Milli Hematologiya və Transfuziologiya Mərkəzi qan donorlarına müraciət edib.
Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, müraciətdə deyilir:
Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən bildirmək istəyirik ki, bu il Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf edir.
Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. QMİ ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib.
QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir: “Ümidvarıq ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər”.
Mərkəzi Qan Bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür.
Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlarımızdan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələrini, qoruyucu tibbi maskalardan istifadə etmələrini rica edirik.