Yüksək təzyiqə qarşı qəbul olunan dərmanlar COVID-19-un təsirini zəiflətmək qabliyyətinə malikdir.
e-tibb.az xəbər verir ki, İngiltərədə bununla bağlı aparılan araşdırmalardan sonra bu qənaətə gəlinib.
İngiltərədəki Şərqi İngiltərə Universitetində aparılan araşdırma çərçivəsində, qan təzyiqini aşağı salan bir qrup dərmanın koronavirusa təsiri araşdırılıb, 28 min xəstəni əhatə edən 19 araşdırmanın nəticələri dəyərləndirilib.
Mütəxəssislər təzyiq dərmanları - çevirici ferment inhibitorlarını (ACEi) və ya angiotensin reseptor blokerlərini (ARB) qəbul edən şəxslərdə koronavirusu ağır keçirmə və ya ölüm faizinin aşağı olduğunu bildiriblər.
Alimlər “Kardiovaskulyar narahatlıqları aşkarlanan xəstələrin COVİD-19 infeksiyasını ağır keçirmə riski altında olduğunu bilirdik, amma pandemiyanın əvvəlində yüksək təzyiq üçün qəbul edilən bəzi dərmanların koronavirus xəstələrində daha pis nəticələrə səbəb ola biləcəyi mövzusunda narahatlıqlar var idi. Ona görə də bu dərmanların koronavirus xəstələrinə təsirini öyrənmək istədik”, - deyə bildiriblər.
Tədqiqatın sonunda hipertoniya əleyhinə ACEi/ARB dərmanlarını qəbul edən koronavirusa yoluxan yüksək təzyiq xəstələrinin bu dərmanları qəbul etməyənlərlə müqayisədə ağırlaşma və ya ölümlə qarşılaşma faizinin daha az olduğu qənaətinə gəlinib.
Norfolk və Norwich Universitet xəstəxanalarının da bu araşdırmanı dəstəklədikləri qeyd edilib.