TOĞRUL NƏRİMANBƏYOV
(1930-2013)
Görkəmli incəsənət xadimi, SSRİ və Azərbaycanın xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. Bir sıra ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Dünyanın müxtəlif ölkələrinin muzey, qalereya və şəxsi kolleksiyalarında onun əsərləri saxlanılır. SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycanın “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülən Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdəki hospitalların birində vəfat edib və Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
RƏFİQƏ AXUNDOVA
(1931)
Azərbaycanın xalq artisti, rəqqasə, aktrisa və baletmeyster Rəfiqə Hacı qızı Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteri vəzifəsində çalışıb. Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletinin quruluşunu verib. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. Əlcəzairdə "Üç inqilab" ilk milli baletini, Malmödə "Muğam" musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl", Antverpendə "Kaleydoskop" baletlərini tamaşaya qoyub. Quruluş verdiyi "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969-cu ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilib və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub. "Şərəf nişanı" ordeni ilə təltif edilən Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.
FƏQAN XUDAVERDİYEV
(1975-2008)
Azərbaycan Quru Qoşunlarının mayoru, şəhid Fəqan Baxış oğlu Xudaverdiyev 1975-ci ilin bu günü Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub. 1993-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Bakı Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. 1997-ci ildən peşəkar hərbçi kimi hərbi xidmətə başlayıb. Şəhid olduğu günə qədər Tərtər, Şəki, Mingəçevir və Gəncədə yerləşən hərbi hissələrdə xidmət edərək mayor rütbəsinə qədər yüksəlib. Nümunəvi xidmətinə görə fəxri fərman, medal, sertifikat və diplomlarla mükafatlandırılıb. Fəqan Xudaverdiyev 2008-ci il avqustun 22-də Tərtər rayonunda şəhid olub və anadan olduğu Qaravəlli kəndində dəfn olunub.
RABİNDRANAT TAQOR
(1861-1941)
Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun xatirə günüdür. O, 1861-ci il mayın 7-də Kəlküttə şəhərinin şimalındakı Corasanko qəsrində zəngin brahman ailəsində anadan olub. Kəlküttədəki Şərq Seminariyasında və Benqal Akademiyasında təhsil alıb. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi tanınan şair çoxsaylı poema, pyeslərin və nəsr əsərlərinin, ilk benqal romanının müəllifidir. 70 yaşında özünü rəssam kimi sınayaraq, Nyu-York, Paris, Moskva və Münhen kimi şəhərlərdə rəsm əsərlərini nümayiş etdirib. Rabindranat Taqor 1941-ci il avqustun 7-də doğulduğu Corasanko qəsrində vəfat edib.
SƏKİNƏ ƏLİYEVA
(1925-2010)
Azərbaycanın görkəmli dövlət xadimi, Prezident təqaüdçüsü Səkinə Əliyevanın anım günüdür. O, 1925-ci il aprelin 15-də Naxçıvan şəhərində dünyaya göz açıb. Orta təhsilini Naxçıvan şəhərində 6 saylı məktəbdə alıb, daha sonra tibb bacısı hazırlıq kursunu bitirib. Naxçıvan Müəllimlər İnstitutunda təhsilini davam etdirib. Əmək fəaliyyətinə pioner dəstə rəhbəri kimi başlayıb, bir müddət Naxçıvan şəhər Partiya Komitəsinin kitabxanasında və Babək rayonunun Qahab kənd məktəbində işləyib. Daha sonra təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib. Universiteti bitirdikdən sonra bir neçə il Naxçıvan şəhərində yerləşən 2 saylı qızlar məktəbində müəllim və Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində işləyib. 1953-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. 1960-cı ildə Moskvada Ali Partiya Məktəbini bitirib və Naxçıvana qayıdıb. Əvvəlcə Vilayət Partiya Komitəsində təlimatçı, mühazirəçilər qrupunun rəhbəri işləyib, bir müddət sonra isə Naxçıvan MSSR-in maarif naziri vəzifəsinə təyin olunub. 1963-cü il aprelin 9-da Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilib və 27 il bu vəzifədə, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 1990-cı il yanvarın 20-də sovet ordusu tərəfindən Bakıda törədilən qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvan MSSR Ali Sovetinin sessiyasını çağırıb və toplantıda Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul olunmasına nail olub. Səkinə Əliyeva 2010-cu ildə Bakıda vəfat edib.
MİRMƏMMƏD CAVADZADƏ
(1927-2008)
Azərbaycanda uroloji məktəbin yaradıcısı, Dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Mirməmməd Cavad oğlu Cavadzadə də bu gün xatırlanır. O, 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olub. 1943-cü ildə 1 №-li Lənkəran şəhər orta məktəbini, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1951-ci ildə II Moskva Dövlət Tibb İnstitutunun aspiranturasında oxuyub. 1954-1957-ci illərdə Krım vilayətinin baş uroloqu işləyib. 1963-cü ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilib. 1974-cü ildə həmin institutun rektoru təyin olunub və ömrünün sonunadək bu instituta rəhbərlik edib. “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülən Mirməmməd Cavadzadə 2008-ci il avqustun 7-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Respublika Kliniki Uroloji Xəstəxanası onun adını daşıyır.
MURTUZ ƏLƏSGƏROV
(1928-2012)
Tanınmış ictimai-siyasi və dövlət xadimi, əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərovun xatirə günüdür. O, 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1950-1953-cü illərdə SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlayıb. 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs deyib. Müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993-1996-cı illərdə isə universitetin rektoru olub. I, II və III çağırış Milli Məclisin deputatı, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olub. Murtuz Ələsgərov 7 avqust 2012-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
ASLAN ATAKİŞİYEV
(1953-1992)
Azərbaycanın Milli Qəhrəmanı Aslan Qabil oğlu Atakişiyevin anım günüdür. O, 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1970-ci ildə orta məktəbi bitirib, 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vurduqdan sonra Qubadlı rayonunda müəllimliyə başlayıb. Qarabağ hadisələri başlayanda öz doğma peşəsindən ayrılaraq silaha sarılıb. Laçın rayonu, Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Aslan Atakişiyev 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
AQİL MƏMMƏDOV
(1969-1992)
Azərbaycanın Milli Qəhrəmanı Aqil Səməd oğlu Məmmədov da bu gün xatırlanır. O, 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirib. Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnib. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlayıb. 1987-ci ildə hərbi xidmətə yollanıb, 1988-ci ildə isə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq vətənə qayıdıb və Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla sərhəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. Aqil Məmmədov 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olub və Qubadlı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Qubadlıda və Gəncədə adına küçələr var.
ŞAHİN RÜSTƏMOV
(1973-1992)
Qarabağ müharibəsi şəhidi Şahin Hakim oğlu Rüstəmov da xatırlanır. O, 1973-cü il iyunun 14-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. 1979-1988-ci illərdə qəsəbə tam orta məktəbində təhsil alıb. Daha sonra 114 saylı orta ixtisas məktəbinə daxil olub və qaz qaynaqçısı ixtisasına yiyələnib. 1991-ci ildə hərbi xidmətə çağırılıb, Ağdərə şəhəri və ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Şahin Rüstəmov 1992-ci il avqustun 7-də Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub və doğulduğu qəsəbədə dəfn olunub.