İradə Yaqubova: “Ölkədə uşaq televiziya kanalı açılmalıdır”
25 may 2011 15:08 (UTC +04:00)

İradə Yaqubova: “Ölkədə uşaq televiziya kanalı açılmalıdır”

Sorğu gənc nəslin təlim-tərbiyəsində və kamil bir şəxsiyyət kimi formalaşmasında incəsənətin rolunun bu gün dəyərləndirilməsini və yaradılmış imkanlardan istifadə edilməsinin mövcud vəziyyətini və problemlərini araşdırmaq məqsədilə təşkil olunub.

Mərkəzin direktoru İradə Yaqubovanın Lent.az-a verdiyi məlumata görə, sorğu Bakı şəhəri məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri arasında aparılıb. Sorğu zamanı incəsənətin uşaqların formalaşmasında rolu respondentlər tərəfindən əsasən müstəsna rol kimi qiymətləndirilib. Valideynlərin yalnız 2,0%-i övladlarının dərnəklərə getdiklərini deyib. “Xeyr” cavabını verən valideynlərin hamısı bunu arzuladıqlarını bildirib. Onların 6,4%-i uşağı aparıb-gətirməyə vaxtlarının və ya imkanlarının olmadığını, 76,8%-i uşaqların ev tapşırıqlarının hazırlanması üçün çox vaxt tələb edilməsi nəticəsində asudə vaxtının qıtlığını, 14,8%-i isə sadəcə olaraq mövcud imkanlar, yəni dərnəklər barədə məlumatsız olduqlarını qeyd ediblər.

Direktor vurğulayıb ki, rəsmi məlumatlara əsasən, hazırda Təhsil Nazirliyi nəzdində 83 uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6691 qrupda 89628 uşaq məşğul olur, 2827 pedaqoji işçi çalışır. Müxtəlif səpkili dərnəklərdə uşaqlar rəqs, mahnı, dram, qiraət, tikiş, modelçilik və s. sahələrdə bacarıqlar əldə edirlər: “Apardığımız araşdırmalar hər bir rayonda uşaq yaradıcılıq mərkəzlərinin həqiqətən fəaliyyət göstərməsini aşkar edib. “Həqiqətən” ifadəsindən ona görə istifadə etmişik ki, bu kollektivlərin mövcudluğu və fəaliyyətləri barədə məlumatlandırma yox səviyyəsindədir, hətta müasir axtarış üsullarından ən önəmlisi olan İnternetdə də. Yeganə olaraq öz saytına malik olan “Günay” Uşaq Teatrını və “Facebook”da iki kollektivi - “Şərq Çırağı” uşaq yaradıcılıq mərkəzi və “Təbəssüm” uşaq studiyasının yerləşdirdiyi məlumatı tapa bilmişik. Halbuki, bu gün uzun illər fəaliyyət göstərən və ölkəmizi xaricdə müvəffəqiyyətlə təmsil edən bir çox uşaq kollektivləri var. Burada uşaqlarımızın fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün bacarıqlarını əsirgəməyən və fədakarcasına çalışan uşaq kollektivlərinin rəhbərlərinin və digər işçilərinin əməyini qeyd etmək istərdim. İncəsənətin möcüzəli gücünün təsirini daun sindromlu şəxslərin assosiasiyasının “Dəcəllər” teatrının üzvlərinin səhnədəki mahir çıxışlarında görmək olar. İncəsənətin və yardımçı olan peşəkarların köməyi ilə onlar çətin talelərinə baxmayaraq cəmiyyətin digər üzvləri kimi özlərini hiss edə bilirlər”.

İ. Yaqubovanın fikrincə, uşaq yaradıcılıq mərkəzlərinə dair məlumat ilk növbədə müvafiq rəsmi qurumların saytlarında yerləşdirilməlidir: “Bu gün Mədəniyyət və Turizm Nazirliyinin saytının “Mədəniyyət obyektləri” bölümündə tabeçiliyində olan dörd kollektivin yalnız adlarını və telefon nömrələrini görmək olar. Onların fəaliyyəti və nailiyyətləri ilə bağlı heç bir məlumat yoxdur. Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin çox sayda olduğuna baxmayaraq, nazirliyin saytında “Məktəbdənkənar təlim və tərbiyə” bölümündə yalnız ümumi xarakterli məlumatlar yerləşdirilib. Halbuki, heç olmasa uşaq yaradıcılıq mərkəzlərinin siyahısı, onların ünvanları, əlaqə telefon nömrələri, orada fəaliyyət göstərən dərnəklərin adları kimi məlumatların yerləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən məktəblər və uşaq yaradıcılıq mərkəzləri arasında əlaqələrin qənaətbəxş tərzdə qurulmaması da mövcuddur. Nəticədə isə valideynlər uşaqlar üçün yaradılmış imkanlar barədə xəbərsizdirlər: sorğu zamanı valideynlərin 85,3%-i mərkəzlər barədə bilmədiklərini qeyd ediblər”.

Aşkarlanan problemlərin həlli üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi uşaq yaradıcılığının işıqlandırılması və təbliğini təmin edən, bütün ölkə ərazisinə yayımlanan uşaq televiziya kanalının açılmasını zəruri sayır. Bundan başqa mərkəz uşaq yaradıcılığına dair mövcud qanunvericiliyin təkmilləşdirilməsini, uşaq yaradıcılığına xeyriyyəçilik edən təşkilatların vergilərin azaldılması yolu ilə stimullaşdırılmasını, Uşaq İnternet Portalının yaradılmasını, məktəblilərin mədəni irsə yiyələnməsi məqsədilə teatr və digər sənət ocaqlarına pulsuz (Təhsil nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, xeyriyyə fondları və digər mənbələr biletlərin dəyərini ödəməklə) və ya güzəştli abonement kart sisteminin tətbiqinə başlanılmasını, uşaq yaradıcılıq kollektivlərinin inkişafı üçün vacib olan çıxışları təmin etmək, habelə uşaq və gənclərin mədəni-mənəvi tərbiyələndirilməsi, asudə vaxtının mənalı və faydalı keçirilməsinin təşkili məqsədi ilə uşaq əyləncə mərkəzlərinin (uşaq mədəniyyət evləri) açılmasını təklif edir.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar