Milli Televiziya və Radio Şurası iclas keçirib.
Şuradan Lent.az-a verilən məlumata görə, iclasda 1-10 avqust tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
Qeyd olunub ki, avqustun 5-də “Xəzər” televiziya kanalının efirində saat 18.00 –19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində avqustun 23-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
Həmçinin, avqustun 8-də “ARB” televiziya kanalının efirində saat 09.00 – 10:00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində avqustun 17-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.