Quba rayonunun Tülər kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Lent.az-ın xəbərinə görə, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, kəndin ərazisinə keçirilən baxış zamanı Tülər kənd sakini Yasər Baxışova məxsus həyətyanı torpaq sahəsində qanunsuz yeşik hazırlayan sexin fəaliyyət göstərdiyi və meşə materialından kömür hazırlandığı məlum olub.
“Araşdırma zamanı sexdə qanunsuz yolla əldə olunmuş işlik meşə materialı, yeşik taxtası, kömür tədarükü məqsədilə hazırlanmış odun və kömür kisələri aşkar edilib. Meşə fonduna 7452,65 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu Yasər Baxışov barəsində akt tərtib edilib”, - xidmətin rəis müavini vurğulayıb.
R. Bağırov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Quba rayon Prokurorluğuna göndərilib.