Dövlət Avtomobil Nəqliyyatı Xidməti pandemiya dövründə aparılan monitorinq tədbirləri barədə statistikanı açıqlayıb.
DANX-dan Lent.az-a verilən məlumata görə, ümumilikdə 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub:
"Aprel ayından hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub. Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 11.8 faiz təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. İşəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini ilə bağlı aparılan 18106 monitorinqdən 956 nöqsan aşkarlanıb. Dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi üçün keçirilən 10581 monitorinqdə 1045 üzə çıxıb. Vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi ilə bağlı fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada 95 monitorinq həyata keçirilib ki, burada 6 nöqsan müəyyən olunub.
Avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması ilə əlaqədar 11868 monitorinq 1015 nöqsan, taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini 12844 monitorin 3257 nöqsan, taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması istiqamətində 12790 monitorinq 1790 nöqsan və avtobuslarla taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi ilə bağlı 20375 monitorinq 2199 nöqsan aşkar edilib".