HƏBİB BƏY MAHMUDBƏYOV
(1864-1928)
Görkəmli Azərbaycan maarifçisi, müəllim Həbib bəy Hacı İbrahimxəlil bəy oğlu Mahmudbəyov 1864-cü il iyulun 29-da Şamaxı şəhərində anadan olub. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən, Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı olub. Katib Mirzə Hüseyn adlı bir molla məktəbində, Şamaxı şəhər məktəbində, Bakı realnı məktəbdə və Tiflisdə Aleksandrov Müəllimlər İnstitutunda təhsil alıb. 1887-ci ildə Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönərək, ilk özəl rus müsəlman məktəbini açıb. Qısa müddətdə həmin məktəb məşhurlaşıb, 1891-ci ildə isə dövlət təminatına keçirilib. 1896-cı ildə Sultanməcid Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanasını təşkil edib. Bakı şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin I qurultayının hazırlanıb keçirilməsində və pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqdan sonra orada direktor müavini və direktor olub, rus dili və ədəbiyyatından dərs deyib. Teatr həvəskarı olduğundan, eyni zamanda teatr truppasına rəhbərlik edib. Bu gün Bakıda onun adını daşıyan 2 nömrəli Texniki-Humanitar Liseyin yerləşdiyi binada vaxtilə fəaliyyət göstərən rus-Azərbaycan məktəbinin ilk direktoru olub. Həbib bəy Mahmudbəyov 1928-ci il iyulun 30-da Bakıda vəfat edib.
ƏLİ HAQVERDİYEV
(1939-1992)
Azərbaycanın əməkdar artisti, rəssam, aktyor, müğənni Əli Həsən oğlu Haqverdiyev 29 iyul 1939-cu ildə Bakıda rəssam Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin qrafika şöbəsində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb. Uzun illər Akademik Opera və Balet Teatrında aktyor, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışıb, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Rəsm əsərləri bir sıra sərgilərdə nümayiş olunub, aktyor kimi bir neçə Azərbaycan filmində çəkilib. Ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. Əli Haqverdiyev 1992-ci ilin sentyabrın 14-də dəniz sahilində elektrik cərəyanı vurması nəticəsində həlak olub və Qurd Qapısı məzarlığında dəfn olunub. O, rəssam Ucal Haqverdiyev, Azərbaycanın xalq artisti, rəssam, fotoqraf, heykəltəraş Hüseyn Haqverdiyev və musiqişünas, pedaqoq Zemfira Qafarovanın qardaşıdır.
NURƏDDİN YOLÇUYEV
(1963-1992)
Şəhid Nurəddin Novruz oğlu Yolçuyev 1963-cü ilin bu günü Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Sovet ordusunda iki illik hərbi xidmətini Almaniyada başa vurub. 1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelsk vilayətinə gedib, orada zavodda işləyib və instituta daxil olub. Xocalı faciəsindən sonra Azərbaycana qayıdaraq, torpaqlarımızın müdafiəsi uğrunda silaha sarılıb. Naxçıvanik, Aranzəmin və Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edib, 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edərək xeyli silah-sursat ələ keçirib. İgidliyinə görə dəfələrlə mükafatlandırılıb və bölük komandirinin müavini vəzifəsinə təyin olunub. Nurəddin Yolçuyev 1992-ci il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində növbəti dəfə kəşfiyyata gedən zaman minaya düşərək həlak olub və Quzanlı qəbiristanlığında dəfn olunub.
ZİYA QULİYEV
(1973-1993)
Şəhid Ziya Yelmar oğlu Quliyev 1973-cü il iyulun 29-da Bərdə rayonunun Yeni Daşkənd kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə yollanıb. 701-ci hərbi hissənin sıravi avtomatçı əsgəri olub. Ziya Quliyev 2 aprel 1993-cü ildə Laçın-Kəlbəcər bölgəsində gedən döyüşlərdə həlak olub. Məzarının yeri məlum deyil.
İDRİS SÜLEYMANOV
(1915-1986)
Sovet İttifaqı Qəhrəmanı İdris Həsən oğlu Süleymanovun anım günüdür. O, 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olub. 1939-cu ildə sovet ordusu sıralarına çağırılıb. 1942-ci ilin noyabrında kiçik leytenant rütbəsində Mozdok yaxınlığındakı 43-cü əlahiddə atıcı briqadanın taqım komandiri olub. Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib, Şimali Osetiyanın Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərib. 1942-ci il dekabrın 13-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilib. Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləyib. "Lenin" ordeni, “Qırmızı Ulduz” medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilib. İdris Süleymanov 1986-cı ilin iyulunda vəfat edib.
MƏRYƏM HƏSƏNOVA
(1938-2018)
Azərbaycan parlamentinin sabiq deputatı, istiqlalçı millət vəkili Məryəm Mirdaməd qızı Həsənovanın xatirə günüdür. O, 1938-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbdə və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Siyəzən rayonunda orta məktəb direktoru vəzifəsində çalışıb, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib. 1990-cı il oktyabrın 6-da Ali Sovetə deputat seçilib. Ali Sovetin məşhur 4-cü mikrofonunda ilk çıxış edən deputat olub. "Müstəqil Azərbaycan" deputat blokunun 43 üzvündən biri kimi 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına səs verib. Cəmi 51 nəfərdən ibarət olan Milli Məclisin yeganə qadın üzvü olub. İndiki Siyəzən rayonunu məhz onun təklifi ilə təşkil edilib. Məryəm Həsənova 2018-ci ilin iyulunda Bakıda dünyasını dəyişib və Siyəzəndə dəfn olunub.