Dünyada bu gün - VİDEO
02 avqust 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

AZƏRBAYCAN KİNOSU GÜNÜ (1898)

 

2 avqust - Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

 

 

FƏXRƏDDİN MANAFOV (1955)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manaf oğlu Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə Aktyor Evində kinomexanik, 1976-1978-ci illərdə Tədris Teatrında, 1989-1993-cü illərdə "Yuğ" Dövlət Teatrında aktyor kimi fəaliyyət göstərib. 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib. “Park”, “Gecə qatarında qətl”, “Təhminə”, “Əli və Nino”, “Əlvida, cənub şəhəri”, “Ölsəm, bağışla”, “Hökmdarın taleyi” və digər filmlərdə baş rola çəkilib. 2006-cı ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.

 

 

İSGƏNDƏR CAVADOV (1956)

 

Azərbaycan sovet futbolçusu, SSRİ idman ustası İsgəndər Cavad oğlu Cavadov 1956-cı il avqustun 2-də Bakı şəhərində anadan olub. Futbolla 14 yaşından məşğul olmağa başlayıb. Bundan öncə isə gimnastika və güləşlə məşğul olub. Bir neçə il Sumqayıtın “Xəzər” və Bakının “Avtomobilçi” futbolçularında oynayıb. SSRİ-nin futbol üzrə çempionatında Bakının “Neftçi” klubunun heyətində 1977-ci ildə debüt edib. 1979-cu ildən 1986-cı ilə bu klubun kapitanı olub. 1982-ci ilin 2-ci yarısından 1983-cü ilin 1-ci yarısına qədər Moskvanın “Dinamo” klubunda oynayıb. 1982/1983-cü illərdə keçirilən UEFA Kubokunda 2 oyun keçirib və 1 qol vurub. 1984-cü ildə yenidən “Neftçi”yə qayıdıb. Peşəkar karyerasını 1989-cu ildə Moldovanın paytaxtı Kişinyov şəhərini təmsil edən “Nistru” klubunda bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1990-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1992-ci ildən Respublika Prokurorluğunda çalışan İsgəndər Cavadov 2004-cü ildən AFFA İcraiyyə Komitəsinin üzvü, 2008-ci ildən Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidentidir. 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

 

NAZİM HÜSEYNOV (1969)

 

İlk azərbaycanlı Olimpiya çempionu, cüdoçu Nazim Qaliban oğlu Hüseynov 1969-cu ilin bu günü Bakıda anadan olub. Uşaq yaşlarından cüdo ilə məşğul olub. Dünya cüdo arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən dünya superkubokunda birinci yeri tutub. Həmin il Barselonada keçirilən dünya çempionatında 3-cü yeri tutub. 1992-ci ildə isə Parisdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Həmin il Barselonada keçirilən 25-ci Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb. 1993-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək, ikinci dəfə Avropa çempionu olub. Həmin il Hamiltonda keçirilən dünya çempionatında gümüş medala layiq görülüb. Sonralar səhhətində yaranmış problemlər və ardıcıl zədələr yenidən çempion olmasına mane olsa da, 1997-ci ildə keçirilən dünya superkubokunda qızıl medal qazanıb. Hazırda Azərbaycan cüdosunun canlı əfsanəsi Nazim Hüseynov məşqçilik fəaliyyəti ilə məşğuldur.

 

 

ŞƏMSƏDDİN ORUCOV (1950-1990)

 

20 Yanvar şəhidi Şəmsəddin Əbilhəsən oğlu Orucovun doğum günüdür. O, 1950-ci avqustun 2-də Sabirabad rayonunun Cavad kəndində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçüb. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışıb. 1990-cı il yanvarın 23-də gündüz saat 14:20 radələrində sovet əsgərləri tərəfindən evinin pəncərəsinə atılan güllə nəticəsində həlak olub.

 

 

ŞİMON PERES (1923-2016)

 

İsrailin 9-cu prezidenti Şimon Peres 2 avqust 1923-cü ildə Polşanın Vişneva rayonunda anadan olub. 1934-cü ildə anası və kiçik qardaşı ilə birlikdə Fələstinə köçüb. Təl-Əviv şəhərinin sayılıb-seçilən təhsil ocaqlarından olan "Belfur" gimnaziyasını və kənd təsərrüfatı üzrə ixtisaslaşmış peşə məktəbini bitirib. Bir müddət fermer kimi müxtəlif yerlərdə işləyib. 1950-ci illərdə ABŞ-ın Nyu-York və Harvard universitetlərində təhsilini davam etdirib. Karyerasının 70 ili ərzində İsraildə demək olar ki, bütün ali siyasi vəzifələri tutub, o cümlədən prezident, baş nazir, xarici işlər və maliyyə naziri vəzifələrində çalışıb. 1994-cü ildə Fələstinlə müvəqqəti sülh sazişinə nail olduğuna görə Yasir Ərəfat və ishak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 11 kitab müəllifi olan Şimon Peres 2016-cı il sentyabrın 28-də vəfat edib.

 

 

HƏQİQƏT RZAYEVA (1907-1969)

 

Azərbaycanın xalq artisti, pedaqoq, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən Həqiqət Əli qızı Rzayevanın xatirə günüdür. O, 20 may 1907-ci ildə Lənkəranın Darquba kəndində anadan olub. Bakı Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Opera və Balet Teatrında solist, məşqçi-pedaqoq kimi fəaliyyət göstərib, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib. 20 yaşında ikən bəstəkar Müslüm Maqomayevdən “Şah İsmayıl” operasına dəvət alması onun həyatında yeni bir dövrün başlanğıcı olub. “Şah İsmayıl”, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “Aşıq Qərib” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. “Ögey Ana” filmində Qəmər xala rolunu oynayıb. “Şərəf nişanı” ordeni və medallarla təltif olunan Həqiqət Rzayeva 1969-cu il avqustun 2-də Bakıda vəfat edib. O, bəstəkarlar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

 

 

NİYAZİ (1912-1984)

 

Məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ xalq artisti Niyazi Tağızadə-Hacıbəyovun anım günüdür. O, 1912-ci il avqustun 20-də Tiflisdə Üzeyir Hacıbəyovun özü kimi bəstəkar olan qardaşı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. İlk musiqi təhsilini Bakıda alıb. Moskvada Qnesinlərin Musiqi Məktəbində, Sankt-Peterburq Mərkəzi Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. olub. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru kimi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb. Bir sıra orden və medallarla təltif edilən Niyazi 1984-cü il avqustun 2-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

TOFİQ KAZIMOV (1923-1980)

 

Azərbaycanın xalq artisti, görkəmli teatr rejissoru, aktyor və pedaqoq Tofiq Kazımov da bu gün xatırlanır. O, 14 yanvar 1923-cü ildə Bakıda görkəmli teatr xadimi, şair Səməd Mənsurun ailəsində doğulub. Yeddi illik təhsilini burada alaraq teatr məktəbini bitirib. İkinci Dünya müharibəsində yaralandıqdan sonra 1943-cü ildə ordudan tərxis olunub və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili, 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili alıb. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib. 1964-cü il martın 16-da Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. Tofiq Kazımov 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olub və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

 

HACI MƏMMƏDOV (1920-1981)

 

Azərbaycanın xalq artisti, tarzən Hacı Məmməd oğlu Məmmədovun xatirə günüdür. O, 1920-ci il aprelin 28-də Şamaxıda anadan olub. 1948-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilib və 18 il burada çalışıb. 40 ildən çox Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. "Orta Mahur", "Çoban bayatı", “Zabul Segah”, “Bayatı-Şiraz”, “Şur”, “Çahargah” və digər xalq mahnıları onun ifasında məşhurdur. Hacı Məmmədov 2 avqust 1981-ci ildə Bakıda dünyasını dəyişib.

 

 

HİKMƏT ZİYA (1929-1995)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya oğlu Əfəndiyevin anım günüdür. O, 1929-cu il mayın 13-də Şəkidə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri və məsul katib vəzifələrində işləyib. Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlayıb. Təmsilçi kimi daha çox məşhurlaşan Hikmət Ziya 1995-ci il avqustun 2-də Bakıda dünyasını dəyişib. Onun adına "Hikmət Ziya" ədəbi mükafatı təsis edilib.

 

 

ELXAN AĞAHÜSEYNOĞLU (1942-2009)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Elxan Ağahüseyn oğlu Ağahüseynov da bu gün xatırlanır. O, 1942-ci il dekabrın 8-də Bakıda anadan olub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilib və qırx ildən çox orada çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarla tamaşada oynayıb. "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Prezident təqaüdçüsü olan Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat edib.

 

 

ƏLƏKBƏR HÜSEYNOV (1961-2007)

 

Azərbaycanın əməkdar artisti Ələkbər Adıgözəl oğlu Hüseynovun xatirə günüdür. O, 7 iyul 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət Şəki Dövlət Dram Teatrında işlədikdən sonra 1988-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışıb, 2006-cı ildə isə bu teatrın baş rejissoru vəzifəsinə təyin olunub. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub, beynəlxalq festivallarda iştirak edib. "Humay", "Qızıl Dərviş", Polşanın "Təbəssüm Ordeni" mükafatlarına layiq görülüb. Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə Bakıda vəfat edib.

 

 

MÜŞFİQ İSMAYILOV (1968-1992)

 

Qarabağ müharibəsi şəhidi Müşfiq İsmayılovun anım günüdür. O, 20 avqust 1968-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra daxili işlər orqanlarında çalışmağa başlayıb. 1991-ci ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qatılıb. Döyüş yoluna Füzuli rayonundan başlayıb, daha sonra Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. 1992-ci ilin avqustunda Ağdərə istiqamətində düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2941
avatar

Oxşar yazılar