Türk oğlanla azərbaycanlı qızın dördbucaqlı eşq hekayəti
Yaxud Doğan ailəsinin azərbaycanlı gəlini terror günü nələr çəkib?
Əslində onların əhvalatı Türkiyə türküylə Azərbaycan türkünün yeganə evliliyi deyil. Ancaq ən maraqlı olanlarındandır Hüseynlə Pərvanənin eşq və evlilik hekayəsi. Axı Ucarda (Azərbaycan) anadan olmuş bir qızdan ötrü Elbistanda (Türkiyə, Kahramanmaraş) doğulmuş oğlanın Berlindən (Almaniya) Tulaya (Rusiya Federasiyası) elçi göndərməsi necə maraqlı olmaya bilər? Beləliklə, türk oğlanla azərbaycanlı qızın 4 ölkəni əhatə edib “dördbucaqlı eşq” yaradan hekayəsi Lent.az-da!
Onlarla tanış olun
Pərvanə Həsənova 1984-cü ildə Ucar rayonunda anadan olub. 2001-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinə daxil olub, 205-ci ildə həmin ali məktəbi bitirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının birində kompüter mühəndisi vəzifəsində çalışır.
Hüseyn Doğan 1984-cü ildə Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda anadan olub. Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) sonuncu – dördüncü kurs tələbəsidir.
“Məktub hadisəsi”
Tanışlıqları da yaşadıqları kimi maraqlıdır. “Məktub hadisəsi” ilə başlayan tanışlıq 2005-ci ildə olub. Hüseyn Pərvanənin həmin vaxt İçərişəhərdə çalışdığı ofisin yuxarı mərtəbəsindəki tanışlarının yanına gəlib-gedirmiş. Pərvanənin iş yerinə poçt vasitəsilə dünyanın müxtəlif yerlərindən sənəd və məktublar gəlirmiş. Belə məktubların biri isə ofisdə heç kim olmayan vaxt gəlir (Pərvanəgil həmin vaxt məhkəmədə olub). Poçtalyon yuxarı mərtəbədə türklərin qaldığını öyrənərək, məktubu evdə yaşayanlardan birinə vermək istəyir. Əslində isə məktubu orada yaşamayan şəxsə - Hüseynə verir. Hüseyn də məktubu ofis işçiləri gələndən sonra onlardan birinə – Pərvanəyə çatdırır: “Xanım, bu məktub sizə çatacaq...”
Pərvanəni görən Hüseyn bir könüldən min könülə ona aşiq olur. Onunla çətinliklə tanış olandan sonra isə ürəyini açır.
Pərvanənin də Hüseyndən xoşu gəlir. Ancaq deyir ki, “atamgil məni çətin ki, türk oğlana ərə versin”. Elə belə də olur. Pərvanənin atası “yox-yox” deyib durur. 2007-ci ildə artıq Hüseynlə Pərvanə ciddi münasibətlər qurmaq barədə düşünürdü. Ancaq Pərvanənin atası qızını öz yanına – Rusiyaya apararaq “səni türk oğlana ərə verməyəcəyik” deyir. Rusiya demişkən, axı onun ata-anası Azərbaycanda yaşamırdı – Hüseynin valideynlərinin Türkiyədə yaşamadığı kimi. Onlarda hər şey oxşardı...
Oxşar tale
Hüseynin atası təxminən 20 il əvvəl Almaniyaya qazanc dalınca gedib, daha sonra ailəsini də aparıb. Pərvanənin də atası 23 il əvvəl Rusiyaya qazanc dalınca yollanıb, sonra ailəsini də aparıb. Hüseynin ata-anası, bacı-qardaşı, bir sözlə, ailəliklə Almaniya vətəndaşıdır (həm də Türkiyə vətəndaşıdır, onlar ikili vətəndaşlığa mənsubdur). Pərvanənin də ata və anası Rusiya vətəndaşıdır (yeganə bacısı ailə qurub, Bakıda yaşayır).
Elçilik...
Hüseyn Rusiyada yaşamağa başlayan Pərvanəni uzun müddət görmür. Ancaq telefonla əlaqə saxlayırlar. Günlərin birində (2008-ci ilin əvvəllərində) Hüseynin atası Pərvanənin atasına gözlənilmədən zəng vurur. Berlindən Tulaya zəng vurulacağından Pərvanənin özünün də xəbəri yox imiş. Hüseynin atası özünü “Sizin qızınızı istəyən Hüseynin atasıyam” kimi təqdim edəndən sonra deyir ki, “Hüseyn bizim böyük oğlumuzdur. O, kimi istəyirsə, həmin qızı da alacağıq. Pərvanə bizim gəlinimiz olacaq. Sən versən də, verməsən də o qız bizimdir...” Pərvanənin atası isə yenə də “yox!” deyir. Ona “qızı yüzü istəyər, birinə verərlər”, “qız ağacı, qoz ağacı” kimi atalar sözlərini çəkir. Axırda da deyir ki, “Axı biz qızımızı tanımadığımız, bilmədiyimiz bir insana necə verə bilərik?!”
Bu sözlər Hüseynin atası Hacı Doğanın ağlına batır. O, Pərvanənin atasıgili Berlinə qonaq çağırır: “Gəl mənim ailəmi də, özümü də, işmi də gör, əyani tanış olaq. Gör ki, güvənilən adamam, yoxsa yox”. Lakin yenə “yox” cavabı eşidincə “onda özümüz Rusiyaya gəlirik” deyir. Hacı Doğan həyat yoldaşını da özü ilə götürüb Berlindən Tulaya – Pərvanənin atasıgilə gedir (söhbətin bu yerində Pərvanə barmağındakı üzüyü göstərib gülərək “həmin vaxt bu üzüyü də gətirmişdilər” deyir). Pərvanənin atası isə deyir ki, “bu nə üzükdü, mənim hələ sizə qız vermək fikrim yoxdu. Siz bizə qonaq gəlmisiz, xoş gəlmisiz. Ancaq qızı vermirik...”
Tulada olduğu vaxt Hacı kişi Pərvanənin ata-anasını Berlinə qonaq çağırır. Razılaşma olunca, onlara viza da alaraq özlərilə gələcək qudalarını Berlinə aparır. Orada isə onları ailəsi və restoranları ilə tanış edir (Hüseynin atasının Berlində “İmren Qril” adlı iki restoranı var).
Pərvanənin ata-anası Berlin səfərindən, daha doğrusu, onlarla qohum olmaq istəyənlərdən çox razı qalırlar. Bu razılıq həm də elçilərə “hə” cavabının verilməsinə səbəb olur.
Toy
Qız toyu Tulada olur. Pərvanənin yaxın qohumları həmin şəhərdə yaşadığından onlara toyu Rusiyada etmək daha əlverişli sayılırdı. Daha sonra onlar təyyarəylə İstanbula uçur, İstanbuldan da Kahramanmaraşın Elbistan rayonuna gəlirlər. 2008-ci ilin avqustun 17-də oğlan toyu olur. Cütlük təxminən bir ay Elbistanda yaşayır. Sonra isə onlar Bakıya, qız tərəfi Tulaya, oğlan tərəfi Berlinə yollanır (dediklərinə görə, toyları əla keçib...)
Pərvanə qayınata və qayınanasından, ümumilikdə bütün yeni qohumlarından çox razıdır: “Mənə mənə özlərinkindən yaxşı baxırlar...”
30 aprel sarsıntısı
Bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən hadisə zamanı Pərvanəylə Hüseyn də ağır sarsıntı keçirir. Hüseyn ali məktəbin ikinci korpusuna həftədə cəmi bir dəfə getməli olurmuş. İşin tərsliyindən hadisə baş verən gün Hüseyn Neft Akademiyasının məhz faciənin yaşandığı korpusunda olub. Pərvanəyə hadisə barədə xəbəri qohumlarından biri çatdırır: “AZİ”ni mühasirəyə alıblar, camaatı qırıblar, ancaq sən narahat olma...” Nə narahat olma? Az qalır Pərvanənin başına hava gəlsin. Tez özünü ADNA-nın hadisə baş verən korpusunun yanına çatdırır. Ancaq hamı kimi onu da içəri buraxmırlar. Sən demə, həmin vaxt Hüseyn də onun mobil telefonuna zəng vururmuş ki, “narahat olma, sağ-salamatam” desin. Ancaq Pərvanə işdən o qədər hövllü çıxır ki, mobil telefonunu da unudur. Binaya buraxılmayacağını görəndən sonra isə bir telefon tapıb Hüseynə zəng vurur. Onun sağ-salamat olduğunu bilib özünə gəlir. Sonradan bilir ki, Hüseyn də həmin vaxt stress keçiribmiş: “Rəngi ağappaq olmuşdu...”
Hadisəni törədən Fərda Qədirov birinci mərtəbədən dördüncü mərtəbəyədək qarşısına çıxanı vurub. Həmin vaxt Hüseyn tələbə yoldaşları ilə birlikdə ikinci mərtəbədə olublar. Terroristin üçüncü mərtəbəyə çıxdığını görüb, dərhal pəncərəni sındıraraq binadan çıxıblar. Oğlanlar əvvəlcə xanımları çıxarıblar, sonra da özləri çıxıblar. Hüseyn ADNA faciəsindən bədəninə düşən kiçik sıyrıqlarla çıxıb...
Bir millət!
Gəlirik əsas məsələyə. Soruşuram ki, Azərbaycanla Türkiyə arasında kiçikcik sorunlar yaşananda neyləyirdiz? Hər ikisi diplomatik cavab verir. Pərvanə: “Hüseyn də, mən də dedik ki, biz qardaş dövlətik. Qardaşlar arasında kiçik problemlər olur. Olmasa daha yaxşı olar. Bizi gözü götürməyənlər çoxdur, aramızı vururlar. Türkiyənin Ermənistanla sərhədi açılmayıb, açılacağına da inanmıram. Sərhəd qapıları Qarabağ qaytarılandan sonra açılacaq. Bir də bayraq məsələsi var. Bursada Azərbaycan bayraqlarının stadiona girməsinə FİFA qadağa qoymuşdu. Düzdü, FİFA sonradan belə qadağa qoymadığını dedi. Ancaq elə də deməlidi, başqa nə deyəcək ki?! Qadağanı FİFA qoymuşdu. Bakıdakı Türkiyə bayraqları isə yuyulmağa aparılmışdı. Yuyub, yerinə asdılar...”
Hüseyn: “Əgər Gül və Ərdoğan bəyanat verdilərsə ki, Qarabağ sorunu çözülmədən Türkiyə sərhəd qapılarını açmayacaq, bu, həqiqətən də belədir. Nə olsun ki, protokollar imzalanıb?!”
Onlar Türkiyə-Azərbaycan arasında hansısa problem yaşananda bunu müzakirəyə çevirsələr də, mübahisə etmirlər.
Hüseynin valideynləri tez-tez, daha doğrusu hər gün onlara zəng vurur. Hər məsələdən danışırlar. Son vaxtlarda Azərbaycan-Türkiyə münasibətlərindən də danışır. Gəliniylə oğlu siyasətçi kimi danışsa da, deyəsən ən doğru sözü Hüseynin atası Hacı Doğan deyir: “Azərbaycanla Türkiyənin arasını vurmağa çalışanlara lənət olsun!...”
Pərvin ABBASOV
[email protected]
P.S. Az qala yadımdan çıxmışdı, gələn ilin mayında Pərvanənin ata-anası, özü və Hüseyn Berlinə getməyi planlaşdırırlar. Doğan ailəsi onları qonaq çağırıb...

1092