Şeyxülislam şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi
30 iyul 2020 17:46 (UTC +04:00)

Şeyxülislam şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü - müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğulayıb. Şeyxülislam haqq işimiz yolunda mücadilədə canını fəda etmiş general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verib, II Fəxri Xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğun bildirib.

O qeyd edib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olub, dinc sakin qətlə yetirilib. A. Paşazadə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad edib, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib.

QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhu üçün dualar oxuyub. Şəhidin ailəsi ilə səmimi söhbət edən, onun övladlarına öz qayğı və diqqətini əsirgəməyən Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının öz qəhrəman oğulları ilə fəxr duyduğunu, onların xatirəsini əziz tutduğunu və qanlarının yerdə qalmaması üçün mübarizəyə hər zaman hazır olduğunu vurğulayıb. QMİ sədri əmin olduğunu bildirib ki, Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik dövlətçilik xətti və qətiyyətli siyasi iradəsi sayəsində, inşallah, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, düşmən öz layiqli cəzasını alacaq.

Şeyxülislam Azərbaycan Prezidentinin Qəbələyə səfəri zamanı şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qərarını yüksək dəyərləndirib. Bildirib ki, bu, Azərbaycan xalqının öz qəhrəman övladlarına verdiyi dəyərin təzahürü olaraq gənc nəslin vətənpərvərlik ruhunu dərinləşdirən məqamlardandır.

Şəhid ailəsini ziyarətdə iştirak edən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla anıblar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Komitə sədri Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün təmini, haqq işimizin qələbəsi yönündə misilsiz fəaliyyəti barədə məlumat verib, Azərbaycan dövlətinin şəhid ailələrini hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, onların xatirəsini əbədiləşdirmək, qanlarının yerdə qalmaması üçün lazım olan bütün addımları atdığını vurğulayıb.

Şəhid generalın ailəsi ilə görüşdə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər. Şəhid Polad Həşimovun ailəsi Şeyxülislam A. Paşazadə və onunla bərabər təşrif buyurmuş bütün şəxslərə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4570
avatar

Oxşar yazılar