Xaricdə təhsil alıb ölkəyə qayıdan və müxtəlif sahələrdə çalışan bir qrup gənc “Azərbaycanlı Tələbə və Məzunlar Platforması”nın (ASAP - Azerbaijani Students and Alumni Platform) təsis konfransını keçirib.
Lent.az xəbər verir ki, ASAP hazırda xarici ölkələrdə təhsil alan tələbələri və artıq təhsilini başa vurmuş gəncləri birləşdirməyi hədəfləyir. Təşkilat xaricdəki tələbələr üçün əsas kommunikasiya və informasiya portalı rolunu oynayacaq.
ASAP tələbə və məzunlar arasında şəbəkələşmənin təmin edilməsini, gənc kadrların karyera inkişafının dəstəklənməsini, təhsilini bitirib ölkəyə qayıdan tələbələrə məzunlar tərəfindən mentor dəstəyinin göstərilməsini, həmçinin Azərbaycan reallıqlarının və mədəniyyətinin dünyada tanıdılması və Azərbaycanla, o cümlədən, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını da qarşısına məqsəd qoyub. Bu məqsədlərə müxtəlif özəl və dövlət qurumları ilə əməkdaşlıq vasitəsilə nail olunması planlaşdırılır.
Təsis konfransına qatılan Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL), Azərbaycan İtaliya Gənclər Assosiasiyası, Benelüks Azərbaycanlı Tələbələr və Məzunlar təşkilatları ASAP-ın fəaliyyətinə dəstəklərini ifadə ediblər.
ASAP hazırda təhsilini xaricdə davam etdirən tələbələri platformaya qoşulmağa dəvət edir.