"Koronavirusa yoluxan insanlar adətən yanaşı xəstəliyi olan insanlardır".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib. Onun sözlərinə görə, bunlarla mübarizə aparmaq multidisiplinar müalicənin qurulması deməkdir: "Bizim xəstəxanamızda 5 kurs kimyaterapiya almış koronalı xəstəni xəstəxanada əməliyyat etdik. O əməliyyatdan da çıxdı. Koronavirusdan da sağaldı. Belə örnəklər çoxdur. Digər xəstəxanalar da bu mübarizəni multidisiplinar şəkildə həyata keçirməkdədir".
Fərrux Sədirov bildirib ki, bu gün yaşlı və yanaşı xəstəlikləri olanlar arasında koronavirusdan ölüm halları daha çoxdur: “Gənclər arasında da ölüm halları virus yükü çox olan orqanizmlərdə baş verir. Multi orqan çatışmazlığı sadəcə ağciyər deyil. Digər orqanların da sıradan çıxmasına səbəb olan koronavirusun müalicəsində həkimlərin əsas prinsipi xəstəliyi deyil, xəstəni müalicə etməkdir. Biz hətta xəstəliyin müalicəsində psixoloqları da cəlb edirik. Bu, adi qriplə müqayisə olunmamalıdır”.