Avtomobil siqnalları sizə mane olurmu? - SORĞU
04 iyun 2011 17:58 (UTC +04:00)

Avtomobil siqnalları sizə mane olurmu? - SORĞU

Mərkəzin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlı Lent.az-a bildirib ki, tədqiqatda respondent qismində 80 paytaxt sakini iştirak edib.

Onların 53 faizi kişi, 47 faizini qadın respondentlər təşkil edib. Respondentlərin yaş göstəriciləri 19-62 yaş aralığındandır. Onların 42 faizi ali, 23 faizi orta, 23 faizi tələbə və 13 faizi texnikum məzunlarıdır. Respondentlərin 54 faizi şəhər mərkəzi (Səbail, Yasamal və Nəsimi rayonları), 33 faizi mikrorayon və 13 faizi Əhmədli və 8-ci kilometr sakinləridir.

“Öz şəxsi minik avtomobiliniz varmı” sualına respondentlərin 66 faizi “xeyr”, 34 faizi “bəli” cavabını verib.

Araşdırma zamanı respondentlərin 87 faizinin şəhər nəqliyyatından istifadə etdikləri məlum olub. Onlardan həm metrodan, həm də avtobuslardan istifadə edənlərin faizi daha yüksəkdir (49%). Yalnız avtobusdan istifadə edənlər 19 faiz, yalnız metrodan istifadə edənlər isə respondentlərin cəmi 32 faizini təşkil edir.

“Sizi şəhərdəki avtomobillərin istifadə etdikləri yersiz siqnalların səsi narahat edirmi” sualına respondentlərin əsas hissəsi - 62 faizi “bəli, edir” cavabını verib. Respondentlərin 38 faizi isə “xeyr, etmir” cavabını verib. “Xeyr etmir” cavab variantını seçənlər arasında nisbətən gənc olan və avtomobil sahibi olan respondentlərin sayı üstünlük təşkil edir.

“Sizcə hansı növ nəqliyyat vasitələri və onların sürücüləri lazımsız siqnallardan daha çox istifadə edir” sualına respondentlərin 44 faizi “ümumi sərnişin nəqliyyatı sürücüləri”, 28 faizi “şəxsi minik avtomobilləri sürücüləri” və 28 faizi “avtoxuliqanlar” olaraq qeyd edib.

“Sizcə lazımsız yerə istifadə olunan siqnallar daha çox hansı fəsadlara yol açır” sualına isə respondentlərin 47 faizi “əsəb gərginliyinə səbəb olur”, 47 faizi “şəhərdə gurultuya səbəb olur”, 6 faizi isə “heç bir mənfi təsiri yoxdur” cavab variantını seçib.

“Sizcə yersiz siqnallardan istifadənin qarşısını almaq üçün hansı sanksiyalar tətbiq olunmalıdır” sualına respondentlərin münasibəti fərqli olub. Belə ki, onların əsas hissəsi (47%) “pul cəzası tətbiq olunmalı və mövcud olan cəzaların miqdarı artırılmalı” variantını, 33 faizi “sürücülük vəsiqəsinə bal yazılmalı” variantını, 16 faizi isə daha radikal addım olan “sürücülük vəsiqəsindən müəyyən müddət üçün məhrum olunmalı” variantını qeyd edib. 4 faizi isə “bu cür xətalara yol verən ümumi nəqliyyat vasitəsi sürücüləri işdən azad olunmaldır” variantını seçib.

Mərkəzin rəhbəri Əbülfəz Süleymanlının sözlərinə görə, “sorğunun ümumi nəticəsi belə bir fikir söyləməyə əsas verir ki, xüsusilə tıxacların artdığı və havaların istiləşdiyi bu günlərdə sürücülərin yerli-yersiz və təyinatsız səs siqnallarından istifadə etmələri insanları həm ciddi narahat edir, həm də əlavə əsəb gərginliyinə səbəb olur. Aparılan müşahidələr və bu mövzudakı tədqiqatlar onu da göstərir ki, bu vəziyyət həm insanların istirahət hüququnu pozur, həm də insanların intellektual inkişafına mənfi təsir göstərir. Həkimlər isə qeyd edirlər ki, bu cür halların nəticəsində meydana gələn stresslər ürəyin çalışma sistemində narahatlığa səbəb olur.

Müşahidələr daha bir reallığı aşkara çıxarıb. Bəzi insanlarda siqnal vermək vərdişi həqiqətən də bir xəstəlik və maniya formasında özünü büruzə verir. Bəzi sürücülərin öz eqolarını təmin etmək üçün bundan istifadə etdikləri müəyyən olunub. Qeyd edək ki, bir neçə on il əvvəl Türkiyədə lazımsız yerə siqnaldan istifadə edən sürücülər əsəb xəstəlikləri dispanserində müalicəyə göndərilirdi.

Xarici ölkələrdə isə siqnal vermək nəinki qadağandır, eyni zamanda insanları təhqir etmək kimi qəbul olunduğu üçün qanuna müraciət edildiyi təqdirdə vətəndaşı bu formada narahat edən şəxs cəzaya məhkum olunur. Məsələn, dünyanın ən səsli şəhərlərindən biri hesab olunan Nyu-Yorkda lazımsız yerə istifadə olunan siqnallar üçün tətbiq olunan cərimənin məbləği 350 ABŞ dolları, yəni təqribən 300 AZN-dir.

Əbülfəz Süleymanlı hesab edir ki, bu gün ölkə rəhbərliyi tərəfindən şəhərin infrastrukturunun yenidən qurulması və şəhərin ümumi görüntüsünün Avropa standartlarına uyğunlaşdırılmasına çalışıldığı bir dövrdə bu cür mənfi məqamların qarşısının alınmasında əhali də müvafiq orqanlara kömək etməli, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin bu cür hərəkətlərə yol verən sürücüləri ən azı şifahi şəkildə və yüksək səslə qınamaları vacibdir. “Eurovision” müsabiqəsini qəbul etməyə hazırlaşan şəhərin insanları da mütləq öz davranışlarını yenidən gözdən keçirməli, şəhərimizin nüfuzuna xələl gətirəcək davranışlara yol verməməlidirlər: “Biz tədqiqat mərkəzi olaraq bu səpkidə olan araşdırmalarımızı gələcəkdə də davam etdirəcəyik və şəhərimizin Avropa standartlarına çatdırılmasında, xüsusilə sakinlərin şəhər mədəniyyəti normalarına uyğunlaşmalarına öz töhfəmizi verməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar