Avqustun 14-də səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədi ilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.
Heyətin rəhbəri, professor Dalsy Torres Avilla Azərbaycanda xəstəxana-müalicə infrasturukturunun yaradılmasından danışıb. Bildirib ki, həkim və orta tibb işçisi potensiyalının kifayət qədər olması təqdirəlayiq haldır. D. Torresin sözlərinə görə, bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri var. O, kubalı həkimlərinin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu da vurğulayıb.
Görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədyönlüyüyü vurğulanıb.