Ağsaqqallar Şurası Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq yayıb
05 avqust 2020 11:34 (UTC +04:00)

Ağsaqqallar Şurası Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq yayıb

Azərbaycan Ağsaqqallar Şurası Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

APA-nın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycanın xalqına, həmçinin Respublika Ağsaqqallar Şurasına ağır itki üz verib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, görkəmli ictimai-siyasi xadim, dəyərli ağsaqqalımız Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqust ayının 4-də 83 yaşında vəfat edib.

Gənc yaşlarından taleyini xalqın taleyi ilə bağlayaraq respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən Fəttah Heydərov Azərbaycanın həlledici tarixi məqamlarında həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirib, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanımızın gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin yanında olub. Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, ictimai fəaliyyət əzmi, insanlara örnək ola biləcək siyasi mövqeyi ilə fərqlənən Fəttah Heydərov əsl Azərbaycan ağsaqqalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmiş, özünün zəngin həyatı və geniş diapazonlu fəaliyyəti ilə ölkəmizin inkişafına böyük töhfələr verib. Şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş  böyüklüyü cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün bir nümunə məktəbi olub.

23 fevral 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olan Fəttah Səməd oğlu Heydərov 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1975-ci ildə isə Bakı Ali Partiya məktəbini bitirib. 1955-ci ildə Naxçıvanda Güznüt kənd klubunun müdiri kimi əmək fəaliyyətinə başlayan Fəttah Heydərov 1958-ci ildən Çeşməbasar kənd səkkizillik məktəbində müəllim işləyib. Fəallığı və yüksək məsuliyyət hissi 1966-cı ildə onu Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildə isə Ordubad rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə ucalıb. 1976-cı ildə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri kimi məsuliyyətli bir vəzifəyə irəli çəkilib. Artıq 1978-ci ilin əvvəllərində mükəmməl həyat və istehsalat təcrübəsinə sahib yetkin bir  kadr kimi Fəttah Heydərov Ordubad rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunub. 1981-ci ilin əvvəllərində Fəttah Heydərov çətin və məsuliyyətli fəaliyyətini Culfa rayon Partiya Komitəsinin birinci katibi kimi davam etdirib. 1983-1995-ci illərdə isə Fəttah Heydərov Naxçıvan MR Mədəniyyət naziri vəzifəsində çalışıb. 

Bütün bunlarla yanaşı, Fəttah Heydərov 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı kimi fəaliyyət göstərib. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetində təmsil olunan və Azərbaycan Respublikası  I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı seçilən Fəttah Heydərov bu məsuliyyətli və şərəfli vəzifəni layiqincə həyata keçiriv. 1995-2005-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü, 2005-ci ildən Regional məsələlər daimi komitəsinin sədr müavini kimi çalışan Fəttah Heydərov Parlamentin İntizam komissiyasının üzvü olaraq Milli Məclisdə normal iş rejiminin qorunması, daxili nizam-intizamın saxlanılması, etik davranışların təmin edilməsi  istiqamətində mühüm işlər görüv, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini və Hesablayıcı komissiyanın sədri vəzifələrini də uğurla yerinə yetirib.

Daim Azərbaycana xidmət duyğusunu hər şeydən üstün tutan, xalqımızın milli ruhunu yaşadan Fəttah Heydərov 16 fevral 2013-cü ildə Respublika Ağsaqqallar Şurasına sədr seçilib. Ölkəmizin nüfuzlu ziyalılarını, ictimai, siyasi, mədəniyyət və elm xadimlərini özündə birləşdirən Azərbaycan Ağsaqqallar Şurası Fəttah Heydərovun rəhbərliyi altında ictimai-siyasi proseslərdə yaxından iştirak edib, xalqımızın milli-mənəvi dəyərlərini qoruyaraq, əxlaqi normaları və sağlam həyat tərzini təbliğ edərək əhali arasında vətənpərvərlik hissinin gücləndirilməsi və vətəndaş məsuliyyətinin artırılması üçün bir çox tədbirlər həyata keçirib. Ağsaqqallarımız cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.

Fəttah Heydərov bir çox mükafatlarla, həmçinin 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1973-cü ildə “SSRİ Dövət sərhədinin qorunmasında fərqlənməyə görə” medalı, 1975-ci ildə isə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov 2008-ci ildə “Şöhrət”, 2013-cü ildə  “Şərəf” və 2018-ci ildə isə “İstiqlal” ordeninə  layiq görülüb.

Milli-mənəvi dəyərlərimizə, həmçinin dinimizə çox bağlı olan Fəttah Heydərov bir neçə dəfə müqəddəs Həcc və ümrə ziyarətlərində olub.

Allah-təala onu Vətənin və vətəndaşın tərəqqisinə istiqamətlənmiş əməli fəaliyyət göstərmək, yaxşılıq və xeyirxahlıq etmək, el-obanın dərdinə-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün yaradıb. O, Azərbaycanı tükənməz məhəbbətlə sevən, xalqımızın firavan yaşaması üçün əlindən gələni edən böyük ictimai-siyasi xadim, dəyərli ağsaqqal idi. İnsanların daim kamilləşməsinə, yüksəlməsınə can atan və bütün fəaliyyətini bu istiqamətdə quran Fəttah Heydərov minlərlə gəncə ağsaqqallıq etmiş və yolgöstərən olub. Onun ibrətamiz söhbətlərini dinləyən hər kəs həqiqətən mənəvi cəhətdən saflaşıb və zənginləşib. Təsadüfi deyil ki, Fəttah Heydərovun bu çətin, lakin şərəfli fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Lakin onun ən böyük mükafatı xalqımızın bu gözəl insana olan tükənməz sevgisi və hörməti idi. Biz əminik ki, bu sevgi heç zaman insanların ürəyindən silinməyəcək və vətənpərvər ictimai-siyasi xadimin, müdrik ağsaqqalın, əzmkar millət vəkilinin unudulmaz, əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Bütün Azərbaycan xalqına və mərhumun yaxınlarına Respublika Ağsaqqallar Şurasının Məclis üzvləri və çoxsaylı sıravi üzvləri  adından dərin hüznlə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvləri".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2392
avatar

Oxşar yazılar