Ermənistanın Ağdam şəhərini işğal etməsinin 27-ci il dönümü ərəfəsində bir qrup vətənpərvər gənc şəhəri daha yaxından tanıtmaq üçün agdam.org adlı sayt yaradıb.
Lent.az xəbər verir ki, işğaldan öncəki Ağdamı görüb, orada yaşayan gənclərdən şəhərin işğalından sonra dünyaya gələn ağdamlılara töhfə olan saytda Ağdam haqda daha dolğun məlumat yer alıb.
Saytın yaradıcıları bildirib ki, işğal edilmiş hər bir rayonumuz haqqında ətraflı və düzgün məlumatları özündə toplayan veb saytların yaradılmasını vacib hesab edirik. Qarabağ məsələsində xarici təbliğata hesablanmış kifayət qədər zəngin resurslar olsa da, unutmayaq ki, bu 30 il ərzində Qarabağı görə bilməyən, öz ata-baba yurdundan məhrum olan yeni bir nəsil formalaşıb. Bu nəsil mənsub olduğu bölgəni görmədən, tanımadan sevməli və onun üçün mübarizə aparmalıdır. İnformasiya dağınıqlığı və kirliliyi olan bir dövrdə sistemli, mərkəzləşmiş məlumat mənbələrinin olmamağının nəticələri bizim üçün ağır ola bilər.
İlk addımı bir qrup ağdamlı gənc olaraq www.agdam.org saytını yaratmaqla başlayır, estafetin digər doğma rayonlarımızla davam edəcəyinə inanırıq. Xüsusi olaraq vurğulamaq istəyirik ki, məqsədimiz Azərbaycanı bölgələrə bölmək deyil. Sadəcə əminik ki, hər kəs öz doğulduğu, böyüdüyü və bələd olduğu bölgə haqqında daha dolğun məlumata malikdir və bu bilgilərin vahid bazada toplanması üçün daha səmərəli iş görə bilər.
Saytda Ağdamın tarixi, muzey-abidələri, mədəniyyət və idman sahəsindəki uğurları, görkəmli şəxsiyyətləri, Qarabağ mətbəxi və s. haqda məlumat yer alıb. “Qarabağ savaşı” bölməsində Ağdam uğrunda gedən döyüşlər, bu döyüşlərin iştirakçıları, əsir və girov düşmüş insanlar barədə informasiya almaq mümkündür. Eyni zamanda “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən 16 şəhid barədə məlumatı da bu bölmədən oxuya bilərsiniz. “Fotoqaleriya” və “Videoxronika” bölmələrində Ağdam haqqında olan foto və videolar toplanıb.
“Azad Ağdam” bölməsi isə Ağdamın erməni işğalında olmayan hissələrinə səfər edən insanlar üçün bələdçi funksiyasını daşıyır. Burada olan görməli yerlər, inzibati bina və ictimai-iaşə obyektləri haqda məlumatın yer aldığı bölmə həm də oradakı kiçik sahibkarlara dəstək məqsədi daşıyır.
İlin sonuna qədər saytın rus və ingilis dilli versiyalarının təqdim olunması nəzərdə tutulub. Eyni zamanda, sayt mütəmadi olaraq yenilənəcək. Ağdam barədə araşdırmaları, nadir foto və videoları [email protected] ünvanına göndərməklə resursun daha da zənginləşməsinə dəstək ola bilərsiniz.