MÜSTƏQİLLİK GÜNÜ
(1776)
1. 4 iyul 1776-cı ildə ABŞ-ın 13 koloniyası İstiqlal müharibəsinin gedişində Böyük Britaniyadan müstəqilliyini elan edib. Müstəqillik gününün tarixi Konqres tərəfindən Filadelfiyada “İstiqlaliyyət Bəyannaməsi"nin qəbul edilməsi ilə bağlıdır. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini verib.
ƏDİLƏ ƏFLAKİ
(1954)
2. Azərbaycanın əməkdar artisti, xanəndə Ədilə Əflakinin doğum günüdür. Ədilə Osman qızı Nəzərli 4 iyul 1954-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1972-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında səhnə fəaliyyətinə başlayıb. Uzun illər Azərbaycan Dövlət Konsert Qastrol Birliyinin, sonralar Dövlət Muğam Teatrının solisti olub. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bir sıra şeirlərinə mahnılar bəstələnib. 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.
MƏMMƏD MƏMMƏDOV
(1962-2011)
3. Azərbaycanın əməkdar jurnalisti Məmməd Yarəli oğlu Məmmədov 1962-ci il iyulun 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin Tarix və Hüquqşünaslıq fakültələrini bitirib. Tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra qəzet və jurnallarda müxbir, baş redaktor kimi çalışıb, 2007-ci ilin mart ayından ömrünün sonunadək AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ən yeni tarix şöbəsinin müdiri və “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işləyib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, “Dialoq Avrasiya” beynəlxalq yaradıcılıq təşkilatının üzvü olub. Üç çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilib. İctimai-siyasi, elmi-publisistik mövzularda kitabların müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatına layiq görülüb. Məmməd Məmmədov 2011-ci il mayın 21-də dünyasını dəyişib.
NƏZAKƏT TEYMUROVA
(1972)
4. Azərbaycanın xalq artisti, müğənni Nəzakət Xosrov qızı Teymurova 1972-ci ilin bu günü Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Bakı Baza Energetika Texnikumunda, Asəf Zeynallı adına Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 2011-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında UNESCO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb. Bir neçə dəfə Prezident Mükafatına layiq görülüb. “Qal, sənə qurban”, “Unuda bilmirəm” albomlarının müəllifidir. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərslərini tədris edir.
SEVDA ƏLƏKBƏRZADƏ
(1977)
5. Azərbaycanın əməkdar artisti, müğənni Sevda Çingiz Ələkbərzadə 1977-ci il iyulun 4-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsində təhsil alıb. 1991-ci ildə "Aypara" qrupunda ifaçı, 1993-cü ildə isə “Rast” qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayıb. 2001-ci ildə Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış edib. 2010-cu ildə Fransanın Marsel şəhərində keçirilən “Babel Med Music” dünya festivalında, 2012-ci ildə İsrailin Qüds şəhərində keçirilən beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil edib. Caz, xalq musiqisi və muğam janrlarında ifa edən Sevda Ələkbərzadə xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin nəvəsi, yazıçı-jurnalist Çingiz Ələkbərzadənin qızı, müğənni Elmira Ələkbərzadənin bacısıdır.
TABİL HƏSƏNOV
(1960-1992)
6. Azərbaycanın Milli Qəhrəmanı Tabil Qasım oğlu Həsənov 4 iyul 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1977-ci ildə burada orta məktəbi bitirib, 1980-ci ildə isə hərbi xidmətə çağırılıb. Xocalının Kosalar kəndində rabitə şöbəsində işləyib. Qarabağ müharibəsi başlayandan sonra Vətənin müdafiəsi məqsədilə silaha sarılıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “Qırxqız qartalı” adını alıb. 1992-ci il martın 29-da düşmənin Kosalar kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və bu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Tabil Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
TAĞI İSMAYILOV
(1887-1958)
7. İstiqlalçı partizan Tağı Məşədi Mahmud oğlu İsmayılovun xatirə günüdür. O, 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olub. Ali ruhani və rus-tatar məktəbində təhsil alıb. Şimali Qafqazda Armavir dəmir yolunun çəkilişində mühəndis köməkçisi kimi çalışıb, 1902-ci ildə Naxçıvan-İrəvan dəmir yolunun inşasında iştirak edib. 1918-1920-ci illərdə Şərur mahalına hücum edən daşnak quldur dəstələrinə qarşı döyüşlərdə qəhrəmanlıq göstərib. 1920-1922-ci illərdə Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor"un komandirlərindən, sovet dövründə bank, kooperasiya və taxıl tədarükü kombinatı strukturlarının təşkilatçılarından və rəhbərlərindən olub. Müxtəlif orden və medallarla təltif edilib. Tağı İsmayılov 1958-ci ilin iyulunda vəfat edib və Şərur rayonunda dəfn olunub. O, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun atasıdır.
BARIŞ AKARSU
(1979-2007)
8. Türkiyənin rok sənətçisi, aktyor Barış Akarsunun anım günüdür. O, 1979-cu il iyunun 29-da Bartın şəhərində doğulub. Orta təhsilini Amasra qəsəbəsində tamamlayıb. İstanbulda musiqi təhsili alıb. İlk dəfə "Akademi Türkiyə" yarışmasında məşhurlaşıb. 2004-cü ildə "Islak ıslak" adlı ilk albomunu satışa çıxarıb. 2006-cı ildə "Yalançı Yarım" serialında baş rolda oynayıb. Barış Akarsu 2007-ci ildə öz doğum günü mərasimindən sonra Bodrumda qəzaya düşüb və həkimlərin səylərinə baxmayaraq, iyulun 4-də vəfat edib və Amasrada dəfn olunub.
ZƏHRA QULİYEVA
(2016-2017)
9. Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı körpə Zəhra Elnur qızı Quliyeva da bu gün xatırlanır. O, 2016-cı il fevralın 13-də Füzuli rayonunun Alxanlı qəsəbəsində anadan olub. 2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib.