“Magistraturaya qəbul prosesini 15 sentyabra qədər bitirəcəyik. Eyni zamanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi də həmin tarixə qədər bitəcək”.
APA-nın məlumatına görə, bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, buraxılış imtahanları bitən kimi nəticələr elan olunacaq: “Artıq 9-cu sinfi bitirib orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi üçün də kifayət qədər vaxt var. Mərhələ-mərhələ bu proses gedəcək. Yalnız bir kontingent qalır, o da ali məktəblərin 1-ci kurs tələbələridir. Ola da bilsin hansısa səbəblərə görə ali məktəblərə qəbul olan birinci kurs tələbələri sentyabrın 15-də dərsə başlaya bilməsin. Bunu indidən deyə bilmərəm. Biz çalışacağıq ki, cədvələ uyğun olaraq sentyabrın 15-nə qədər bütün proseslər bitsin. Yəqin ki, birinci mərhələ bitər, amma boş qalmış yerlərə yerləşdirmə bir az vaxt tələb edə bilər”.