Gülsel Səfərova: “Biz bu iddiada olsaq, o gün gələcək...” - MÜSAHİBƏ - FOTO
06 may 2011 15:58 (UTC +04:00)

Gülsel Səfərova: “Biz bu iddiada olsaq, o gün gələcək...” - MÜSAHİBƏ - FOTO

Aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması prosesində gəncləri aktiv olmağa çağırıb. Bu görüşdə iştirak edən və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan İşçi Qrupunun üzvü olan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova gənclərimizin böyük potensiala malik olduğunu vurğulayır...

Gülsel Səfərova – 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Politologiya ixtisası üzrə Bakı Dövlət Universitetini bitirib, 2007-ci ildə eyni ixtisas üzrə magistr dərəcəsi alıb. 2006-cı ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi vəzifəsində çalışıb. 2007-ci ildən isə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədridir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının layihəsini hazırlayan İşçi Qrupunun üzvüdür.

- Azərbaycan gəncləri ölkədə vətəndaş cəmiyyəti quruculuğunda aktiv iştirak edirlərmi?

- Bu gün Azərbaycan gəncliyinin müxtəlif mərhələli inkişafını müşahidə edirik. 5, 10 il öncə gəncliyimizin müsbət istiqamətdə inkişafı sahəsində bir sıra addımlar atılıb. Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclik cəmiyyətdə fəal, aktivdirsə, ictimai-siyasi proseslərə münasibətini bildirirsə, bu həmin cəmiyyətin, dövlətin uğuru deməkdir. Əgər cəmiyyətdə gənclər fəallıq nümayiş etdirirsə, bu o dövlətdə demokratik dəyərlər üstündür. Bu baxımdan, Azərbaycanda son illər bu halları müşahidə edirik.

- Azərbaycan dövlətinin yürütdüyü gənclər siyasətini necə dəyərləndirirsiniz?

- Gənclər siyasətinin əsas prioritetləri gənclərə müəyyən imkanların açılmasını, azərbaycançılıq, dövlətçilik, milli dəyərlər fonunda Azərbaycan gənclərinin müxtəlif arenalarda özünü ifadə etməsini özündə əks etdirir. Artıq vətəndaş cəmiyyətində bir fəallıq müşahidə olunur. Hər il Ədliyyə Nazirliyində qeydiyyatdan keçən gənclər təşkilatlarının sayı ikiqat artır. Qeyri-formal olaraq təşəbbüs qrupları da fəaliyyət göstərir. Həmin gənclər Azərbaycanın inkişafı istiqamətində ictimai-siyasi proseslərə öz mövqelərini bildirmək istəyirlər və bunu da müəyyən qədər edirlər.
Azərbaycan əhalisinin 40 faizini gənclər təşkil edir. Azərbaycanın dövlət strukturlarında da gəncləşmə siyasəti həyata keçirilməyə başlanılıb. Gənclərə nə dərəcədə geniş imkanlar yaradılarsa, bir o qədər çox innovativ ideyaların, təşəbbüslərin şahidi olarıq. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-2015-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın hazırlanması ilə bağlı sərəncam imzalaması da biz gənclər üçün bir hədiyyə oldu. Bu, 2011-ci ildən başlayaraq Azərbaycan gəncliyinin inkişafında yeni bir mərhələyə qədəm qoyulması deməkdir. Söhbət artıq fəlsəfi deyil, praktik ideyaların həyata keçirilməsindən gedir. Biz İşçi Qrupunun tərkibinə daxil edilmişik. Bu Dövlət Proqramının özəlliyi budur ki, burada həm universal, həm milli dəyərlər, dövlətçilik, azərbaycançılıq yenə öz əksini tapır. Gənc mütəxəssislərin inkişafı, gənclərin sosial problemlərinin həllinə yönəlik konkret addımlar ön plana çəkiləcək. Prezident Dövlət Proqramının hazırlanması üçün 2 ay vaxt verib. Bu 2 ay müddətində müxtəlif ictimai müzakirələr həyata keçiriləcək. Gənclərin bu gün cəmiyyətdə üzləşdikləri problemlər və o problemlərin aradan qaldırılması istiqamətində görülməli olan işlərdən söhbət gedir.

- Dövlət Proqramının ilkin versiyası hazırlanıbmı?

- Artıq müəyyən istiqamətlər üzrə ilkin versiya hazırlanıb. Bu sırada gənclərin məşğulluğu, yaradıcılıq qabiliyyətlərinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsini qeyd etmək olar. Gənc alimlərin, yaradıcı gənclərin sosial müdafiəsi və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi də burada yer alır. Demək olar ki, Dövlət Proqramında 10 istiqamət artıq müəyyənləşib. Müasir çağırışlara uyğun gənc nəslin yetişdirilməsi prioritet kimi ortaya qoyulub. Çünki qloballaşan dünyada internet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ona görə də bu vacib fenomeni yaddan çıxarmamalıyıq. Bu, Dövlət Proqramında öz əksini tapır.

- Siz Dövlət Proqramı ilə bağlı hansı təklifləri vermisiniz?

- Bizim təkliflər kifayət qədər çoxdur. Gənclərin sosial müdafiəsi, elmi inkişafa dəstəklə bağlı bir sıra təkliflərimiz var. Aprelin 21-də Prezident İlham Əliyevlə görüş zamanı mən təşkilatımızın təkliflərini irəli sürdüm. Bu, ilk dəfə gənclərlə belə geniş formatda keçirilən bir görüş idi. Prezidentin sayəsində elə bir səmimi atmosfer yaranmışdı ki, gənclər fikirlərini tam sərbəst şəkildə ifadə edirdilər. Gənclərin əksər problemlərini əhatə edəcək suallar, təkliflər verildi. Prezident də bu təkliflərin əksəriyyətini dəstəklədi və Dövlət Proqramında nəzərə alınacağını söylədi.
Qeyd edim ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı intellektual təhlükəsizlik məsələsinə çox böyük önəm verir. Dünyaya töhfə vermək istəyən xalqlar, dövlətlər özlərinin bir intellektual modellərini, intellektual təhlükəsizliklərini formalaşdırırlar. Azərbaycan bu gün artıq elə iqtisadi, sosial, siyasi potensiala malikdir ki, istər Azərbaycan gəncliyi modeli, istər digər formada dünyaya bir töhfə verə bilər. Əgər biz gənclərdən danışırıqsa, bu gün gənclərin qarşısında duran əsas məsələ iddia ilə bağlıdır. Azərbaycan gəncliyi ilk növbədə iddialı olmalıdır. Gəncliyimiz Azərbaycanın Yaxın Şərqdə beyin mərkəzinə çevrilməsinə iddialı olmalıdır. Bu, çox vacib məsələdir. Azərbaycan gəncliyinin potensialı, yaradıcılıq qabiliyyəti buna imkan verir. Azərbaycan Yaxın Şərqin beyin mərkəzi olarsa, bu o deməkdir ki, Azərbaycanda keyfiyyətli düşünmənin yüksək səviyyəsi var. Keyfiyyətli düşünmə olan halda ixtiralar saysız olacaq. İxtira da o deməkdir ki, sən qloballaşan dünyaya ancaq töhfələr verirsən. Töhfə qeyri-neft sektorunun inkişafı, ölkəyə milyardlarla vəsaitin gəlməsi deməkdir. Eyni zamanda cəmiyyətin intellektual səviyyəsi dayanmadan artır. Burada söhbət texniki yox, humanitar elmlərdən də gedir. Elə bir model formalaşmalıdır ki, bütün sahələri özündə əks etdirən elmlərdə ixtiraların sayı çoxalsın. Bunu dünyaya Azərbaycan gəncliyi verməlidir. Belə olan halda heç bir mənfi təsir Azərbaycanda özünə yer tapa bilməyəcək. Dünyanın artıq Azərbaycan gəncliyi, Azərbaycan elmi ilə hesablaşmaq anı gəlib çatacaq. Biz bu iddiada olsaq, o gün gələcək. Mən prezidentlə görüşdə bu məsələ ilə bağlı çıxış etdim.

- Bəs Azərbaycanda intellektual təhlükəsizliyin formalaşdırılması üçün hansı addımlar atılmalıdır?

- İlk addım olaraq Keyfiyyətli Düşünmə Mərkəzinin, İxtiraçılıq İnstitutunun yaradılmasını təklif etdim. 20 il əvvəl SSRİ məkanında yeganə olaraq Azərbaycanda belə bir institut olub. O institut sayəsində olan ixtiralar yalnız ABŞ-ın ixtiraları ilə müqayisə edilib. Digər MDB dövlətlərini, Türkiyəni çox qabaqlamışıq. Bu institut SSRİ Azərbaycanında, Bakıda idi. Hazırda həmin institutun müəllim heyəti az da olsa, qalıb. Biz o müəllimləri tapıb, işlərini araşdırmışıq. Onlar yenə də ixtiraçılıqla məşğuldurlar. Ancaq çox cüzi işlər görürlər. Çünki ixtiraçılıq Azərbaycanda elə də yüksək səviyyədə olmadığından o müəllimlər müxtəlif işlərlə məşğuldurlar. Belə bir institutun yenidən SSRİ yox, artıq qloballaşan dünyanın qaydalarına uyğun yaradılması sayəsində biz iddialarımızın gerçəkləşməsinə gəlib çıxa bilərik. Prezidentlə görüşdə səsləndirdiyim digər təklif region gəncləri ilə bağlı oldu.

- Region gəncləri ilə bağlı nə təklif etdiniz?

- Region gəncləri bizim gəncliyimizin əksər faizini təşkil edir. Region gəncləri paytaxt gənclərindən daha passivdirlər. Gəclər elə bilirlər ki, cəmiyyətə tam inteqrasiya oluna bilmirlər. Bu fonda region gənclərinin forumunun keçirilməsini, bu forumda prezidentin iştirak etməsini təklif etdim. Prezidentin fikirlərini, ideyalarını birbaşa gənclərə çatdırması çox gözəl olardı və bu, region gənclərinin aktivliyini artıracaq. Bilirəm ki, prezident regionlara səfərləri zamanı gənclərlə də görüşür. Amma region gənclərinin forumunun keçirilməsi və prezidentin bu forumda gənclərdə ünsiyyətdə olması çox yaxşı olardı. Çünki bu formatda keçirilən bu görüş digər dövlətlər üçün bir örnək olacaq. Prezident də bu təklifi dəstəklədi.

- Yeri gəlmişkən, bu gün xüsusən Azərbaycanın inkişafında həlledici rol oynayacaq intellektual gəncliyin əsas problemi mənzil təminatı ilə bağlıdır. Dövlət Proqramında bu problemin həlli istiqamətində addımların atılması nəzərdə tutulurmu?

- Bizim təkliflərimiz daha çox intellektual gəncliyin formalaşması və qloballaşan dünyada söz sahibinə çevrilməsi ilə bağlıdır. Məsələn, bizim təkliflərdən biri Azərbaycanda Sosial Elmlər Klubunun formalaşması ilə bağlıdır. Çünki Azərbaycanda minlərlə gənc sosial elmlər üzrə ali təhsil alıb. Sosial elmlərlə məşğul olan gənclərə dövlətçilik, azərbaycançılıq kimi milli dəyələr hopmalıdır. Bu bizim üçün prioritet olmalıdır. O Klubda intellektual gənclik nələr etməlidir, onu müzakirə etməliyik. Məsələn, Milli Məclis kifayət qədər qanun qəbul edib. Qanunlardan birini götürüb, müzakirəyə çıxaracağıq. Yaxud başqa sahələrlə bağlı da bir sıra dövlət proqramları həyata keçirilir. Bu dövlət proqramlarını da gəncliyin müzakirəsinə çıxaracağıq. Bu müzakirələrin nəticələrini də audiyyatı dövlət qurumlarına təqdim edəcəyik. Bu, sosial elmlərlə məşğul olan gəncliklə dövlət arasında bir dialoq, körpü rolunu oynayacaq və qarışlıqlı surətdə əməkdaşlıq olacaq.
Konkret mənzil məsələsinə gəlincə, əlbəttə, Dövlət Proqramında intellektual gəncliyin mənzil probleminin həlli əksini tapacaq. İpoteka ilə bağlı prezidentlə görüşdə artıq təklif irəli sürüldü. İpotekanın gənclər üçün daha sadələşdirilməsi təklif edildi. Prezident də bunu nəzərə aldı və ipotekanın həcminin artırılması istiqamətində də addımlar atılacağını söylədi. İntellektual gəncliklə bağlı bu məqam Dövlət Proqramında öz əksini tapаcaq. İntellektual gəncliyin sosial şəraitinin yüksəldilməsi, prezident təqaüdlərinin artırılması, universitetlərdə əlaçı gənclərin təqaüdlərinin artırılması da Dövlət Proqramında öz əksini tapacaq.
Amma mən düşünürəm ki, tək maddi təminat deyil, gənclərin real intellektual səviyyəsinin artırılmasına diqqət yetirilməlidir. Çünki intellektual səviyyə artdığı halda iqtisadi artım da öz yerini tapacaq. Bayaq söylədiyim İxtiraçılıq İnstitutu yaranarsa, o, artıq özünü maliyyələşdirəcək. Çünki onun ixtiraları dünya səviyyəsinə çıxacaq və bir konveyer kimi maliyyə təkrar geri qayıdacaq. Əgər maraqlı bir ixtira varsa, o, min manata çevriləcək və Azərbaycanda intellektual gəncliyin bazasına qayıdacaq. Biz bu modeli tətbiq etməklə maddi problemləri də aradan qaldıracağıq.

- Yeri gəlmişkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. AXCP sədri Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyada iştirakınızla bağlı tənqidlər səsləndi....

- Nə mən, nə də təşkilatımızın üzvləri o aksiyada iştirak etməyib. Mən bunu öncə də bildirmişəm. Biz sadəcə, KİV-lərdə müxalifətin təşkil etdiyi aksiyalarla bağlı çıxış etmişik. Bu da normal haldır. Yəqin onlar buna görə bizim də aksiyada iştirak etdiyimizi düşünüblər. Bu, bir şərdir...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1559

Oxşar yazılar