Bəlkə də yazıya belə başlamağım düzgün deyildi. Amma özü danışmışdı bir zaman:
- İlk tanışlığımız Tusi adına Pedaqoji Universitetdə tələbə dostum Sultan Atayevin otağında oldu. Sultan, “Məmməd, bu İncəli balasıyla tanışsınızmı?” deyib divanda oturmuş 50-55 yaşlı, (əslin də isə 30-35 yaşı olardı) lopa bığlı, çal saçlı, gülər üzlü Akifi göstərdi. O, ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış “Uzaqlardan gəlirik” kitabını ”Ən əsası İncəli olduğu üçün Məmməd bəyə” avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə. Ağamalı Sadiq itkisiylə necə barışıb, Ağamalısız illəri necə yaşayacağım bir müəmma kimi hər an ürəyimi parça-parça etdiyi bir zamanda tapmışdım Akif Səmədi. Bax, beləcə, Ağamalıya olan, Ağamalıdan qalan bütün həsrət və sevgilərimin ünvanı, səbr və dözüm yerim oldu arkadaşım Akif. Bir-birimizə müraciətimiz idi: “Arkadaş”. Şeir yazmağımdan xəbəri yox idi. Ancaq bütün yazdığı şeirləri ilk dəfə mənə oxuyurdu. Sözə münasibəti, sözə sevgilərimi görüb ,”Vallah, sən ki sözü belə duyursan, sən bizdən böyük şairsən”, deyərdi. Sonralar, yəni 2004-cü ildə ”Dəmircioğlunu dindir” adlı ilk kitabım nəşrə hazırlanan ərəfələrdə ona dedim: “Kitaba da “Dəmirçioğlunu dindirmə”adını qoymuşuq, xoşuna gəlirmi?” Akif heç düşünmədən: ”Arkadaş ,dindirməni dindir eləsən yaxşıdır. Qoy, kitabı açan səni dindirsin “, deyib xeyir-dua vermişdi.
Məni onunla, rəsmi adı Məmməd Musa oğlu Bəşirov olan Dəmirçioğluyla elə həmin Akif Səməd tanış eləmişdi.
- Qardaşoğlu, gəl Dəmirçioğluyla tanış edim səni.
Akiflə bərabər ona da əmi deməyə başladım həmin gündən: Məmməd əmi. Sonradan, lap sonradan həmin “kruq”da bir Məmməd əmi də tapdım: Məmməd İlqarı. Allah ustada ömür versin. Sonadan dairə genişləndi, Tovuz-Ağstafa-Qazax-Borçalı arealında onlarla adamı tanıdım. Dostluğumuz, yoldaşlığımız oldu və indi də var təbii. Amma Dəmirçioğlu tamam başqaydı. Onunla hansı mövzuda istəyirsən söhbət edə bilirdin. Adamla saatlarla oturub söhbət edərdin, yorulmazdın, doymazdın; sanki enerji deposuydu. Hə, bir də rəhmətlik Akif eləydi. Qoy bunu da deyim, yaddan çıxmasın. Sonradan, tanışlığımızdan illər sonra elə burda, Lent.az-da onun haqqında belə bir başlıqlı yazı yazdım: “Tanrının şair, rəssam, heykəltəraş, memar “dostu”. Hə, şair, rəssam, memar, heykəltəraş idi Dəmirçioğlu. Ən əsası DOST idi. Nağıllardakı kimi tükünü qoparıb yandırmağın bəs idi ki…anındaca yanında olsun.
Kürəkəni, mənim əziz dostum Babək danışır:
-Babam deyərdi ki, Dəmirçioğlu beş kişidir - rəssam, şair, yazıçı, heykəltaraş və aşıq Dəmirçioğlu. Biz həm də dostluq elədik, səfərlərimiz oldu, yoldaş olduq. Hələ bir dəfə davaya da düşmüşük. Hind filmlərində olduğu kimi kürək-kürəyə verib dörd nəfərlə dalaşmışıq. O davada barmağı çıxmışdı. Əla dalaşırdı rəhmətlik. Davadan sonra dedim Məmməd əmi, gözlərin də onların gözlərinə oxşayır, kənardan baxanlar yəqin fikirləşiblər ki, Brüs Linin yerlilərindənsən. Uğunub getmişdi. İnanmıram ki, hansısa rəssamımız, şairimiz dalaşmağı onun kimi bacara. Bəlkə, bəlkə rəhmətlik Şaiq Vəli elə dalaşa bilərdi. Türkmənistanın Marı səhrasında primusda bişirdikləri yeməkdən zəhərləndiklərini, maşını o vəziyyətdə bir neçə saat nəhayətsiz səhrada qovub az qala son məqamda bir qəsəbə xəstəxanasına yetişmələrini danışırdı - triller kimi.
Ağamalı Sadiq Əfəndinin büstünə görə isə Tanrı o dünyada çoxdan onu mükafatlandırmış olar...Ruhun şad olsun, Məmməd əmi.
Ağamalı Sadiq Əfəndi, hə, məhz o Bəşirovu Dəmirçioğluya çeviribmiş. Bəşirov onun ancaq rəsmi sənədlərində yazılıb. Külli-aləm onu məhz elə Dəmirçioğlu kimi tanıyıb.
Dünyadan çox uzaqdayam,
Dostum, bir məktub yaz mənə.
Məmməd Dəmirçioğlunun “Ümid verin” qoşmasındandı. Bu uzaqlara isə 6 il əvvəl gedib çıxdı Dəmirçioğlu. Özü də elə qəfil getdi ki… Sonradan dostu Yusif Alı Afşar ona, o uzaqlara bir məktub da yazacaqdı
“Başa düşürəm ki, indi daha az vaxtın olacaq məni dinləməyə, məktubumu oxumağa. Çünki indi sən daha ülvi məkanda, daha ali məqamda, daha uca zirvədəsən. İndi sən Vaqifi, Vidadini, Vurğunu canlı olaraq görürsən. İndi sən pirin, mövlan Hacı Mahmud Əfəndini dinləyirsən. İndi sən el-obamızın Qaçaq Kərəm, Qaçaq Cahangir, Uzun Allahverən kimi qaçaqlarının, qoçaqlarının özündən eşidirsən etdikləri qəhrəmanlıqları. İndi sən Hürmələk nənənin dərə-təpələrlə "Göy Türfə"yə namaz qılmağa gəlib-getdiyini özün görürsən. İndi sən Qazax elinin ağır kişilərini, saz-söz aşiqlərini, aşıqlarını, ozanlarını canlı-canlı dinləyirsən. Avdı babamızın “İncəgülü”nü indi özündən öyrənirsən. Bizə heykəllərini, portretlərini yadigar qoyub getdiyin Ağamalı Sadiq Əfəndini, Akif Səmədi, Aslan Kəmərlini indi bağrına basıb doyunca öpürsən. İndi yəqin ki, sən özün də bizdən nigaransan. Yəqin ən çox adaşın Məmməd İlqardan nigaransan. Yəqin indi ürəyin incə qəlbli İncəyurdun yanında olmaq istəyir”.
Oğlu Daşqına yazdığı şeirdə deyir:
- Getdiyin yol haqq yoldusa,
Şahın fərmanından qorun…
Dəmirçioğlu haqq yolunu seçdi, haqq yolu getdi və haqqa qovuşdu. Hə, axı o, Allahın ƏN YAXIN “DOSTU” idi...