Cinlər varmı: inanılmaz və gerçək hekayət – ARAŞDIRMA
“İndi 180 yaşı olan Mustafanın müsəlman olması ilə on minlərlə cin müsəlman oldu”
Cin, şeytan... Onlar barədə çox danışılır. Bəziləri belə məxluqların olduğunu, bəziləri olmadığını deyir. Hətta onları gözləri ilə gördüklərini iddia edənlər də tapılır. Doğrudanmı belə məxluqlar, xüsusən cinlər var? Lent.az bu sualı cavablandırmağa çalışıb. Oxuyun, siz də cavab alın, ancaq nəbadə onları təsəvvürünüzdə canlandırmağa çalışasınız...
“Cinlər aləmində”
Bu yaxını hazırlayan ərəfədə “Əzizbəyov” metrostansiyasının çıxışında bir satıcıdan “Cinlər aləmində (bilinməyən yönlərilə)” adlı kitab aldım. Kitabı milləti ərəb, yaxud fars olan Mühəmməd İsa Davud adlı şəxs yazıb. Sonradan kitab Azərbaycan dilinə də çevrilərək Bakıda çap edilib.
Müəllif əvvəlcə “cin”, “cinn” və “cinni” sözləri haqda qısa məlumat verib, sonra da cinlər barədə danışıb: “”Cin” sözü tək halda “cinni” şəklində gəlir. “Cinn” kəlməsinin cəmi “can”dır. “Cinni” gizli, örtülü və görünməyən mənalarını verir. Bütünlükdə isə onlara gizli və sirr aləmi demək olar. Bədəncə şəffaf olmalarına və bizimlə eyni planetdə yaşamalarına rəğmən görünmürlər. Onlar da bizlər kimi iradə və ağıl sahibi olurlar”.
“Cinlər aləmində”nin müəllifi bir cinlə söhbət etdiyini, başqa sözlə desək, ondan geniş – bir kitablıq müsahibə götürdüyünü iddia edir. Kitabın girişində həmin cinin şəxsən özü ilə bağlı qısa məlumat da var: “O, müsəlman bir cindir, Hindistanlıdır (Bombey şəhərindən). Əvvəl xristian idi. Sonra isə Allat-təala onu imanla şərəfləndirdi...
...O bir cindir. Adı Mustafa Kəncurdur. Kəncur qəbiləsindəndir. Təəssüf ki, babası kafir halda ölmüşdür...
...Mustafa Kəndurun müsəlman olmazdan əvvəlki adı Raslan Samir Kəncur idi. O, indi 180 yaşındadır. Mustafanın müsəlman olması ilə on minlərlə cin müsəlman oldu. İndi onlar Mustafanı himayə edirlər...”
Müəllif cinlərin Allah-təala tərəfindən insanlardan çox əvvəl yaradıldığını yazır. O, “söhbət etdiyi” cindən bu məxluqların görünüş və formaları barədə də soruşur. “Cin”in - Mustafa Kəncurun cavabını ixtisarla diqqətinizə çatdırırıq: “...Eynilə insanların göz rəngləri dəyişik rənglərdə olduğu kimi cinlərin göz rəngləri də təkcə qırmızı olmur. Bəzi cinlərin gözü qara, mavi, bəzilərininki isə bal rəngindədir. Bizim göz bəbəyimiz sizinki kimi yuvarlaq deyil, ellips şəklindədir. Sizin gözlərimizi qırmızımtıl olaraq bilməniz bəzi xəfif şüaların gözümüzə düşməsi nəticəsində yaranır. Çünki bu işıqlar qırmızıya çalan işıqlardır, əksinə olduğu halda insanlar cinlərdən qorxmaq yerinə onlardan xoşlanacaqlar.
Qulaqlarımız at və pişik qulaqlarına bənzəyir və xırdaca tüklərlə örtülüdür. İnsanlar bir az diqqətcil olsalar, pişik qulağının kiçik olmasına baxmayaraq necə də atın qulağına bənzədiyinin şahidi olarlar. Bunun üçün də cinlərin müsəlman olanları bir surətə girmək istədiyi zaman pişik, at və şir surətlərinə üstünlük verirlər (kitabda cinlərin insan cildinə girdiyi isə daha sonra qeyd olunur – P.A.). Burnumuza gəlincə, eyni ilə insanların burnu kimi üzümüzün ortasında yer alırlar. Bu da var ki, burnumuz sizin burnunuz kimi uzunsov olmayıb, bəzi filippinli kişi və qadınların burnu kimi dəyirmidir (yuvarlaqdır)...
...Biz cinlərin saçları olduqca seyrəkdir. Yaş keçdikcə cinlərin saçı tökülür. Xanım cinlərin saçları çox uzundur. Saçların uzunluğu cinlərdə gözəllik nişanəsi olub, çox qiymətli sayılır. Hətta bəzi xanım cinlərin saçı yerlə sürünür...
...Bizim əllərimiz siz insanların əlləri kimidir. Ancaq əllər, dırnaq və qol uzunluğu baxımından bir az fərqlidir. Sizin qol uzunluğunuzun vücudunuza nisbəti ilə bizim qol uzunluğumuzun vücudumuza nisbəti eynidir. Bizim qollarımız bir az uzundur. Eynilə, dırnaqlarımız da nisbətən uzundur. Ayaqlarımızın ön hissəsi daha genişdir, ayaq barmaqlarımız isə tüklə örtülmüşdür...
...Eynilə sizdə olduğu kimi bizim də skeletimiz, qəlbimiz və həzm sistemimiz var. Ancaq bizim sümük toxumamız və skeletimiz cismimizə və ət toxumamıza görə daha artıqdır...”
Yeri gəlmişkən, müəllif özü Mustafa Kəncurun əsl surətini görmədiyini, onunla bir insan cildinə girdikdən sonra söhbət etdiyini yazır...
(Kitabla bağlı bir şeyi isə deməmək mümkün deyil: orada bir-birilə uyğunsuzluq təşkil edən bir sıra fikir və cümlələr var)
Cin mikrorayonda...
Parapsixoloq kimi tanınan Şahsəddin İmanlı isə hər gün cinlərlə bağlı iş gördüyünü iddia edir: “Bizim işimiz insanları bundan təmizləməkdir. Özü də onlara “mənfi qüvvələr” deyirik. Bu sıraya cin, şeytan, şeytanın balaları, iblis daxildir. Bizim planet göyün üçüncü qatında yerləşir. Həmin məxluqlar yerin aşağı qatında – bizdən 3 qat aşağıda yaşayırlar. Onlar qalxıb insanların başlarında, ayaqlarında, bellərində otururlar, həmin vaxt adamların bəzi orqanlarını sorurlar. Gözəgörünməz olmalarına baxmayaraq, ekstra hissi olan – yəni bəsirət gözü açıq olan əsl ekstrasens və ya parapsixoloqlar onları görür”.
Haşiyə. Şahsəddin İmanlı ilə söhbət edərkən ondan cin və digər bu kimi məxluqları görüb-görmədiyini soruşdum. O, məni insanları müayinə etdiyi kabinetinə (həmin kabinet onun evində yerləşir) dəvət etdi. Dedi ki, gəlib onları öz gözünüzlə görün. Beləliklə, İmanlının 9-cu mikrorayonda yerləşən evinə yollandıq. Avtobus dayanacağından Şahsəddin İmanlının evinə qədər onunla söhbət edə-edə getdik. Yolda iki nəfəri (onlardan biri telefonla danışır, digəri isə oturub qəzet oxuyurdu) göstərək dedi ki, “onların hərəsinin başında 3-4 cin oturub, ancaq xəbərləri yoxdur”.
Evinə çatanda isə orada Şahsəddin bəy əvvəlcə gedib bir adi mətbəx tavasını qızdırdı. O, otağa bir əlində isti tava, o biri əlində özünün dediyinə görə duz və adını çəkmədiyi bir maddə qatılmış su dolu stəkanla gəldi. Sonra isə mənim başıma iri bir dəsmal atdı. Başımın üzərində suyu tavanın içərisinə tökdü. Su bir dəfəyə deyil, bir neçə dəfəyə töküldü. Sonra isə tavanın içərisini mənə göstərərək orada cin və şeytanların olduğunu söylədi. İsti tavanın içərisində qurumuş nazik duz qatının müxtəlif formalarda görünüşləri vardı. Ümumilikdə isə tavanın qızdırılaraq gətirilməsi prosesi 3 dəfə baş verdi. Hər dəfə tavadakı nazik duz qatı bir forma alırdı. Hər dəfə də Şahsəddin İmanlı bunu “bədənin təmizlənməsi, bədəndən pis qüvvələrin azalması” kimi təqdim edirdi. Bu bitdikdən sonra o, mənim otağın ortasında ayaq üstə qalmağımı istədi. 3 dəqiqə 27 saniyə ərzində əlləri ilə müəyyən hərəkətlər etməyə başladı. Bu hərəkətlər sonda qulaqlarıma, alnıma, sinəmə və qollarıma üfürmələrlə başa çatdı. Bu, həm də mənim bədənimin qara qüvvələrdən təmizlənməsi prosesinin başa çatması sayılırdı. Yəqin indi oxucuya da maraqlıdır ki, bu proseslərdən sonra mən özümdə hansısa dəyişiklik hissim etdim, yoxsa yox? Deyəcəm, onu da deyəcəm...
Cin və şeytanların görünüşü barədə isə Ş.İmanlı bunları dedi: “Mən onları bütün günü görürəm. Evdə görürəm, marşrut avtobusa minəndə görürəm. Liftdə, metroda görürəm. Hətta elə olur ki, bir insanla telefonda danışanda da görürəm. Onların quyruqları olur, tüklü olurlar. Qeyri-adi buynuzları olur. Mən bütün günü onlarla işlədiyimdən xeyli formalarını da görürəm. O qədər çox görürəm ki, saymaqla qurtarmaz. Mən insanları təmizləyəndə bir də görürəm pələng, yaxud dinozavr formasında görünür. Onlar baxıb müşahidə edirlər. Bir obyekt axtarırlar ki, zəif olsun, onun energetikasını yesinlər. Buna elmdə “energetik vampirizm” deyilir. Enerjisi yeyilən insan depressiyaya düşür, sinir sistemi zəifləyir, bundan sonra isə immunitetini itirməyə başlayır. Onlar yalnız telepatiya üsulu ilə danışırlar”.
Ş.İmanlı bir əlavə də etdi. Onun sözlərinə görə, bəziləri evdə oturub ruh çağırır ki, bu da qəti şəkildə yolverilməzdir: “Ruh əvəzinə cin, şeytan gəlir oturur həmin evdə, sonra da narahatçılıq yaradır”.
“Müəyyən insanların cinlərlə əlaqəyə girərək digər şəxslərə zərər vurması mümkündür”
Bakı Dövlət Universiteti (BDU) ilahiyyat fakültəsinin müəllimi, ilahiyyat elmləri namizədi Qoşqar Səlimlinin dedikləri isə Şahsəddin İmanlının iddialarının çoxunu təkzib edir. Q.Səlimli Azərbaycanda “cin”, “şeytan” mövzularının son vaxtlarda dəbə mindiyini, ölkədə bunun təbliğatçılarının olduğunu deyir: “Bu təbliğatçılar kahinlər, cadugərlər, şarlatanlardır ki, onlar bu “iş”lə məşğul olmaqla çoxlu pullar qazanır. Hətta mən Bakıda yerləşən bir sıra xəstəxanalar və gözəllik salonları barədə eşitmişəm ki, səhərdən axşama qədər psixoloji cəhətdən narahat və xəstə olan insanların bu vəziyyətindən istifadə edərək öz təbliğatlarını aparırlar. Yəni, əgər indiyə qədər bu vəziyyətdən cadugərlər, kahinlər və falçılar istifadə edirdisə, indi bunu bir az savadlı yöndə edirlər. Belə şey olmaz, bu çox problemli bir işdir. İslamda gözəgörünməz aləmlə insanın etibarına keçməsi hər zaman yanlış hesab olunub. Kitab açanlar, falçılar, cadügərlər... bunlar hamısı fırıldaqçılardır. Onlar belə bir təsəvvür yaradırlar ki, guya o biri aləmlə əlaqədədirlər, xəbərləri var. Bu, böyük günahdır. Əgər Allah-təala lazım bilsəydi, insanlarla bu cür məxluqların arasını açardı. Yəni, biz cinlər, mələklər aləmini bilərdik, onlar da bizim aləmi bilərdi. İstər Qurani-Kərimdə, istərsə də peyğəmbərimizin (ə.s.) hədislərində bu barədə məlumatlar var, ancaq çox məhdud şəkildədir. Məsələn, Allah-təala Qurani-Kərimin “Ər-rəhman” surəsində buyurur: “Biz onları (yəni cinləri) tüstüsüz oddan yaratdıq”. Qurani-Kərimdə cinlərlə insanların yan-yana keçdiyi ayələr var. Quran təfsirçiləri və İslam alimlərinin gəldiyi qənaət belidir ki, cinlər insanlardan əvvəl yaranıb. “Cin” surəsindən isə məlum olur ki, peyğəmbərimiz (ə.s.) hər iki ümmətə göndərilib, yəni həm cinlər, həm də bəşəriyyət üçün. Bu həm də o deməkdir ki, cinlər də peyğəmbərimizin (ə.s.) təbliğindən məsuliyyət sahibidirlər. Biz bunu qəbul edirik. Bir şeyi də deyim ki, əgər bir müsəlman insan “cin-şeytan yalandır” desə, küfr etmiş olar. Çünki cin və şeytanın varlığı Qurani-Kərim və peyğəmbərin (ə.s.) hədisləri ilə sübut olunub. Buna inanmadığımız zaman peyğəmbərimizi (ə.s.) və Qurani-Kərimi inkar etmiş oluruq.
Cinlərin də kafiri, müsəlmanı var. Onlar da məsuliyyət sahibidir. Onlar da yeyirlər, içirlər, mələklərdən fərqli artırlar. Çünki mələklər məsuliyyət sahibi deyil, onlar nurdan yaranıb. Bəzən gözəl qız, ya da oğlan şəklini mələyə bənzədirlər, yaxud mələyi ona bənzədirlər. Bu, kökündən yanlışdır. Çünki mələklər gözəgörünməz olsa da, onlar özlərinə məxsus varlıqlardır və heç bir şeyə bənzəmirlər. Həmçinin cinləri də iri buynuzlu, uzun quyruqlu, yekə dişli varlıq kimi təqdim etməyə çalışırlar. Bu, bizə xristian və yəhudilərdən gələn bir şeydir. Əslində cinin tam təsəvvür edildiyi bir şey yoxdur. Buna baxmayaraq, cinlər heyvan şəklinə girə bilir. Peyğəmbərimizin (ə.s.) hədislərindən məlum olur ki, insan şəklinə də girə bilir. Ancaq cinlər insanlardan fərqlənir, müəyyən şeylərdə isə üstün xassələrlə yaradılıblar. Məsələn, cinlərin insanlardan çox yaşadığı, bir göz qırpımı müddətində insanın xeyli vaxt sərf edəcəyi işi görə bildiyi qeyd olunur. Ancaq məsələn, zəka və bu kimi digər xüsusiyyətlərdə isə insan cinlərdən üstündür. Hazırda falçı, cadugər və insanların duyğuları ilə oynayan bu kimi qruplar bunu elə təbliğ edirlər ki, guya cinlər insanlardan daha üstündür. Ancaq əslində belə bir şey yoxdur. Qurani-Kərimdə belə bir ayə var ki, “onların insan üzərində heç bir hakimiyyəti yoxdur”.
Bununla yanaşı, Q.Səlimli deyir ki, mənəvi cəhətdən zəif olan insanlar cinin təsiri altına düşə bilər: “Cinlər var. Biz onların vardığına müsəlman olaraq inanırıq. Baxmayaraq ki, onları görmürük. Biz, Allahı görmürük. Ancaq bu, o demək deyil ki, o yoxdur. Zatən imanın üstünlüyü odur ki, insan bir şeyi görmədən ona inanır. Müsəlman materialist deyil ki, hər şeyi görsün, hər şeyə əli ilə toxunsun. Müsəlmanın bir üstünlüyü ondadır ki, inamı olsun. Yoxsa hamı gördüyünə inanır. Önəmli olan görmədiyinə inanmaqdır”.
Müəyyən insanların cinlərlə əlaqəyə girərək digər şəxslərə zərər vurması mümkündür. Bəziləri isə yalandan “cinlə əlaqəyə girmə” görüntüsü yaradır. Bunu da Q.Səlimli deyir: “Qurani-Kərimdə bununla bağlı ayə var ki, cinlər bir insanla əlaqəyə girərək başqa insanlara zərər verə bilərlər. Məsələn, ərlə arvadın boşanmasında cindən istifadə olunur. Bu, şeytanın vəsvəsəsidir. Şeytan insana vəsvəsə verir, onu qızışdırır, onun mənəvi zəifliyindən istifadə edir. Əgər diqqətlə baxsanız, görərsiniz ki, boşanan insanların 90%-i dini, inanc yönündən zəif olan insanlardır. Dindar insanlar çox nadir hallarda boşanır. Onu da deyim ki, cinlər insanların həyatına mütləq dərəcədə deyil, müəyyən qədər girə bilirlər”.
Maraqlıdır, əgər insanlarla cinlərin ünsiyyəti olursa, bu, hansı formada baş verir? İlahiyyat elmləri namizədi bu barədə məlumatsız olduğunu deyərək, sualımızı cavabsız qoydu.
Həmsöhbətimiz cin və şeytanın müxtəlif varlıqlar olduğunu bildirdi: “İblis şeytanın təməl varlığıdır. Ancaq insanlar var ki, iblisdən betərdirlər”.
Səlimli onların sadəcə oddan və tüstüdən yaradıldığını bildiyini deyir: “Görünüşünün necə olduğunu bilmirəm. Cinlərin görünüşü barədə müxtəlif kitablarda yazılıb, ancaq bunlar, sadəcə ehtimallardır. Cinlərin və mələklərin görünüşü barədə mütləq şəkildə bir söz demək olmaz”.
İnsana zərər verə bilən cinlərlə bağlı tədbirlərə gəlincə, alim bunları söylədi: “İnsanların onların şərindən qorunmağının ən yaxşı yolu “Bəqərə” surəsini və həmin surədəki “Ayətül-kürsü”nü çox oxumaqdır. Ümumilikdə isə insan mənəvi aləmini zəngin tutmalı, Allah-təala ilə irtibatını kəsməməlidir”.
Bəzi insanların gözünə hansısa varlıqların görünməsi, qeyri-normal səsləri eşitməsi və s. hallarla bağlı isə Q.Səlimli bunları bildirdi: “Bunlar insanın psixiatrik tərəfi ilə bağlı olan məsələlərdir. Belə şəxslərin həkimə müraciət etməsinin tərəfdarıyam. Bir də, insanlar falçı, cadugər və bu qəbildən olan digərlərinin yanına getməsinlər, Allaha güvənsinlər. Bu qədər bəsitdir”.
“Həmin vaxt 12 yaşım vardı...”
Yazını hazırlayarkən cin səsi duyduğunu və cinlərin yaxın qohumlarına əziyyət verdiyini deyən bir nəfərlə də söhbətləşdik. 28 yaşlı Səlimə (ad dəyişdirilib) adlı xanım 16 il əvvəl cin səsi eşitdiyini deyir: “Həmin vaxt 12 yaşım vardı, gecə saat 3 radələrində qulağıma təzə anadan olmuş çağa səsi gəldi. Bibimə bu barədə bildirəndə mənə dedi ki, qonşunun uşağının səsidir. Mən illər keçəndən – 15 ildən sonra öyrəndim ki, bibim bunu məni qorxutmamaq üçün deyib. 15 ildən sonra bibim mənə dedi ki, həmin vaxt ətrafda 3 qonşu olub, onlardan isə heç birinin evində körpə uşaq olmayıb. Mən bunun cin səsinin olduğuna inanmazdım, bəlkə heç bu barədə düşünməzdim də. Ancaq bilirdim ki, bibimə də, nənəmə də onlar əziyyət verir...“
Səlimə cinlərin onun ölkənin cənub bölgəsindəki rayonlardan birində yaşayan nənəsinə əziyyət verdiyini isə belə xatırlayır: “Yazıq arvadı ölənə qədər dinc qoymayıblar. Nənəm sonralar bunun səbəbini də öyrənib. Sən demə, babamla nənəmin ev tikmək üçün seçdiyi yer cinlərin məskən saldığı yer olub. Cinlər bundan çox qəzəblənərək nənəmi cavan vaxtından qorxutmağa başlayıb. Ancaq illər keçdikcə nənəm bütün günü evdə dolaşan cinlərə öyrəşməyə başlayıb. Hətta onlarla sanki qonşu qadınla söhbət edirmiş kimi danışırmış da. Nənəm ölənə qədər cinlər ondan əl çəkməyib, həmişə deyirmişlər gedin burdan... Babam isə onların toy mərasimini görüb. Bu, gecə saatlarında baş verib. Cinlər onların həyətindəki damda çalıb-oynayırmış...”
Bunlar hallüsinasiya imiş...
Respublikanın baş psixoloqu, professor Nadir İsmayılov insanların gözünə nələrinsə görünməsini, həmçinin səs eşitməsini istisna etmir. Əksinə, o, bunu mümkün sayır: “Olmayan nəyisə görmək tibbi dildə “görmə hallüsinasiyaları” adlanır. Görmə hallüsinasiyaları adətən ruhi xəstələrdə olur. Söhbət nevrozlardan deyil, əsl ruhi xəstələrdən gedir. Məsələn şizofreniya xəstələrində, travmatik psixozlarda, alkoqoloik psixozlarda və s. xəstələrdə olur. Bu zaman həmin insan cin də, vəhşi heyvan da, əcaib məxluq da görə bilər. Bu o deməkdir ki, həmin adamlar xəstədir. Bundan başqa, emosinal həssas adamlar da var ki, onlar yuxuda, mürgüləyəndə və başqa vaxtlarda nələrsə görə bilərlər. Belə adamlar, məsələn, nənəsinin danışdığı nağıldakı bədheybət obrazını gözü qarşısına gətirə bilər. Bu, başqa məsələdir, ancaq belə adamlara da psixoloji yardım, psixoterapevtik yardım tələb olunur. Əslində isə “cin” deyilən anlayış yoxdur axı. Bu anlayış kimisə qorxutmaq üçün hallüsinasiyanın ekvivialenti kimi ortaya çıxan bir termindir. Əslində cin və şeytanı heç kim görməyib, görə də bilməz. Bunun yalnız xəyalən canlandırılması mümkündür. 90% hallarda isə bu, ruhi pozuntu ilə əlaqədar olur“.
N.İsmayılov qulağa səs gəlmə, toxunma və s. bu kimi hallarla bağlı da danışdı: “Bunlar da hallüsinasiya sayılır. Ümumilikdə isə hallüsinasiyanın 5 növü var. Bunlara eşitmə, görmə, qoxu, dad və taktil (dəri) hissiyatı ilə aldadıcı informasiyaların qəbul olunması aiddir. Ümumiyyətlə, hallüsinasiya - olmayan obrazları görməyə, hiss etməyə deyilir”.
O ki qaldı Şahsəddin İmanlının “təmizləmə” prosesindən sonra mən özümdə hansısa dəyişiklik hissim edib-etmədiyimə... Yox, heç nə dəyişmədi...
Pərvin ABBASOV
[email protected]

6378