1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilib
16 iyul 2020 05:56 (UTC +04:00)

1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilib

 

“Ümumiyyətlə, bu il məhsuldarlığa təsir edə biləcək ən böyük risk quraqlıq və su çatışmazlığıdır. Bu konteksdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılmasına başlanılıb. İlkin olaraq 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub. Artıq 32,6 min hektar sahədə şum və digər səpinqabağı işlər aparılıb, 27,5 min hektar sahədə səpin işləri həyata keçirilib. Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çuğunduru, bostan, tərəvəz əkinləri üzrə tədbirlər davam etdirilir. 2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Cari tarixə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülür: “Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin altı ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib. Bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiyalaşdırılması üzrə fermerlərin adından çoxsaylı müraciətlər daxil olmaqdadır. Bu müraciətlərin icrası üçün əlavə vəsait ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Sizin aprel ayında imzaladığınız Sərəncama əsasən fermerlərimizin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilibdir. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üzrə komissiyanın koordinasiyası ilə regionlarda dövlət aqrar inkişaf mərkəzlərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələri və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti əlaqələndirilib, suvarma qrafikləri tərtib olunub və qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2542
avatar

Oxşar yazılar