408 vakant vəzifə üçün müsahibə elan edildi
05 avqust 2020 17:17 (UTC +04:00)

408 vakant vəzifə üçün müsahibə elan edildi

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ümumilikdə, müsahibəyə çıxarılan 408 vakant vəzifənin 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 3 sentyabr 2020-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması” nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə, müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək üçün dövlət qulluğu vəzifələri üzrə müsahibələr onlayn qaydada təşkil edilir. Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulurlar.

Bu gün elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlər, qeydiyyatdan keçdikdən sonra 3 sentyabr 2020-ci il saat 18:00-dək mərkəzin internet portalından https://eservices.dim.gov.az/dqq/Elan/OnlineMsh linkinə daxil olmaqla müsahibələrin təşkili üçün DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcəkdir. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl mərkəzin internet portalında yerləşdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5572
avatar

Aygün İbrahimli

Oxşar yazılar