“Axırıncı dəfə zəng edəndə dedi ki, “Hazırlıqlara getməyin. İndi atanın pulu yoxdu. Mən gəlib işləyib oxudacam sizi”. Son sözü bu oldu...”
Şəhid bacısı Sevinc deyir bu sözləri. Şəhid Elvin İsmayılovun 12 yaşlı bacısı. Yaşlı gözləri hələ də yollarda olan Sevinc, qardaşının ölümünə inana bilmir:
“Ölüm kağızına görə gedib gəlirik. Vallah heç o kağızın verilməyini də istəmirəm. Təki, özü qayıdıb gəlsin”.
18 yaşlı Elvin Sumqayıtda anadan olub. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbi oxuyub, bitirib. 5 nəfərlik ailənin ilk övladı olan Elvin özündən balaca iki bacısına təkcə qardaş yox, həm də dost, dayaq idi:
“Hər şeyini mənə danışardı. Dost idik. Sevdiyi qız var idi. Ondan da danışmışdı mənə. Axırıncı dəfə zəng edəndə dedi ki, “Hazırlıqlara getməyin. İndi atanın pulu yoxdu. Mən gəlib işləyib oxudacam sizi”. Son sözü bu oldu...”
Elvin 6 ay öncə əsgərliyə yollanır. Hərbi xidmətini Beyləqanda keçir. Müharibə başlayan kimi də döyüşə gedir. Tez-tez ailəsi ilə əlaqə saxlayan Elvindən 2 oktyabrda xəbər gəlir. Amma ailəsi bu dəfə xəbəri başqa adamlardan eşidir:
“Mən bacımla həyətdə idim. Dostum gəldi bizə. Gördük ki, ağlayır. Niyə ağladığını soruşduqda da bir söz demədi. Daha sonra başqa bir dostumuz da gəldi. O da ağlayırdı. Biz də bacımla donub qalmışdıq. Dostum dedi ki, şəhid var. Ağlımızdan da keçmədi ki, bu şəhid Elvin olar. Anama, nənəmə heç nə demədik. Sən demə, atam da Füzuliyə gedibmiş. Qardaşımın şəhid olduğunu bilibmiş...”
Sevinc deyir ki, Elvinin iki sözündən biri “sizsiz yaşaya bilmərəm” idi. Görəsən indi soyuq torpağın altında bizsiz necə qala bilir?
“Qardaşım bir dəfə xətrimizə dəyməyib. İstəyirdi ki, hər şeyin yaxşısını etsin bizim üçün. İşləyib pul yığırdı. Anamın ad günündə, ya da hansısa bayramda hədiyyələr alırdı. Gecə ilə durğuzub hədiyyəsini, gülünü verirdi. O bizi sevindirdikcə özü də xoşbəxt olurdu”.
Gələcəklə bağlı heç vaxt plan qurmayan Elvin futbolla yaxından maraqlanıb. “Bütün futbolçuların adlarını əzbər bilirdi” deyir Sevinc.
“Bəlkə də ondan yaxşı futbolçu olardı... Bilmirəm... Çox maraqlı idi onun üçün futbol. İzləyirdi. Pərəstiş edirdi...”
Elvin ailənin, nənə- babanın sevimlisi olub. Sakitliyi ilə o qədər seçilib ki, anası bircə dəfə də olsun ondan narazı olmayıb.
“Məktəbdə də sakitliyi, tərbiyəsi ilə seçilib. Anam da deyir ki, heç vaxt məni incitməmişdi”.
Axırıncı dəfə ailəsi Elvini 16 avqustda görür. Bu görüşü onlar heç vaxt unutmayacaqlar...
“4-5 ayın içində o qədər dəyişmişdi ki, sanki üzündə nur var idi. Gözəlləşmişdi. Hamımız ailəvi getmişdik. O qədər gülüb-danışdıq ki...Heç vaxt yadımdan çıxmaz... İndi hər səhər oyananda gözüm qardaşımı axtarır...”