MƏMMƏD BƏY SULKEVİÇ
(1865-1920)
Polyak əsilli Rusiya-Azərbaycan hərbi və dövlət xadimi, general-leytenant Süleyman bəy (Məmməd bəy) Sulkeviç 1865-ci il iyulun 20-də Polşanın Kemeyşi malikanəsində anadan olub. Qusar alayında polkovnik olan atası Aleksandr Sulkeviç milliyyətcə Krım tatarı olub. Voronej Kadet Korpusunda, Mixaylov Artilleriya Məktəbində və Baş Qərargahın Hərbi Akademiyasında təhsil alıb. 1886-cı ildə ilk zabit rütbəsini alıb. 1900-1901-ci illər rus-çin və 1904-1905-ci illərdə isə rus-yapon müharibələrində korpusun qərargah rəisi və komandiri vəzifələrində xidmət edib. 1918-ci ilin sonunda Krımda yaradılmış yerli hökumətin baş naziri, müdafiə və daxili işlər naziri kimi fəaliyyət göstərib. 1919-cu il martın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmətə qəbul edilib və Baş Qərargah rəisi vəzifəsinə təyin olunub. 1920-ci il fevralın 17-də öz xahişi ilə ordu sıralarından tərxis edilib və Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək Rusiyaya gedən könüllü ordu qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri olub. Məmməd bəy Sulkeviç 1920-ci ilin aprel işğalından sonra bolşeviklər tərəfindən həbs olunub və 15 iyul 1920-ci ildə Bayıl həbsxanasında güllələnib.
VƏLİ ƏLİYEV
(1936-2020)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Hüseyn oğlu Əliyev 20 iyul 1936-cı ildə Şəki rayonunun Daşbulaq kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi kimi başlayıb, daha sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetində Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışıb. 300-ə yaxın elmi əsərin, 9 monoqrafiya və kitabın müəllifidir. Onun axtarışları sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib. Vəli Əliyev 2020-ci il yanvarın 8-də vəfat edib.
RAMİZ ƏZİZBƏYLİ
(1948)
Azərbaycanın xalq artisti, kino rejissoru və aktyoru Ramiz Hacı Ağa oğlu Əzizbəyli 1948-ci ilin bu günü Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında işləyib. 1991-ci ildə "Bəxt üzüyü" bədii filmini çəkib, Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilən "Yalan" bədii filminin rejissoru olub. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunan Ramiz Əzizbəyli "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatıdır.
HƏSƏNAĞA QURBANOV
(1955-2007)
Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu Həsənağa Əli oğlu Qurbanov 1955-ci il iyulun 20-də Naxçıvan şəhərində anadan olub. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə Naxçıvan şəhər Mədəniyyət Evində müəllim və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlayıb. Sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Televiziyasının “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri vəzifələrində çalışıb. Həsənağa Qurbanov 2007-ci il noyabrın 6-da dünyasını dəyişib.
ANAR MƏMMƏDXANOV
(1970-2011)
Azərbaycanın dövlət və ictimai xadimi Anar Camali oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub. 1992, 1993 və 1995-ci illərdə “Bakılı oğlanlar” komandası ilə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsrin çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. Birinci və ikinci çağırış Milli Məclisin deputatı seçilib. Anar Məmmədxanov 2011-ci il aprelin 23-də Bakıda vəfat edib və “Qurd Qapısı” qəbiristanlığında dəfn olunub.
PÜNHAN ƏLİYEV
(1962-1994)
Şəhid Pünhan Məhəmmədəli oğlu Əliyev 1962-ci ilin bu günü Gədəbəy rayonunun Göyəlli kəndində anadan olub. Orta məktəbi doğma kəndində başa vurub. İki il Sovet ordusunda xidmət edib. Qarabağ savaşı başlayandan sonra Gədəbəydə yaradılan özünümüdafiə taboruna ilk könüllü yazılanlardan olub. Bölük komandiri və kəşfiyyatçı kimi fəaliyyət göstərib. 1993-cü ilin yanvar-fevral aylarında "Ləzgi qayası"na hücum, 1993-cü ilin aprel ayında "Keçəldağ" əməliyyatı, 1994-cü ildə mövqe döyüşlərində yaralı və şəhid əsgərlərimizin döyüş mövqeyindən çıxarılması, Krasnoselsk-Şəmsəddin yolunda düşmənin hərbi maşın karvanının məhv edilməsi, 1994-cü ilin avqustunda 15 kəşfiyyatçımızın mühasirədən çıxarılması onun adı ilə bağlıdır. Gizir Pünhan Əliyev 1994-cü il dekabrın 10-da növbəti əməliyyat zamanı düşmən minasına düşərək şəhid olub. Təhsil aldığı Şınıx kənd tam orta məktəbinə adı verilib.
NATİQ RÜSTƏMOV
(1974-1992)
Şəhid Natiq Rüstəmov 1974-cü il iyulun 20-də Ağdam rayonunun Quzanlı kəndində doğulub. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra bir müddət tikinti idarəsində fəhlə işləyib. 1992-ci il oktyabrın 6-da hərbi xidmətə çağırılıb. Ağdam və Ağdərənin kəndləri uğrunda döyüşüb. Ağdərədə iki hərbçi yoldaşı ilə mühasirəyə düşüb və şahidlərin dediyinə görə, sinif yoldaşı Səmədi döyüş meydanından çıxarmaq istəyərkən sağ gözündən snayperlə vurulub. Hər üç yoldaş eyni gündə mühasirəyə düşərək həlak olub.
ELŞƏN SƏMƏDOV
(1997-2016)
Şəhid Elşən Səlim oğlu Səmədov 20 iyul 1997-ci ildə Şamaxı rayonunun Göylər qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı il aprel 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub və doğulduğu qəsəbədə dəfn olunub. Əsgər Elşən Səmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
AĞAHÜSEYN CAVADOV
(1894-1981)
Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Ağahüseyn Xəlil oğlu Cavadovun anım günüdür. O, 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alıb. 1919-cu ildə "Səadət" məktəbini bitirib. 1920-ci ilin iyunundan müəyyən fasilələrlə Milli Dram Teatrında işləyib, bu teatrın səhnəsində bir sıra yaddaqalan rollar ifa edib. "Bəxtiyar", "Qızmar günəş altında" "Əhməd haradadır?", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Sehrli xalat" və digər filmlərdə çəkilib. Ağahüseyn Cavadov 1981-ci ilin iyulunda Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
ƏDİLƏ HÜSEYNZADƏ
(1916-2005)
Əməkdar incəsənət xadimi, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hacıağa qızı Hüseynzadənin xatirə günüdür. O, 1916-cı il aprelin 29-da Bakıda dünyaya gəlib. 1942-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb. Bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata və xor miniatürləri yaradıb. "Arşın mal alan" operettası əsasında çəkilmiş bədii filmdə Asya rolunu səsləndirib. Uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs deyib. 1944-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Ədilə Hüseynzadə 2005-ci ilin iyulunda vəfat edib.
VÜQAR HÜSEYNOV
(1969-1991)
Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynov da bu gün xatırlanır. O, 1969-cu il iyunun 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1986-cı ildə burada orta məktəbi bitirib, 1987-1989-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdıb və elektrik qaynaqçısı kimi fəaliyyətə başlayıb. 1990-cı ildə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılıb, Xocalı və Goranboy istiqamətindəki döyüşlərdə iştirak edib. 1991-ci il iyulun 20-də erməni qəsbkarlarının Goranboy rayonuna hücumunu dəf edərkən qəhrəmancasına həlak olub və doğulduğu kənddə dəfn edilib. Vüqar Hüseynov ölümündən sonra "Qırmızı Ulduz" ordeni və "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunub. Oxuduğu orta məktəb onun adını daşıyır.
(1985-2012)
Şəhid Cəfər İbrahim oğlu Cəfərovun anım günüdür. O, 1985-ci ildə Babək rayonunun Cəhri kəndində doğulub. 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. “N” hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlayıb. Bir qədər sonra motoatıcı bölüyün komandiri təyin olunub. Baş leytenant Cəfər Cəfərov 2012-ci il iyulun 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ölümündən sonra III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görülüb.