Dörd nəfərin söhbəti: Hökumətin hesabatı, Novruzun dünəni və bu günü, Azərbaycanı gözləyən Qarabağ... -
20 mart 2011 17:12 (UTC +04:00)

Dörd nəfərin söhbəti: Hökumətin hesabatı, Novruzun dünəni və bu günü, Azərbaycanı gözləyən Qarabağ... -

Belə layihələrin şirinliyi bambaşqadır. Ən azından, müşahidəmə görə, “dəyirmi masa”ya yığılanlar tək müsahibdən daha səmimi olurlar. Budəfəki həftəsonu üçün ilk baxışda fərqli, ancaq əslində, bir-biriylə gözəgörünməz tellərlə bağlı üç mövzunu müzakirəyə çıxardıq. Məcazi və birbaşa mənasında Novruzun şirinliyini daddığımız martın bu üçüncü həftəsində bərli-bəzəkli bayramımızdan, Qarabağ münaqişəsiylə bağlı son gəlişmələrdən, bir də Milli Məclisdə Hökumətin hesabatından danışdıq. Qonaqlarımız filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, siyasi analitik Adıgözəl Məmmədov, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğludur.

Layihənin aparıcısı İlham Tumasdır.


İlham Tumas:

- Rafiq müəllim, açığı, mən Novruzu yalnız türk dünyasının, yaxud Şərq yarımkürəsinin deyil, həm də Qərbin və bəşəriyyətin bayramı hesab eləyirəm. Çünki hər bir xalqın yaşamında, adət-ənənəsində baharla bağlı mütləq hansısa bayram var. Siz necə düşünürsünüz?

R.Yusifoğlu:

- Cəmiyyət birinci növbədə təbiətin üstündə bərqərar olur, təbiətin üstündə yaşayır. Təbiətin qayda-qanunları istər-istəməz cəmiyyətə də təsir edir. Nə dərəcədə doğrudur, doğru deyil, amma “Novruz” sözü etimologiyası, kökü etibarilə fars mənşəli söz kimi leksikonumuzda işlənir. “Novruz” müəyyən mənada yeni gündü, müəyyən mənada ilin başlanğıcıdı və Novruz ərəfəsində bizim türk xalqlarının, o cümlədən onun aparıcı qollarından biri olan azərbaycanlıların bir yerə toplanmaları, bir yerdə söhbət etmələri, bayramlaşmaları ilin uğurlu başlanğıcına zəmin hazırlayır. El arasında bir söz var: “Siftə necə başlayırsa, elə də davam edir”.
Bu baxımdan hansı kökə bağlanılırsa-bağlansın – atəşpərəstliyə, mifolji anlamlara, fərqi yoxdu, önəmli olan odur ki, Novruzda xalq bir yerdə yeni ilin gəlişini – dünyanın təzələnməsini qeyd və qəbul eləyir. Təbiətdə olan təzələnmə müəyyən mənada insanın təfəkküründə də təzələnmə əmələ gətirir.

İ.Tumas:

- Adıgözəl müəllim, sizcə Qarabağ münaqişəsiylə bağlı gəlişmələrdə Novruz təzəliyi, Novruz yeniliyi varmı?

A.Məmmədov:

- Sirr deyil ki, Soçi görüşündən əvvəl cəmiyyətdə belə bir fikir hakim olmuşdu ki, bu görüş son olacaq, hərbi əməliyyatlar başlayacaq və sair. İndi də bu görüşdən sonrakı açıqlamaların təsiriylə tamam əks fikir formalaşmağa başlayıb. Birincisi, Soçi görüşlərindən sonra, sözün həqiqi mənasında, iki ölkə arasında Rusiyanın vasitəçiliyi ilə konstruktiv addımların atılmasına qərar verildi. Məsələn, əsirlərin dəyişdirilməsi məsələsi. Nəzərə alın ki, uzun illərdir bu problemin sülh yolu ilə həlli istiqamətində çoxsaylı görüşlər keçirilib. Amma reallıq bunu göstərir ki, problemin həllində Rusiya faktoru ciddi faktordur. Ona görə ki, Ermənistanda faktiki olaraq söz sahibi Rusiyadır. Ermənistan iqtisadiyyatı rusiyalı iş adamlarının və rus şirkətlərinin nəzarəti altına keçib, hətta Ermənistanın sərhədlərinin qorunmasını da Rusiya ordusu həyata keçirir. Bu baxımdan, prezident İlham Əliyevin son dönəmlərdə sərt və məsələnin həlli istiqamətində qərarlı bəyanatlarının Rusiyanın nəzərə almadığını düşünmək düzgün deyil. Çünki regionda Rusiya qədər Azərbaycanın gücündən xəbərdar olan ikinci bir dövlət yoxdur. Ən azından, Azərbaycan ən müasir silahlarının bir hissəsini Rusiyadan istehlak edir. Rusiya Azərbaycan ordusunda olan gücü və imkanları gözəl bilir və məsələnin ciddiliyini anlayır.

İ.Tumas:

- Rafiq müəllim, Novruz Azərbaycan ədəbiyyatında, mədəniyyətində uzun illərdi özünə möhkəm yer tutur. Bəlkə də yeganə bayramdır ki, bizə bu qədər yaxındır, doğmadır…

R.Yusifoğlu:

- Novruzun ədəbiyyatımızda əksi oldu-olmadı, bu elə bir ənənədir ki, qədim dövrdən üzü bəri hamımızın ruhumuzdan axır. Novruz şənliklərinin folklor nümunələrimizdə, bədii filmlərimizdə, nəsr əsərlərimizdə yetərli qədər bədii əksi var. Məsələn, Çəmənzəminlinin “Qızlar bulağı” və “Qan içində” romanlarında müəyyən mənada Novruz təsvir olunub. Həmçinin, İsmayıl Şıxlının “Dəli Kür” romanına film çəkiləndə də bu məsələyə toxunulmuşdu. Ədəbiyyatımızdan, mədəniyyətimizdən, elə həyatımızın özündən də göründüyü kimi Novruz kasıbı da, varlını da bir yerə toplayan qüvvədir. Novruz bütün millətə eyni amal uğrunda mübarizə aparmağı öyrədir. Abdulla Şaiq demiş, “həpimiz bir günəşin zərrəsiyiz”. Hamımız bir torpağın övladıyıq.

İ.Tumas:

- Adıgözəl müəllim, amma deyəsən həmsədrlərin elə Novruz ərəfəsində yenə bir yerə toplanmaları bu dəfə də bir nəticə vermədi.

A.Məmmədov:

- Bilirsiniz, el məsəlində deyildiyi kimi, “olmayan yerdə yenə olmağı yaxşıdı”. Nəzərə alın ki, dondurulmuş olsa belə, biz Ermənistanla müharibə şəraitindəyik. Əgər həmsədrlərin missiyası olmasa, ümumiyyətlə, qarşılıqlı etimad olmaz. Ən azından həmsədrlər Azərbaycan tərəfinin mövqeyini Ermənistana çatdırmaq üçün bir vasitədir. O ki qaldı onların fəaliyyətinə, təbii ki, biz tələblərimizdə haqlıyıq. Sadəcə, bir məqamı nəzərə alaq ki, həmsədrlərin missiyası beynəlxalq hüquqda bir növ arbitr funksiyası ilə müqayisə oluna bilər. Bəziləri “Qarabağın xilası Azərbaycanın iqtisadi yüksəlişi ilə sıx bağlıdır” fikrini qəribçiliyə salırlar. Ancaq inanın, bu, çox ciddi arqumentdir. Özü də məsələ yalnız, deyək ki, büdcəmizdən hərbiyə ayrılan vəsaitin çoxluğuyla ölçülmür.

İ.Tumas:

- Yeri gəlmişkən, Fazil bəy hökumətin parlamentdəkki hesabatını tənqid elədi və yəqin ki, elə hesabatın əleyhinə səs verən 3 nəfərdən biri də o olub. Fazil bəy, Sizi nə qane etmədi?

F.Qəzənfəroğlu:

- Bütövlükdə iqtisadi inkişaf təbii ki var, amma bu inkişafın davamlığını təmin eləmək üçün neft sektorundan qeyri-neft sektoruna transferin gücləndirilməsi vacibdir. Neft Fondundan transferlərin ildən-ilə aşağı salınması nəzərdə tutulsa da, bu göstərici aşağı düşmür. Bu o deməkdir ki, qeyri-neft sektorunun az inkişaf eləməsi artıq öz təsirini göstərməyə başlayır.
Bundan əlavə, hökumətin hesabatında əsas nəzərdə tutulan məqam Ali İcra Hakimiyyəti Başçısının irəli sürdüyü iqtisadi kursun, iqtisadi islahatlar xəttinin necə aparılıb-aparılmaması məsələsidir. Burda Prezident tərəfindən Nazirlər Kabineti qarşısında 17 vəzifə qoyulub. Buraya kiçik, orta sahibkarlığın inkişafından tutmuş, azad bazar münasibətlərinin inkişafı, inhisarçılığın ortadan qaldırılması, azad rəqabətin tətbiq olunması və ölkə üçün əhəmiyyətli olan layihələrin həyata keçirilməsi kimi önəmli məsələlər var. Bunların bir qismi yerinə yetirilib, bir qismi isə yerinə yetirilmək üzrədir. Amma nə dərəcə keyfiyyətli yerinə yetirilib, bax bunu təhlil etmək bir qədər çətindir.

A.Məmmədov:

- Həqiqətən, iqtisadiyyatımızın daha çox inkişafına nail olmaq üçün Azərbaycanda bütün potensial var. Hətta elə məqamlar mövcuddur ki, ilk baxışdan bunu nəzərdən qaçırırıq. Məsələn, mən hər il müşahidə eləmişəm, Dağıstandan Azərbaycana, Bakıya Novruz bayramını qeyd eləməyə xeyli müsəlman və türk olan Rusiya vətəndaşları gəlirlər. Bunun özü Azərbaycanın bölgədə həqiqi güc olduğuna bariz sübutdur. Rusiya rəhbərliyi də başa düşür ki, Ermənistandan fərqli olaraq Azərbaycan ona həqiqi və real bir strateji tərəfdaş ola bilər. Bu gün Rusiya dünyada ən çox türk əhalisi olan yeganə xristian dövlətdir. Elə isə Rusiya Azərbaycanla niyə hesablaşmamalıdır? Həmçinin, bu gün Azərbaycanın birbaşa Şimali Qafqaz respublikaları ilə dostluq və yoldaşlıq əlaqələri var. Bunları isə Moskva həmişə diqqətdə saxlayır və yeri gələndə də Azərbaycanın vasitəsilə öz daxili stabilliyinin saxlanmasına nail olur. Bu gün Şimali Qafqazdakı xalqların gözü Qafqazda ən böyük müsəlman dövləti olan Azərbaycandadır. Azərbaycan rəhbərliyinin həm idarəetmə mexanizmləri, həm də dini dövlətdən ayırmaq siyasəti nəticəsində cəmiyyətdə demokratik dəyərlərin özünə yer tapması Qafqaz xalqları üçün bir stimuldur. Mənə elə gəlir, Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın ali rəhbərliyi bu amili mütləq nəzərə almaq məcburiyyətindədir.

İ.Tumas:

- Fazil bəy, hesabatda nələr əks olunmalıydı?

F.Qəzənfəroğlu:

- Bilirsiniz, iqtisadi inkişaf nə qədər yüksək templə gedirsə-getsin, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycan Avropa modelinə doğru gedir. Bunun üçün xüsusi strateji kurs elan olunub. Avropa Birliyində kriteriyalar var və kriteriyalarda da konkret iqtisadi islahatların həyata keçirilməsi, nəticələrin olması vacibdir. Məsələn, Azərbaycan hələ də kənd təsərrüfatı profilli bir ölkə kimi tanınır. Ancaq maraqlıdır ki, kənd təsərrüfatında özünü təmin eləyən məhsullar olduğu halda həm də bunun idxalı ilə məşğul olur. Bu kimi problemlər aradan qaldırılmalıdır.

İ.Tumas:

- Adıgözəl müəllim, Siz Rusiyanın Qafqazdakı marağında Azərbaycanın rolunu xüsusi qiymətləndirirsiniz… Yanılmadım ki?

A.Məmmədov:

- Rusiya rəhbərliyinin Azərbaycana partnyor kimi baxması faktdır. Ancaq biz Rusiyanın Qafqaz maraqlarını da yaxşı anlayırıq. Rusiya birmənalı şəkildə regiondan çəkilmək istəmir. Rusiyanın Qafqazdan çəkilməyi, Rusiyanın özünün federativ quruluşunu sual altında qoya bilər. Ona görə də Putin açıq şəkildə bəyan etdi ki, biz Qafqazda olacağıq, Qafqazda varıq, Qafqazda olmamağımız Rusiyanın özünün olmamağı deməkdir.

İ.Tumas:

- Fazil bəy, yəqin ki, Siz hesabatın əleyhinə səs verən 3 nəfərdən biri oldunuz?

F.Qəzənfəroğlu:

- Bəli, lehinə 107 adam səs verdi, bu da mövqedən asılıdı. Bilirsiniz, Nazirlər Kabinetinə münasibətdə daha çox siyasi mövqe nümayiş etdirirlər, nəinki iqtisadi və sosial. Biz Nazirlər Kabinetinə hesabat məsələsində siyasi mövqe nümayiş etdirmirik, sırf iqtisadi cəhətdən qənaətbəxş olmadığı göstəricisiylə belə bir addım atırıq. Hesab edirik ki, gəlirlər, imkanlar daha fərqli ortaya qoyula bilərdi. Məsələn, xəstəxana, məktəb tikintisi çox böyük irəliləyişdir. Amma bu gün Azərbaycan xəstəxanalarında müayinələrdən uzaq durmaq halları var. Böyük əksəriyyət İranın, Türkiyənin, Rusiyanın xəstəxanalarına axır. Bu isə valyutanın başqa ölkəyə axması deməkdir.
Həmçinin, hesabat tək məlumatlandırma deyil, həm də proqnozlaşdırma olmalıdır. Bu proqnozlaşdırmada nələr nəzərdə tutulur, gələcəyə doğru hansı addımların atılması məqsədəuyğun sayılır və bu kimi məsələlər öz həllini taparsa, məncə nöqsanların çoxu ortadan qalxa bilər.
Bununla belə, onu da deməliyəm ki, bütövlükdə hökumətin hesabatında müsbət irəliləyişlər ondan ibarət oldu ki, ötən il deputatların qaldırdığı müxtəlif məsələlərlə bağlı bir cavablandırılmalar oldu.

R.Yusifoğlu:

- Novruzun başlanğıcı dörd ünsürlə bağlıdır. Bu, mifoloji təfəkkürdə də belədi – su, od, yel və torpaq. Torpağın oyanması üçün mifoloji təfəkkürdə “su” birinci yerdə dayanır. İkinci yerdə “od”dur və “hava”nın vacibliyi də danılmazdır. Bütün bunların hamısı isə sonda torpağın oyanmasına şərait yaradır. Mən ümid eləyirəm ki, bu il bu oyanış bizə uğur, xeyir-bərəkət gətirəcək...

Söhbəti AYSEL yazdı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1358

Oxşar yazılar