür bu ənənəni pandemiya dövrü bir qədər pozdu, lakin yenidən davam edəcəyinə əminəm”.
Həmsöhbətimiz qeyd edir ki, hər iki ildən bir təşkil olunan festivalın keçirilməsində məqsəd yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, yeni ideyaların xarici bazarlara çıxarılması, yeni istedadların kəşfidir:
“Bir sözlə müasir Azərbaycan müasir dünyanın bütün çağırışlarına cavab verir. Cavab verməklə qalmayıb, dünyaya yeni ideyalar, təkliflər təqdim edir və bu ideyaların hamısı bəşəriyyətin inkişafına, sülhə, əmin-amanlığa, insanların rifah halının yüksəlməsinə xidmət edir. Azərbaycan multikulturalizmin, tolerantlığın ən gözəl nümunəsidir. Bu gün qan içində çalxalanan dünyada öz sabitliyini qoruyub saxlamaq, önə çıxmaq asan deyil. Bu anlamda Azərbaycan öz adından söz açdırır, dost ölkələrin qüruruna, düşmənlərin çox güclü rəqibinə çevrilir”.
Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanıb.