Bakıya “çəkilmiş” dağ
22 iyul 2011 19:42 (UTC +04:00)

Bakıya “çəkilmiş” dağ

Bakını, onun bütün sifətlərini, insanlarını və hər gün necə dəyişdiyini görmək, onun körpə uşaq kimi gün-gün böyüdüyünü, boyunun ucaldığını, “qısalar”ın isə zamanla ucaların altında qalaraq əzildiyini müşahidə etmək, Xəzərə toxunmaq, onun nəfəsini ciyərlərində duymaq, çirkinliklərlə dolmuş ruhunu bir anlıq saflaşdırmaq, müqəddəs ruhlar qarşısında günahlarınla üzləşmək, şəhid ucalığı qarşısında kiçikliyini anlamaq üçün yer tapmaq lazım olsa, hara gedərsiniz?


Çox fikirləşməyə gərək yoxdur. Yuxarıdakı cümləni daha da uzada, qəlizləşdirə, təsvirləri və deyəcəyim məkanın özəlliklərini daha da sıralaya bilərdim, ancaq Dağüstü Parkın özəlliyini anlamaq üçün ən azı bir dəfə oradan Bakıya, Xəzərə və özünə baxmaq lazımdır. O zaman girişdəki cümlənin nə qədər qısa və Dağüstü Parkı ifadə edə bilməyəcək qədər kasıb olduğunu anlayacaqsınız.


Çəmbərəkənd qəbiristanlığı, Dağüstü Park, Kirov Parkı, Şəhidlər Xiyabanı. Və daha çox Şəhidlər Xiyabanı. Yüz il ərzində adını və simasını bir neçə dəfə dəyişən məkan artıq 20 ildən çoxdur ki, Azərbaycan xalqının, Bakının, Xəzərin və Tanrının ehtiramla yanaşdığı ən müqəddəs, ən pak və ən möhtəşəm məkandır.


Burada nə vaxt qəbiristanlıq salındığı barədə bir mənbə azdır. Ancaq burası dəqiqdir ki, bura həmişə Azərbaycanın istiqlalı, torpağının qarışı və azadlığı uğrunda mübarizə aparan müqəddəs adamların müqəddəs məkanı olub, ta 1918-ci ildən bəri. 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı və türk əsgərlərinin şəhid ruhlarının göylərə ucaldığı müqəddəs Xiyaban daha sonra Azərbaycanın Sovet işğalçıları tərəfindən zəbt edilməsinin ardınca ləğv edilmiş və adı dəyişdirilərək, Dağüstü Park qoyulmuşdu. Müqəddəs şəhidlərin məzarları üzərində isə mənfur bolşeviklər əyləncə kompleksləri tikmişdilər (Həmin məzarların qalıqları isə illər sonra yeni şəhid nəşlərinin gəlişinin ardınca torpağın altından çıxarılacaqdı). Bura 1924-cü ildən 1990-cı ilə qədər bu istiqamətlə fəaliyyət göstərmişdi. Ta ki, müstəqil Azərbaycan özünün azadlığını elən etməyə bir addım qalmış baş verən qanlı yanvar faciəsinə qədər.


1990-cı il. 19 yanvar gecəsi...

Bakının taleyinin bu hissəsi ilə bağlı çox oxumusunuz, çox eşitmisiniz, odur ki, bir də yazıb, qaysaqlamayan yaranı duzlamamaq xatirinə tarixin bu qanlı səhifəsinin vərəqləyirəm. Ancaq bunu qeyd edim ki, həmin gecənin ertəsi 26 Bakı Komissarı rayonun rəhbərliyinin dirənişinə baxmayaraq, Dağüstü Park yenidən müqəddəs ruhlarını, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı öz ucalığına qəbul elədi. Köhnə adına yenidən qovuşan xiyaban şəhidlərlə bir daha ucaldı. Və Dağüstü Park – Şəhidlər Xiyabanı 51 müqəddəs nəşə qoynunu açdı.

İndi yeni tarixi burda dondurub, 70 il geriyə boylanaq.
Sergey Kostrikov. Bu ad tanış gəlmədi sizə? Bəs yaxşı, Kirov necə? İndi tanıdınız. Marksist inqilabın özünə təxəllüs seçən yeganə nümayəndəsi. 1934-cü ildə elə inandığı və uğrunda minlərlə azərbaycanlını, türkü qırğına verdiyi marksist-leninist ideyalarının daşıyıcısı olan Trotskinin yaxın adamı Leonid Nikolayev tərəfindən qətl edilən Kirov ölümündən sonra belə, qanına əl buladığı Azərbaycan xalqının üzərindən çəkilmədi. 1921-1925-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Kirov öldükdən sonra Dağüstü Parkda abidəsi ucaldıldı və park onun adı ilə anılmağa başlandı. Azərbaycan müstəqillikdən qazandıqdan sonra isə Kirovun Şəhidlər Xiyabanında ucalan mənfur abidəsi uçurdularaq, tarixin ləkəli səhifələrində öz yerini aldı.

Qayıdaq bu günə.


Dağüstü park Bakının tam ortasında yerləşir desək, yanılmış olmarıq. Onu mərkəzlə Funikulyor birləşdirir. 60-cı ildə sovet rejiminin 40 illiyi münasibətilə inşa edilib. Yenidən və yenə də təmirdə olduğu üçün işləmir. Dağüstü Parkın ziyarətçilərini düz 500 metr hündürlüyə qaldıran bu dəmir yol xətti indi daşımasa da, vaxtında saatda 2 mindən çox sərnişin daşıyarmış Bakı vurğunlarının toplaşdığı zirvəyə.


Qalxıram, Bakıya yuxarıdan baxam. Bakı Dağüstü Parkdan elə görünür. Pilləkənlər bir-bir geridə qalır. Zirvəyə yaxınlaşdıqca Xəzərin küləyi öz qoxusunu ciyərlərimə ərməğan edir. 1, 2, 3, 4, 5, ..., 185, 186 və budur, Dağüstü Parkın ən hündür yerindəyik. İki onillik əvvəl bu pilləkənlərin sonunda ziyarətçiləri Kirovun siması qarşılayır və yenə sərt baxışları ilə pilləkəndən üzüaşağı yola salırdı.


Kirov da ölümündən sonra xoşbəxt olanlardandı. Niyə də olmasın?! Bakının ən gözəl yerindən, gözəl Xəzərin ən gözəl əsəri olan Bakının gözəlliyinə tamaşa etmək qədər xoşbəxtlik ola bilərmi? Özü də nə az nə çox, 50 ildən artıq. Bəlkə də Bakı sakinləri yatanda gecələr Bakını qoruyurmuş Kirov öz baxışları ilə. Zirvədən bütün şəhəri nəzarətdə saxlayırmış. Nə də olsa, yaxşı tanıyırdı. Bakı ona görə açılıb, saçıla bilmirdi. Bəlkə də qorxurdu Kirovun baxışlarından. İndi ona görə daha gözəl olub. Özünü daha rahat, azad hiss edir. Kirovun acı baxışları daha üzərində deyil.


Bakının gecəsinə, gündüzünə dayanmadan, yorulmadan baxmaq, baxıb valeh olmaq Kirovdan başqa neçə adama nəsib olub, bilmirəm?! Ancaq özümüzə təskinlik verək. Bizim Bakı Kirovun Bakısından daha gözəldir. İllər bir Xəzəri dəyişə bilməyib, Xəzərin qoynu isə başqalaşıb. Öz hündür binaları, yeni tikililəri, bir-birindən yaraşıqlı müasir kompleksləri ilə. Bakının işıqları da dəyişib sanki, ya da Dağüstü Park işıqları belə dəyişdirir. Öz tilsimi ilə işığa belə, yeni ahəng verir. İndi kim deyə bilər ki, əvvəllər burada Kirov adlı birinin heykəli olub?! Dümdüz məkan. Hazırda çayxana kimi fəaliyyət göstərir. Əvvəllər isə keçmiş kişilərin dediyinə görə, rəqs meydançası imiş Kirovun heykəlinin ətrafı.


...İlahi, Bakı bu qədərmi gözəlmiş?! Bir ovuc olub zirvədən. Amma o qədər də böyüyüb. Necə ucalıb Bakı? Xəzərin qoynunda onun gözəlliyindən zövq alan paytaxt bu uca zirvədən Xəzər qədər cazibədar görünür. Keçmiş rəqs meydanı, müasir çayxananın altında isə gənclərin sənət əsərləri öz əksini tapıb. Baxımsız, zibillik halında olan geniş zalda “qrafiti” ilə məşğul olan gənclər rəsmlərini divarlara həkk ediblər. Şəkillərdə də göründüyü kimi onlar, hətta vaxtilə atalarının babası rolunda çıxış etmiş Lenini belə, müasirləşdirib, rəngdən tanınmaz hala salıblar. Zalda sovetlərin 40 illiyinə həsr edilmiş maraqlı bir abidə də var. Dağüstü Parkın qiymətsizliyinin fonunda parkın ən gözəl yerinin bu qədər baxımsız qalması şəhər rəhbərliyinə istənilən halda başucalığı gətirmir. Bunu, yumşaq mənada tarixə sayğısızlıq adlandırmaq olar.


Dağüstü Parkın ərazisində bir çox maraqlı məkan da var. Yaşıl Teatr, Gülüstan Sarayı, Şəhidlər Məscidi. Şəhidlər Xiyabanı və Türk şəhidliyini isə xüsusi qeyd etmək istəmirəm. Bu barədə xəbərsiz olan oxucu olmaz hər halda.


Bakıya dönək. Siz heç Bakının gecələr necə gözəlləşdiyini bilirsiniz? Şəkillərə baxandan sonra mütləq bir gecə Dağüstü Parka qalxıb, oradan gözələ tamaşa edəcəksiniz. Gecələr al-əlvan işıqlarla makiyaj olunan Bakı öz işıqları ilə Xəzərin cazibədarlığına xüsusi önəm verir. Gecələr Dağüstü Parkdan Xəzərə baxanda əl atıb ləpələrlə qucaqlaşacağını sanır adam. Ləpələri tutmaq, tutub Bakıya sarı tullamaq istəyir. Yanağı Xəzərin ləpələri ilə bir azca islanan Bakı gözəlliyindən heç nə itirməz, hətta sulu-sulu daha heyranedici olar.


Yazı Dağüstü Park haqqında olsa da, Bakıdan daha çox danışdıq. Bakı unutdurdu sanki Dağüstü Parkı. Amma Dağüstü Park Bakı qədər insafsız gözəl deyil, öz sevgilisinə sadiqdir. O, heç vaxt unudulmağa qoymayacaq Bakını. Dağüstü Park elə Bakını bu qədər gözəl göstərmək üçün dağ üstü olub. Bir-birinə sevgi ilə bağlıdır, bu iki obyekt. Bakı olmasa, Dağüstü Park, Dağüstü Park olmasa, Bakı bu qədər gözəl görünməzdi.

Bakıya bir də baxın. Dağüstü Parkın gözüylə.

Qazanarsınız.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496

Oxşar yazılar