Azərbaycan Respubllikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən Bakıda göllərin təmizlənməsi proqramına uyğun olaraq Azərbaycan Duz İstehsalat Birliyi tərəfindən Mirzələdi gölünün ətrafında mütəmadi olaraq iməcilik və təmizlik işləri aparılır. Masazır və ətraf kəndlərdən olan xam duz tədarükçülərinin iştirakı ilə Mirzəladi gölündə növbəti dəfə iməcilik təşkil edilib.
Ətraf mühitin qorunmasını əsas fəaliyyət prinsiplərindən hesab edən “Azərsun Holdinq” Abşeron ərazisində yerləşən duz göllərini milli sərvətimiz hesab edərək gələcək nəsillər üçün qorunaraq saxlanılmasına xüsusi həssaslıqla yanaşır. İməcilik çərçivəsində Azərbaycan Duz İstehsalat Birliyinin əməkdaşları və tədarükçülər gölün ətrafını tullantılardan təmizləyib, ərazidən çıxan təkrar emala yararlı tullantıları çeşidləyərək toplayıblar. Yararsız olan tullantılar isə ərazidən uzaqlaşdırılaraq zibil poliqonuna göndərilib.
Qeyd edək ki, 10 ildir ki, uğurla “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun fəaliyyətini davam etirən Azərbaycan Duz İstehsalat Birliyi Masazır, Novxanı, Saray və digər ətraf qəsəbələrdə yaşayan yüzlərlə insanın işlə təmin edilməsinə mühüm töhfə verir.
2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi baş tutan müəssisə ölkədə yod çatışımazlığı səbəbindən yaranan xəstəliklərlə mübarizədə müstəsna rol oynayır. Azərbaycanın ilk ekstra növ yodlaşdırılmış qida duzu istehsalçısı olan müəssisə tərəfindən təklif edilən “Azərduz”, “Salute”, “Alfa” və digər markaları ölkə daxili tələbatı qarşılamaqla bərabər Kanada, Avropa, Rusiya, Qazaxıstan, Gürcüstan və Orta Asiya ölkələrinə də ixrac edilir.