Mən onunla Tovuzda, oteldə tanış oldum. İki günlük Qazax, Ağstafa səfərindən geri qayıdırdım. Bu rayondan olan iyul şəhidlərinin ailələrini ziyarət edib, onlarla bağlı yazı hazırlayırdım. Tovuzda isə Cəlilli və Ağdam kəndlərində olacaq, bu kənddən olan şəhid ailələri ilə də görüşəcəkdim.
...Otelin qarşısındakı çayxanada oturub ordan-burdan söhbət edirdik ki, dayısı oğlu Natiq gəlib çıxdı.
- Nə tapşırmışdın, hamısını aldım.
Sanki inanmırmış kimi maşına tərəf getdi. Alınan əşyaları bir-bir yoxlayıb, yenidən qayıtdı.
- Sabah biz də Ağdama gedirik. Görəsən buraxarlar?
- Nəyə gedirsiniz ki?
- Yardım aparacağıq.
Bu arıq, çəlimsiz gənc “yardım aparacağıq” sözünü elə fəxarətlə dedi ki… maraqlanmaya bilməzdim...
Adı Qiyamətdir. 27 yaşı var. Beyləqan rayonunun Örənqala kəndində anadan olub. Xırda ticarətlə məşğuldu. Lap dəqiqini bilmək istəyirsinizsə, topdan aldığı stolüstü polietilen örtükləri rayonbarayon, kəndbəkənd gəzib satır. Hər metrini üstünə 20 qəpik, 30 qəpik qoyur, bəzən nisyə verir, bəzən verdiklərinin pulunu aylarla ala bilmir. Amma dolanışığı bu işdən çıxır. Evinə, ailəsinə metrə-metrə satdığı süfrənin puluyla çörək qazanır.
- Bəzən 2-3 gün, gecə-gündüz yollarda oluruq. Maşının sınan vaxtı da olur, malın satılmayan vaxtı da. Amma ağır da olsa, çörək pulumuzu birtəhər çıxarırıq.
Məlum olur ki, indi Qazaxdan qayıdırlar. Bu dəfə satdıqlarının puluna əsgərlərə pay alıb aparırlar.
- Bir az utanıram, pay da deməyə, amma əlimdən gələn budu. Xeyli içməli su almışıq. Bir neçə blok siqaret. Sonra limonad, müxtəlif şirələr. Dedim bir gün qalaq burda, səhər sovqat payımızı verib gedək.
Elə onların maşınına oturub üzü Ağdama yola düşürük. Kəndə çatmamış maşın qızdırır. Özü də dikdə.
Əlacsız qalıb, başqa maşın axtarırıq. Dayısı oğlu maşının yanında qalır. O isə yoldan keçən başqa bir maşınla Tovuza gedir. Yarım saatdan sonra kiçik minik maşınıyla yanımızda dayanır. Sovqatı həmin maşına yığırıq.
Postu keçib, üzü yuxarı qalxırıq. Əli avtomatlı əsgərlər saxlayır. Postdur. Komandir dərhal irəli çıxır.
- Komandir, kiçik də olsa əsgərlərə pay gətirmişik. Xahiş edirik, qəbul edəsiniz.
Gülümsəyir, komandir. Əsgərlərə tapşırıq verir ki, maşındakıları boşaltsınlar.
- Təşəkkür edirəm sizə. Amma hər şeyimiz var, ehtiyacımız yoxdu yardıma. Gəlmisinizsə, xoş gəlmisiniz. Bura çox təhlükəlidi, təcili tərk etsəniz, yaxşı olar...
- Allah sizi qorusun, komandir. Çox sağ olun ki, sovqatı qəbul etdiniz.
- Adın nədi sənin cavan oğlan?
- Bir Allah bəndəsi komandir. Nəyə gərəkdi ki adım.
- Qiyamətdi adı, komandir - mən dillənirəm.
Komandir bu dəfə də gülümsəyir...