Arif Əliyev
05 fevral 2021 18:27 (UTC +04:00)

Arif Əliyev

Arif Əliyev erməni sosioloqla hansı mahnını oxuyub? – “Bir dəfə uzaqlarda”

Xarici səfərlər təkcə həmin ölkənin mədəniyyəti, tarixi ilə illərlə yaddaşımızda qalmır. İstər rəsmi səfərlər, istərsə də istirahət məqsədilə gedilən ölkələrdə hər birimiz unuda bilməyəcəyimiz maraqlı hadisələrlə də qarşılaşırıq.

Lent.az “Bir dəfə uzaqlarda” rubrikasında tanınmış şəxslərin səyahət zamanı rastlaşdıqları maraqlı hadisələri təqdim edir.

Rubrikanın bugünkü qonağı  tanınmış jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir

- O qədər belə unudulmaz hadisələr var ki! Təsirləndirən, güldürən, düşündürən... Qarabağ mövzusuna marağın daha böyük olduğunu nəzərə alaraq, işğal illərində onunla bağlı əhvalatlardan danışacağam. 

- İnsanlar yaxından tanıdıqları bir adamın ağrısına həddən artıq həssas yanaşa, tanımadıqları bütöv bir xalqın dərdinə tam biganə qala bilərlər. Mən bunu Fransada Lara Fabianın konsertində başa düşdüm. Biz Nim şəhərinə insan haqlarına həsr olunmuş konfransa gəlmişdik. Proqramda mədəni tədbir də nəzərdə tutulmuşdu. İştirakçılara Lara Fabianın konsertinə meriyanın biletləri paylanmışdı. Sevgilisi, 24 yaşlı müğənni Qreqori Lemarşal nadir xəstəlikdən öləndən sonra o, ilk dəfə səhnəyə çıxırdı. Alqışlar kəsən kimi məşhur “Mən səni sevirəm” mahnısının akkordları səsləndi. Lara susurdu, ağzını açıb sözləri deyə bilmirdi. Nəhayət, sarsılmış musiqiçilər də dayandılar. Onda bütün zal Laranın yerinə oxumağa başladı. Adamlar “Mən səni sevirəm” əvəzinə, “Biz səni sevirik” deyirdilər. Bu, o qədər gözəl, o qədər həyəcanlı anlar idi ki, Lara dözmədi, gözlərindən yaş axdı. Zal da ağlayırdı. Mənim yanımda hönkürən isə Fransanın beyin mərkəzlərindən birinin rəhbəri, konfransın bugünkü sessiyasının sədriydi. Günorta həmkarım Azərbaycanda Xocalı faciəsinin qurbanları barədə danışanda, onun çıxışını kəsib “təbliğat” adlandırmışdı. Bu faciədə isə yüzlərlə gəncin sevgi tarixçəsinə bir gecədə son qoyulmuşdu. Və bunu xəstəlik eləməmişdi, bunu insanlar eləmişdilər.

***

- Levkoşada Azərbaycan, Ermənistan və Türkiyə jurnalistləri Quzey Kıbrısın baş naziri Mehmet Ali Talatla görüşə gedirik. Avtobusda iki erməni redaktorunu gözləyirik. Hamı, xüsusən bizi müşayiət edənlər əsəbidirlər: protokol pozulur. Nəhayət, gecikənlər də gəlib çıxırlar. Zaur Abdullayev erməni jurnalistlərini danlayır: “Bəsdirin də! Hər yerdə axırıncısınız, həmişə problem yaradırsınız. Hələ bir özgə torpaqlarına da göz dikirsiniz!”

***

- Tiflisdə şam yeməyindən sonra mehmanxananın barında oturmuşuq. Geniş pəncərədən şəhərə gözəl mənzərə açılır. Yanımızdakı masada erməni jurnalistləri əyləşiblər. Üçüncü masada gürcü qadınları ad günü qeyd edirlər. Barın qarşısında hündür kətildə iki sevgili viski içə-içə öpüşür. Bu vaxt daha bir qadın içəri girir, əl çantasını ad günü qeyd edənlərin yanına qoyub bara yaxınlaşır, öpüşən kişi ilə öcəşməyə başlayır. Səslər get-gedə yüksəlir. Bəlli olur ki, arvad ərini xəyanət üstündə yaxalayıb.

Birdən kişi “Bakı fahişəsi!” deyə, qadının üstünə qışqırır. Ermənilərin oturduğu masadan dərhal başqa bir qadın qalxır və qəzəblə kişinin üstünə yeriyir: “Sən burda coğrafiyaya toxunma!”.

Kişi cavabında söyüş söyür. Mən onun yaxasından yapışıb qapıya doğru sürüyürəm. Barmen və cangüdənlər araya girirlər, hamını sakitləşdirirlər.

Masalar birləşdirilir. Barmen “müəssisənin hesabına” müxtəlif içkilər və meyvə ilə dolu tabaqlar gətirir. Bir azdan cangüdən sandığım bar sahibi də bizə qoşulur: “Əclafın dərsini verdim!”

Bəlli olur ki, bayaq barın qabağında öpüşən kişi ingilisdir, Alina (arvadı) ilə Bakıda tanış olub evləniblər, sonra ingilisi Tiflisə işə göndəriblər, həyat yoldaşı da onunla köçüb. Burada isə bizim gözlərimiz önündə belə bir hadisə baş verib.

Artıq “Alina mövzusu” yaddan çıxıb, barın sahibi Bakının gözəlliyindən, çətin məqamda gürcülərə əl tutmasından, Yerevana səfərlərindən danışır, “Qafqaz Evi”nin sağlığına tostlar söyləyir, deyir, biz bir olsaq, heç nədən qorxumuz olmaz, hər tostdan sonra da eyvana qaçıb tapançasından havaya iki fişəng atır. Səsə gələn polislər geri qayıdırlar.

***

- 2001-ci ildir. Laçından ötüb Şuşaya, oradan Xankəndinə gedirik. Rəy sorğusu keçiriləcək, ona hazırlıq aparırıq.

Xankəndində axşam erməni sosioloqu mehmanxana otağıma gəlir. Bakıda çoxdan əlaqə saxlamadığı tanışlarını soruşur. Xatirələrini danışır, araya nifaq salanları lənətləyir. Gecəyə qədər söhbət edirik, lap axırda o, Yuri Vizborun bir mahnısını zümzümə etməyə başlayır:

-  “Ot Maxaçkalı do Baku-u”... Gəl bir yerdə oxuyaq.

Burada? Xankəndinin mərkəzində? Tərəddüdümü görüb eyvana çıxır. Bərkdən oxumağa başlayır:

- Ot Maxaçkalı do Baku

Volnı katyatsya na boku...

Qarşı binalarda işıqlar yanır. Adamlar hövlnak pəncərələri açır, həyətə boylanırlar.

Mən də eyvana çıxıb sosioloq-müğənniyə qoşuluram:

- ...И, вздымаясь, бегут валы

От Баку до Махачкалы.

Dəhlizdə həyəcanlı addım səsləri eşidilir. Bərkdən qapımı döyürlər...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Nigar Adil

Oxşar yazılar