Pensiya islahatı: yaxşı nədir, pis nədir? - TƏHLİL
Şəffaf, amma ədalət naminə daha böyük ədalətsizlik!
“Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər son bir həftənin hər çox müzakirə olunan mövzusudur. Doğrusu, yeni dəyişikliklərdə ciddi mübahisə və müzakirəyə səbəb olan amillər yetərincədir və belə görünür, ictimaiyyətin böyük bir kəsiminin dəyişiklikləri həzm etməsi asan olmayacaq. Dəyişiklikləri təqdir edən hökumət rəsmilərinin də öz arqumentləri var və onlar hesab edirlər ki, yeni qaydalar pensiya sistemindəki sosial ədalətsizliyin aradan qaldırılmasına hesablanıb.
İkincidən başlayaq. Hökumət rəsmiləri, daha dəqiqi, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuata açıqlamasında bu dəyişikliyin 3 zərurətdən irəli gəldiyini söyləyib: fərdi uçot sistemi tətbiqinin genişləndirilməsi, dövlət orqanlarında çalışan yaşlı işçilərin əmək fəaliyyətini davam etdirmək istəməsi, pensiyaların hesablanmasında sosial ədalət prinsiplərinin qorunması.
Fond rəsmiləri bildirirlər ki, bu günədək pensiyanın təyinatı zamanı ortaya çıxan bütün hallar 2006-cı ilədək olan dövrə düşən hesabların müəyyənləşdirilməsi ilə bağlı olub. Çünki müxtəlif əməkhaqqı arayışlarının doğruluğunu sübut etmək, bu məsələləri arxivlər vasitəsilə aydınlaşdırmaq xeyli problemlər yaradıb. İndi isə yeni qaydalarla bu problem artıq aradan qaldırılıb və bundan sonra pensiyaya çıxacaq şəxslərdən əməkhaqqı arayışı tələb olunmayacaq.
Nə dəyişdi, nə qaldı?
Yeni qaydaya əsasən;
- Pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stajının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq.
- Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat “Əmək pensiyaları haqqında” Qanunun qəbul olunduğu 01.01.2006-cı ilə qədər olan ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği (pensiya kapitalı), 144 isə gözlənilən pensiya ödənişi müddətidir (12 il, yəni 144 ay). Bu hesabla, 2006-cı ilə qədər 12 il iş stajı olan şəxs 90 manat və ondan yuxarı pensiya ala biləcək. Məsələn, 2010-cu ildə pensiyaya çıxacaq 40 il stajı olan şəxsin pensiyasını hesablasaq, bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə gəlinir 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni 8,3 faiz, 16,7 faiz, 20,8 faiz. Alınan 9434 manat 144-ə bölünür. Alınır 65 manat. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu, 20 manat edir. Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat. Üzərinə gəlinir pensiyanın baza hissəsi, yəni 75 manat. Cəmi edir 160 manat. Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək stajlarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8 faizi minimum məbləğdə təyin olunub.
- 2010-cu ilin ortalarından etibarən hər kəs Azərbaycanda çalışarkən DSMF-nin internet saytına daxil olub orada gələcək pensiyalarının məbləğini hesablaya biləcək. Bunun üçün vətəndaşın sosial sığorta şəhadətnaməsinin nömrəsini saytın müvafiq qrafasına daxil etməsi kifayətdir. Dərhal fondda vətəndaşın nə qədər fərdi hesabının toplandığı görünəcək. Orada görünən rəqəm bölünəcək 144-ə və üzərinə ölkədəki baza pensiyanın məbləği gələcək. Bu isə o deməkdir ki, gələn ilin ortalarından sonra vətəndaşın pensiyasının məbləğinin nə qədər olduğunu öyrənməsi üçün fondun yerlərdəki strukturlarına müraciət etməsinə ehtiyac qalmayacaq. Bu, ölkədə tam şəffaf pensiya sisteminin ortaya çıxması deməkdir.
- Hazırda pensiya alan şəxslərin pensiya məbləğinin azalacağını düşünənlər yanılır. Çünki yeni dəyişikliklər gələn ildən pensiyaya çıxacaq şəxslərə şamil olunacaq və onların da yeni təyin olunan pensiyaları əvvəlkinə nisbətən ən azı 20 faiz artım gözlənilir. Yəni heç bir kateqoriya pensiyaçıların pensiyasında azalma olmayacaq.
- Gələcəkdə yalançı arayışlarla pensiyaya çıxmaq istəyənlərin işi çətin olacaq. Artıq DSMF bununla bağlı ciddi nəzarət tədbirlərinə start verib.
- Bu dəyişikliklərin hərbçilərin və hüquq-mühafizə orqanlarında çalışanların pensiya təminatına aidiyyəti yoxdur. Bu kateqoriyadan olan vətəndaşların pensiyası əvvəl olduğu kimi yaşdan daha çox qulluq illərinə bağlı olacaq.
- Gələn il pensiyanın minimum məbləği 90 manatadək artacaq
- Pensiyaların müəyyənləşməsində iqtisadiyyatın yükü azaldılacaq, vətəndaşların gələcək pensiya təminatı onların dövlətə ödəyəcəyi sosial sığorta haqlarının məbləğindən asılı olacaq.
Kasıbların günahı nə?
Beləliklə, dövlət qulluqçuları, hərbçilər və hüquq-mühafizə orqanlarında çalışanlar yenə də kef eləyəcək. Başqa sözlə, pensiya sistemi elə qurulub ki, ölkənin məmur heyəti bu dəyişiklikdən zərərsiz çıxacaq. Çünki dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və millət vəkilləri “Əmək pensiyası haqqında” qanundan ayrılıb və onların pensiyası 80 faizlə hesablanır. Üstəlik, bu insanların pensiyasına əlavələr də verilir. Yerdə qalan vətəndaşlar – həkimlər, müəllimlər və digərləri isə limitləşdirilmiş məbləğdən, yəni 170 manatdan yuxarı pensiya ala bilməyəcək. Bu hədd hətta orta aylıq maaşı 200 manat olan vətəndaşların da ziyanınadır.
Hesablamalara görə, bir nəfər 300 manat maaş olmaqla dəyişikliyə qədər pensiyaya çıxsaydı, yeni qaydalar üzrə hesablanan məbləğdən 2,6 dəfə çox pensiya alardı. Orta aylıq maaşı 500 manat olan şəxslərdə bu fərq 4 dəfədən çoxdur.
Bakıdakı məşhur şirkətlərdən birində çalışan Vidadi Qasımov 2006-cı il yanvarın 1-dək ən yüksək maaş alıb. Dediyinə görə, 2004-2006-cı illərdə onun maaşı 500-600 manat olub və hər ay maaşının 25 faizi həcmində Dövlət Sosial Müdafiə Fonduna sığorta haqqı ödəyib. Halbuki, indi Azərbaycan müəlliminin orta aylıq maaşı Vidadi Qasımovun fonda ödədiyi 100 manat civarındadır. Amma bu dəyişikliklərdən məlum olur ki, onun fonda ödədiyi həmin vəsaitlər pensiyaya çıxanda özünə qaytarılmayacaq.
Müsahibimiz deyir ki, hazırda Azərbaycanda yüksək əməkhaqqı olan iş yerləri çox azdır. Ona görə də pensiya sistemi maliyyə bazasını saxlaya bilməz. Belədə vəziyyət doğrudan da ağırdır, iqtisadi böhran şəraitində ölkədə iş yerləri məhduddur, mövcud idarə və təşkilatlarda isə maaş aşağı səviyyədədir. Bir tərəfdən də qanuna dəyişiklikdən belə çıxır ki, hökumət pensiyanın maliyyələşdirilməsinin ağırlığını vətəndaşların öz üzərinə qoyur.
Xatırladaq ki, sovet dövründə partiya sistemində çalışanları çıxmaq şərtilə ən yüksək pensiya alanlar 120 manat alır. Halbuki, sovet dövründə 600-700 manatla pensiyaya çıxanlar var. Məsələn, 1989-cu ildə 8 uşaqlı əmək qəhrəmanı olan qadın 51 yaşında pensiyaya çıxıb. Amma pensiya dəyişikliyinin heç birinin o adamlara təsiri olmayıb.
Beləliklə, əvvəlki qanunda 3 uşağı olanlar 51, 4 uşağı olanlar 50, 5 uşağı olanlar 49, 6 uşağı olanlar 48, 7 uşağı olanlar 47, 8 uşağı olanlar 46, 9 uşağı olanlar 45, 10 və daha çox uşağı olanlar isə 44 yaşına çatdıqda pensiyaya çıxmaq hüquqi qazanırdı. İndi qadınlar 57 yaşında yox, 60 yaşında pensiyaya çıxa biləcəklər. Güzəştlər isə yalnız 5 və daha çox uşağı olan analara şamil ediləcək. Belə ki, 5 uşağı olanlar 55, 6 uşağı olanlar 54, 7 uşağı olanlar 53, 8 uşağı olanlar 52, 9 uşağı olanlar 51, 10 uşağı olanlar 50 yaşına çatdıqda pensiyaya çıxmaq hüquqi qazanır.
Maraqlıdır, sosial ədaləti bərpa etməkdən söhbət gedirsə, sovet dövründə pensiyaya çıxanların da qayğısına qalınmalıydı. Lakin sovet dövründə pensiyaya çıxanların hamısı bu prosesdən kənarda qalıb.
Qanun niyə məhz indi dəyişdi?
Suallardan biri isə qanuna əlavə və dəyişikliklərin niyə iqtisadi vəziyyətin o qədər də ürəkaçan olmadığı məhz indiki dövrə təsadüf etməsi ilə bağlıdır. Mütəxəssislər bu sualı cavablandırarkən bildirirlər ki, indi ölkədə iqtisadi böhranın təzahürləri daha çox hiss edilməyə başlayıb. Çünki neft pulları azalır və bu səbəbdən hökumət pensiya yaşını artırmaqla dövlətin sosial xərclərini müvəqqəti də olsa, minimuma endirməyə çalışır. Əksəriyyət bu fikirdədir ki, qanuna dəyişiklik növbəti illərə, neft pullarının daha da azaldığı dövrə saxlansaydı, yeniliyi həzm etmək istəməyənlərin sosial narazılığı genişlənə bilərdi. Bu səbəbdən hökumət bu dəyişikliyə məhz elə indi getməyi daha münasib sayıb.
Daha bir məqam. Hökumət prosesə qəfildən start verdi. Bu zaman yalnız pensiya yaşının artırılmasından danışılırdı, pensiyanın yeni hesablanma qaydası isə sanki gizlədilirdi. Elə bu səbəbdən millət vəkilləri də daxil, ictimaiyyət dəyişikliyin əsl mahiyyətini kənarda qoyub, yalnız yaş məsələsinin üzərinə düşdülər.
Bununla belə, bir çoxları hesab edir ki, ziyanın yarısından qayıtmaq üçün bütün imkanlar tükənməyib. Belə ki, Milli Məclisin qəbul etdiyi qanun layihəsini hələ ölkə başçısı təsdiqləməyib. Bu səbəbdən də prezident “QHT-lərin fəaliyyəti haqqında” qanunda olduğu kimi, bu dəyişiklikləri də təsdiqləməyə bilər. Ən azı 170 manat məsələsinin yumşaldılacağına, limitin dəyişiləcəyinə ümid bəsləyənlər hələ çoxdur.
Elxan SALAHOV

1506